Con Lokk (, ; ) — İngiltərə filosofu və həkimi. O, adətən Maarifçilik dövrünün ən təsirli mütəfəkkirlərindən biri hesab edilir və "liberalizmin atası" olaraq tanınır.

Lokk Ser Frensis Bekonun ənənəsini izləyərək İsaak Nyuton (1642–1727) və Devid Yum (1711–1776) ilə birlikdə ilk britaniyalı empirik filosoflarından biri hesab edilir. O, sosial müqavilə nəzəriyyəsinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Lokk Tomas Hobbs (1588–1679) və Yum ilə birlikdə Maarifçilik dövrünün ilk kontraktualistlərindəndir. Onun fəaliyyəti epistemologiya və siyasi fəlsəfənin inkişafına böyük dərəcədə təsir göstərmişdir. Onun yazıları Volter (1694–1778) və Jan Jak Russoya (1712–1778), Maarifçilik dövrünün şotland mütəfəkkirlərinin əksəriyyətinə, o cümlədən amerikan inqilabçılarına təsir etmişdir. Onun klassik respublikaçılıq və liberal nəzəriyyəyə verdiyi töhfələr Birləşmiş Ştatlar İstiqlaliyyət Bəyannaməsində əks olunur.

Lokkun idrakın nəzəriyyəsi müasir kimlik və mənlik anlayışlarının mənşəyi kimi qəbul edilir. Onun bu nəzəriyyəsi növbəti illərdə yaşamış Jan Jak Russo, Devid Yum və İmmanuel Kant (1724–1804) kimi filosofların əsərlərində istifadə edilmişdir. Lokk özü şüurun arasıkəsilməzliyi ilə izah edən ilk adam idi. O, doğulanda insan ağlının boş vəziyyətdə və ya tabula rasa olduğunu postulatlaşdırmışdır. Əvvəlcədən mövcud olmuş anlayışlara əsaslanan Dekart fəlsəfəsinin əksinə, o, insanların fitri ideyalar olmadan dünyaya gəldiyini və bunun əvəzinə, biliyin mənanın qavranılmasından törəyən təcrübə ilə müəyyən edildiyini irəli sürmüşdür. Bu konsepsiya indiki dövrdə empirizm adlanır. Müşahidələrində bir şeyin təkrarlanan surətdə sınaqdan keçirilə bildiyini və heç nəyin təkzib edilməkdən azad olmadığını irəli sürən elm ideologiyasını nümayiş etdirən Lokk demişdir: "Mənim nə yazdığımdan asılı olmayaraq, onun həqiqət olmadığını aşkar etdiyim vaxt əlim onu yanğına atacaq ən qabaqcıl [vasitə] olacaq". Bu, Lokkun empirizm inancının nümunələrindən biridir. Digərlərinin işlərini mübahisə mövzusuna çevirən Lokkun daxili müşahidə, yəni öz-özünün hiss və davranışlarını təhlil etmə metodu formalaşdırdığı iddia edilir.

Həyatı və işləri

Erkən həyatı Con Lokk 29 avqust 1632-ci il tarixində, Böyük Britaniyanın Bristol şəhərindən təqribən uzaqlığında, Somerset qraflığının Rinqton kəndində, kilsə yanındakı küləşlə örtülmüş kiçik bir kottecdə anadan olmuşdur. O, valideynlərinin hər ikisi də puritan olduğundan həmin gün xaç suyuna salınır. Lokkun atası – Con Çu-Maqda kəndindəki beynəlxalq hakimə məmur, İngiltərədə vətəndaş müharibəsinin ilkin dövrlərində parlament qüvvələrinin kavaleriya kapitanı kimi xidmət göstərən bir müvəkkil idi. Onun anası Aqnes Kin idi. Lokkun Tomas adlı kiçik qardaşı var idi. Lokk olduqca zəngin bir ailədən gəlirdi. Onun babası Nikolas Lokk vaxtilə var-dövlət əldə etmiş və bir parça emalatxanası açmışdır. Lokkun anadan olmasından çox keçməmiş onun ailəsi Bristolun təqribən cənubunda olan Pensford bazar şəhərinə köçür. Lokk Pensfordun şimalında olan Bellutonda yerləşən tüdor evində böyümüşdür.

Lokk 1647-ci ildə parlament üzvü və atasının keçmiş komandiri Aleksandr Pophemin maddi yardımı ilə London şəhərində yerləşən prestijli Vestminister məktəbinə yazdırılır. Oradakı təhsilini bitirən Lokk 1652-ci ilin payızında, 20 yaşında ikən Oksford Universitetinə bağlı Krayst-çerç kollecinə qəbul olunur. Lokk, bacarıqlı tələbə olmasına baxmayaraq, dövrün tələbə kurikulumuna qıcıqlanırdı. O, universitətdə tədris edilən klassik material düşüncəyə əvəzinə, Dekart və Pyer Qassendi kimi müasir filosofların əsərlərinə daha çox maraq göstərirdi. Lokk həmçinin, latın və qədim yunan dillərini, o cümlədən sxolastika öyrənir.

Lokk tələbə vaxtlarından daha çox digər universitetlərdə, o cümlədən gələcəkdə üzvlərindən biri olacağı Kral Cəmiyyətində öyrədilən tibb və həmin dövrdə meydana çıxan eksperimental fəlsəfə ilə maraqlanırdı. O, Vestminister məktəbindən tanıdığı dostu Riçard Louer vasitəsilə onlarla yaxından tanış olur. Lokk tez-tez Louerin qeyri-rəsmi mühazirələrini dinləyər, təbii elmlərlə təcrübə aparardı.

Lokk Oliver Kromvelin edam edilməsi ilə II Karlın hakimiyyətinin bərpa edilməsini dəstəkləyir. O, həmin dövrdə Krayst-çerçdəki tələbələrdən olan Edvard Beşouya iki esse yazır və burada xalqın dinini sadəcə vətəndaş cəmiyyətinin seçə biləcəyini irəli sürür. Fransa filosofu Simona Qoyar-Fabra görə, bu yazılar Tomas Hobbsunkuna bənzər fikirlərin ifadəsidir.

Lokk 1658-ci ilin iyun ayında magistr dərəcəsi ilə, 1659-cu ildə isə bakalavr dərəcəsi ilə məzun olur. O, 1665-ci ildə ser Volter Veyn ilə birlikdə indiki Almaniya ərazisində yerləşən Kleve şəhərinə gedir ki, Brandenburq kürfürstü I Fridrix Vilhelm ilə danışıqlar aparsın, lakin o, təhsilini davam etdirmək üçün həmin il Oksforda qayıdır. O vaxta qədər Oksfordda tibb mövzusu üzrə geniş tədris almış, həmçinin Louerə əlavə olaraq, Robert Boyl, Tomas Uillis, o cümlədən Robert Huk kimi alim və mütəfəkkirlər ilə birlikdə çalışmış olan Lokk 1675-ci ilin fevral ayında tibb üzrə bakalavr dərəcəsi qazanır. Lokk daha sonra Oksford Universitetində lektorluq etməyə başlayır. O, 1660-cı ildən sonra yunan dili, 1662-ci ildən sonra retorika, 1663-cü ildən sonra isə etika üzrə lektorluq edir.

Lokkun atası 17 fevral 1661-ci ildə vəfat etdikdən sonra o, bir neçə torpaq sahəsi və kottecə varis olmuşdur. Bu, onun gənc yaşlarında dövrün ingilis cəmiyyətində torpaq sahibi təbəqəsinə yüksəltmişdi.

Şeftsberiyə xidmət etməsi 250px|right|thumb|Con Lokkun anadan olduğu kottec evi.

Qaraciyərinin yuxarısındakı kistadan əziyyət çəkən I Şeftsberi qrafı Entoni Eşli-Kuper müalicə almaq üçün 1666-cı ildə Oksforda gəlir, Lokk isə bu zaman onunla tanış olur. Şeftsberinin vəziyyəti kritikləşir. Lokk Şeftsberi ilə əməliyyat olunması üçün danışır və buna nail olur. Şeftsberi bu əməliyyatdan sağ çıxır və Lokkun onun həyatını xilas etdiyini bildirir. Şeftsberi ona tövsiyə edir ki, öz tibb bacarığını qiymətləndirsin. Lokkun Şeftsberi ilə tanış olması onun həyatında açar nöqtədir. Lokk o vaxtlarda iş axtarırdı və 1667-ci ildə Şeftsberinin şəxsi həkimi olaraq işləmək üçün onun Londondakı evinə köçür. Əlavə olaraq, Lokka gələcəkdə mənəvi filosof olacaq III Şeftsberi qrafı Entoni Eşli-Kuper də daxil olmaqla qrafın nəvələrinin təhsillərinə nəzarət etmək vəzifəsi verilir. Lokk Londonda olarkən Tomas Sidenhemin rəhbərliyi ilə tibbi araşdırmalarına davam etmişdir ki, Sidenhamın Lokkun təbii fəlsəfi ağlına əhəmiyyətli təsiri olmuşdur.

Lokk 1668-ci ildə London Kral Cəmiyyətinin, 1669-cu ildə isə onun şurasının üzvü seçilir. 1668-ci ildə Lokk "Tolerantlıq haqqında məktub" əsərini yazır ki, o, burada 1660–1662-ci illərdə yazdıqlarının əksinə tərəfkeşlik edir. 1669–1675-ci illərdə o, Karolinada qurulmuş müstəmləkədə inzibatçılıq işləri görür. Şeftsberi vəzifəsindən azad edilməzdən bir ay əvvəl İngiltərə hökumətinə bağlı ticarət və plantasiyalar şurasının katibi təyin edilir. Buna görə də Şeftsberi və Lokk Amerikanın müstəmləkələşdirilməsində və Amerika kölə ticarətində iştirak edir, kölə ticarəti ilə məşğul olan Kral Afrika Kompaniyasına yatırımlar edirdi.

Viq hərəkatının qurucusu olan Şeftsberinin Lokkun siyasi ideyaları üzərində böyük təsiri olmuşdur. Lokk Şeftsberinin 1672-ci ildə lord-kansler seçilməsi ilə siyasətdə iştirak edir. O, Şeftsberinin siyasi gücünün 1675-ci ildə zəifləməsindən sonra Fransaya köçür, deputat Kaleb Benks ilə birlikdə ölkəni müəllim və tibbi köməkçi olaraq gəzir. Lokk 1676-cı ilin yanvar ayından 1677-ci ilin fevral ayına qədər Monpelyedə qalır ki, o, bu zaman dövrün tanınmış protestant həkimləri olan Şarl Barbeyrak və Pyer Manol, o cümlədən Dekartın ardıcılı olan Pyer-Silven Reji ilə görüşür. O, 1677-ci ilin fevralında Monpelye şəhərini tərk edir, Tuluza və Bordo şəhərlərinə səyahət edir, iyun ayında isə Paris şəhərinə çatır. O, burada fəlsəfə üzərində işləməyə davam edir və Dekartın əsərlərinin fransızca olan buraxılışlarını oxuyur.

Lokk Şeftsberinin siyasi təsiri 1679-cu ildə qısa bir müddətə bərpa olunduğu zaman İngiltərəyə geri dönür. O, bu dövrdə "Dövlətin iki traktatı" əsərini yazır. Əvvəllər düşünülürdü ki, Lokk bu əsəri 1688-ci ildə baş vermiş Şanlı inqilabı dəstəkləmək üçün yazmışdır, ancaq bəzi müasir alimlər irəli sürüb ki, bu əsər həmin tarixdən əvvəl ərsəyə gətirilib. Əsər indiki dövrdə, xüsusilə də Robert Filmer və Tomas Hobbsun fikirlərinin əksinə, mütləq monarxiyanın əleyhinə və siyasi legitimliyin əsasını fərdin razılığının təşkil etməsi anlayışının lehinə ümumi arqument kimi qəbul edilir. Baxmayaraq ki, Lokk təsir dairəsi geniş olan Viqlərlə əlaqələndirilir, onun təbii hüquqlar və dövlət haqqında olan ideyaları müasir dövrdə İngiltərə tarixinin o dövrü üçün olduqca inqilabi olduğu hesab edilir.

Hollandiyaya köçməsi 250px|thumb|Con Lokkun portreti. Müəllif: Con Qrinhill.|alt=|leftİngiltərə 1679-cu ildə kralın varisliyi məsələsinə görə ciddi bir siyasi böhrana daxil olur. Bundan əlavə, Şeftsberi və onun yoldaşları II Yakovun taxta çıxmasını istəmirdi. Elə bu kontekstdə də Papa sui-qəsdi gerçəkləşir. Yeni bir mütləqiyyətçi monarxdan qorxan Şeftsberi "Çıxarılma haqqında qanun"u təsdiqlətmək istəyir. Lakin II Karlın parlamenti buraxması nəticəsində bu plan uğursuz olur. Beləliklə, Viqlər iki yerə – moderatlar və Şeftsberiyə qoşulan radikallara bölünür. II Karl daha sonra Şeftsberini xəyanətlə təqsirləndirməyə cəhd edir. Təhlükə altına düşdüyünü hiss edən Şeftsberi 1682-ci ildə Hollandiyaya qaçır.

Artıq daha sonra Viqlərə çevriləcək bir qrupun lideri olan Şeftsberi Ray-Haus planı adında bir dövlət çevrilişinə cəhd edir. Plana əsasən, II Karl və II Yakov qətlə yetiriləcəkdi. Ancaq bu plan axırda uğursuz olur. Lokk Şeftsberi və yoldaşlarının əməllərindən xəbərdar idi. Lakin onun planda birbaşa iştirakına aid heç bir tutarlı dəlil yoxdur. Əksinə, analitiklərin fikrincə, o, plandan əlindən gəldikcə yayınmağa çalışırdı. Həmçinin, qəsdçilərdən heç biri Lokkun bu planda iştirak etdiyi deməmişdir. Lokkun Şeftsberi ilə olan münasibəti və onun dostlarının çoxunun siyasi fəal olduğuna və iştirakçılarının bir neçəsinin onun dost-tanışı olduğuna görə, Lokk bu planın iştirakçılarından biri olduğu şübhəsi altında qalır. Böyük Britaniya tarixşünası Devid Vuton qeyd edir ki, "Lokkun Ray-Haus planında iştirak etməsinə aid heç bir təkzibedilməz bir sübut yox idi və hələ də yoxdur. Fəqət hər şey bunu[n gerçək olduğunu] göstərir". Hakimiyyət onun qəsdçilərdən biri olmasından şübhələnirdi ki, buna görə də Lokk təqib edilməyə başlayır. Özünə zərər gəlməsindən qorxan Lokk buna görə bir müddət İngiltərədə gizlənsə də, 1683-cü ilin sentyabrında Hollandiyaya qaçır.

1684-cü ildə Krayst-çerç kollecinin dekanı II Yakovun təzyiqi ilə Lokku kollecdən qaibanə xaric edir. Ömrü boy Oksford Universitetinin qətiyyətli bir üzvü olan Lokk bu qərara etiraz edir. Lokkun Oksforda olan rəğbəti qarşılıqlı deyildi. Ray-Haus planının uğursuzluğundan sonra Oksford Universiteti 21 iyul 1683-cü il tarixində Roberto Bellarminin "Papanın gücü" və "Şura və kilsə mübarizi", Corc Bükenenin "Şotlandiya qanunları", Con Miltonun "İkonoklast" və "İngiltərə xalqının müdafiəsi", Riçard Baksterin "Müqəddəs birlik", Tomas Hobbsun "Vətəndaş haqqında" və "Leviafan" əsərləri kimi "şahzadələrin, onların dövlətinin və hökumətinin və bütün insan cəmiyyətinin müqəddəs şəxsləri üçün dağıdıcı olan bəzi zərərli kitablara və lənətə gəlmiş doktrinalar"ı təbliğ edən, yəni kralların ilahi hüququna qarşı çıxan bütün kitabları ictimai formada yandırmaq qərarını alır. Bu kitabların demək olar hamısı Lokk tərəfindən sevilirdi. Bundan savayı, 1684-cü ildə universitetdə çalışan bir çox professor Lokku stüartlara qarşı düşmənçilik etməklə ittiham edir.