Əbülfəz Adəm oğlu Qurbanlı () — azərbaycanlı insan hüquqları fəalı; Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini (2013–2015); NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü (2017–2018); "Article 54" İctimai Birliyinin təsisçisi və rəhbəri (2021-).
Həyatı Əbülfəz Qurbanlı 1982-ci il sentyabrın 15-də İmişli rayonunun Xəlfəli kəndində anadan olub. 1999-cu ildə Q. Mərdəliyev adına Xəlfəli kənd orta məkbətindən məzun olub. 2000–2004-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-İnformasiya fakültəsində təhsil alıb. 2004–2006-cı illərdə həmin univetsitetdə magistr dərəcəsi alıb.
Ailəlidir, 2 övladı var.
İctimai-siyasi fəaliyyəti Əbülfəz Qurbanlı 20 yaşından ictimai-siyasi proseslərə qoşulub. 2003-cü ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sıralarına üzv olub. 2009-cu ildə AXCP Gənclər Komitəsinin sədri seçilib. Komitənin sədri olduğu müddətdə gənclərin siyasi proseslərə cəlb edilməsi, Gənclər Komitəsinin yenidən formalaşması və sıralarının böyüməsi istiqamətində önəmli pay sahibi olub, bir sıra genişmiqyaslı mitinqlərin və kütləvi etiraz aksiyalarının təşkilatçısı olub.
2013-cü il dekabrın 22-də AXCP Gənclər Komitəsinin I Respublika Konfransında dörd il sədri olduğu və formalaşmasında önəmli pay sahibi olduğu AXCP Gənclər Komitəsinin sədri vəzifəsindən ayrılaraq AXCP sədr müavini vəzifəsinə təyin ediıib.
2010–2013-cü illərdə "Azadlıq" qəzetində müəllif yazıları ilə çıxış edib.
2010-cu il parlament seçimlərində AXCP-Müsavat siyasi partiyalar blokunun, 2013-cü il prezident seçimlərində isə Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi olub.
Əbülfəz Qurbanlı, 2017–2018-ci illərdə NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü olub. 2019-cu ildə Ukraynada keçirilən prezident seçkilərində beynəlxalq müşahidəçi olaraq seçki prosesini izləmişdir. 2018-dən 2021-ci ilədək Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində (SMDT) regional menecer və "Gözətçi" adlı platformada Hüquqi yardım üzrə koordinator olaraq fəaliyyət göstərmişdir. "Gözətçi"də yerli insan hüquqları fəallarının yerli səviyyədə səfərbərliyi, yerli insan hüquqları fəallarının ehtiyac və bacarıqları üzrə təlimlərin təşkili, hüquqi yardım proseslərinin idarə olunması, könüllülərlə bağlı siyasət və prosedurların hazırlanması, seçki monitorinqi və hüquq müdafiəsi üzrə dəstəyin göstərilməsi, qısa və uzunmüddətli seçki müşahidəçiyinin təşkili və s. fəaliyyətləri həyata keçirmişdir.
2021-ci ildə isə o, Artikl 54 İctimai Birliyini yaratmışdır. Artikl 54 İctimai birliyi Azərbaycan Konstitusiyasının 54-cü maddəsində qeyd olunan "vətəndaşların dövlətin və cəmiyyətin həyatında iştirak hüququ"na istinadla, vətəndaşların ictimai qərarların qəbulunda fəal iştirakını təşviqedən qeyri-kommersiya təşkilatıdır. Əbülfəz Qurbanlı bu təşkilatın həm təsisçisi, həm də icraçı direktoru kimi fəaliyyət göstərir.
Həbsləri Əbülfəz Qurbanlı ictimai-siyasi fəaliyyəti ərzində dəfələrlə polislər tərəfindən saxlanılmış, inzibati qaydada azadlıqdan məhrumetmə cəzaları almışdı.
2009-cu il mayın 8-də gənclərin "Gül bayramı"na etirazı ərəfəsində, metronun "28 May" stansiyasının yaxınlığında saxlanılaraq naməlum istiqamətə aparılıb. Mayın 9-da İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 10 gün müddətətə inzibati həbs cəzası seçilib. 2010-cu il mayın 15-də Azadlıq blokunun "Nərimanov" kinoteatrının qarşısında seçkiqabağı demokratik şəraitin yaradılması tələbilə baş tutan aksiyası zamanı saxlanılıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 5 gün müddətətə inzibati həbs cəzası seçilib. 2010-cu il iyunun 10-da Demokratiya Uğrunda İttifaqın (DUİ) metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında seçkiqabağı demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində islahatların aparılması tələbilə baş tutan aksiyası zamanı saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 10 gün müddətətə inzibati həbs cəzası seçilib. 2013-cü il yanvarın 26-da Sahil bağında gənclərin "Silahları üstümüzdən çəkin!" aksiyası zamanı saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 gün müddətətə inzibati həbs cəzası seçilib.
İstinadlar
Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinləri Kateqoriya:NİDA Vətəndaş Hərəkatının üzvləri