Əbu Məhəmməd Əmr ibn Dinar əl-Məkki əl-Cumahi (; ) — tabiin dövrünün Məkkə fəqihlərindən, müfəssir və mühəddis.
Bioqrafiyası Əslən iranlı olub, hicri 45-ci (665) və ya 46-cı (666) ildə anadan olmuşdur. Ərəb qəbiləsi Cumahinin himayəsində olan məvalidir.
Ağzında yalnız bir dişi olduğu üçün ləqəbi "əl-Əsrəm"dir. Əbadilə başda olmaqla Cabir ibn Abdullah, Əbu Hüreyrə, Bəra ibn Azib kimi qabaqcıl səhabələrdən, Səid ibn Müseyyib, Səid ibn Cübeyr, Tavus ibn Keysan, Mücahid ibn Cəbr, İkrimə əl-Bərbəri, Vəhb ibn Münəbbih, Əta ibn Əbu Rəbah, Əta ibn Yəsar və Səlim ibn Abdullah kimi tabiinlərdən hədis dinləmişdir. Fiqh və hədisdə təmayüz etmişdir.
Əta ibn Əbu Rəbahdan sonra Məkkədə 30 il fətvai-mərcii olmuşdur. Əli ibn Mədini onu hədis sahəsində əsər qələmə alan ilk altı şəxsdən (İbn Şihab, Əmr ibn Dinar, Qətadə, Yəhya ibn Əbu Kəsir, Əbu İshaq, Əməş) biri kimi qeyd edir. Əmr ibn Dinarın rəvayətlərinin "siqa" olması haqqında bütün hədis tənqidçiləri həmfikirdirlər. Süfyan ibn Uyeynə ondan eşidiyi bir hədisi başqasından eşidəcəyi iyirmi hədisdən üstün tutduğunu demişdir.
Əmr ibn Dinar əksik buraxılmaması şərti ilə hədislərin məna olaraq nəqlini icazəli saymışdır. Digər tərəfdən, daha sonra təhrif edilə biləcəyi qorxusu ilə öz fikirlərinin yazılmasını istəməmişdir. Cəfər əs-Sadiq, Malik ibn Ənəs, Şöbə ibn Həccac, Qətadə, İbn Cüreyc, İbn Əbu Nəcih, Əyyub əs-Sixtiyani, Süfyaneyn (Süfyan əs-Səvri və Süfyan ibn Uyeynə), Həmmadeyn (Həmmad ibn Sələmə və Həmmad ibn Zeyd) kimi görkəmli alimlər ondan hədis rəvayət etmişlər.
Mənbələrdə, həm fiqh, həm də hədis sahələrində müasirlərinin bir çoxundan üstün olduğu qeyd edilmişdir. Əmr ibn Dinarın şiə olduğu deyilsə də, bu doğru deyildir.
Onun vəfat tarixi haqqında müxtəlif məlumatlar vardır.
İstinadlar
Kateqoriya:Tabiinlər