Azərbaycan milli həndbol komandası — ölkəni beynəlxalq həndbol oyunlarında təmsil edən Azərbaycanın milli komandasıdır. Komanda Azərbaycan Həndbol Federasiyası tərəfindən idarə olunur.
Tarix Azərbaycanın kişi həndbol yığması indiyədək əsas beynəlxalq turnirlərdə iştirak etməyib. Komanda kişi Avropa çempionatının təsnifat mərhələlərində çıxış etsə də, hələlik final mərhələsinə yüksələ bilməyib. 2005-ci ildə Azərbaycan yığması Məkkədə keçirilən 2005 İslam Həmrəyliyi Oyunları çərçivəsində həndbol turnirində ilk dəfə iştirak etdi. Qrup mərhələsində Tunisə 29:42 və Bəhreynə 28:38 hesabı ilə uduzaraq yarışdan kənar qaldı. 2017-ci ildə Bakı şəhərində keçirilən 2017 İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandası Pakistani 43:36 hesabı ilə məğlub etsə də, Səudiyyə Ərəbistanına 31:38 və Əlcəzairə 22:25 hesabı ilə uduzdu. Qrupda 3-cü yeri tutan yığma 5–6-cı yerlər uğrunda oyunda Mərakeşi 31:25 hesabı ilə məğlub etdi.
2021-ci ildə Konya şəhərində baş tutan 2021 İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandası qrup mərhələsində Türkiyəyə 19:29 və İrana 20:42 hesabı ilə uduzdu. 5–6-cı yerlər uğrunda oyunda isə Mərakeş texniki məğlubiyyət alaraq Azərbaycan 10:0 hesabı ilə qalib sayıldı. Azərbaycan yığması üç dəfə İnkişaf etməkdə olan ölkələrin həndbol çempionatında iştirak edib. Bu turnir həndbolun yüksək səviyyəyə çatmadığı ölkələr üçün təşkil olunur. 2017-ci ildə Bolqarıstanda keçirilən 2017 İnkişaf etməkdə olan ölkələrin kişi həndbol çempionatında Azərbaycan Andorranı 31:23 hesabı ilə məğlub etsə də, Bolqarıstana 34:41 və Kiprə 28:32 hesabı ilə uduzdu. 9–16-cı yerlər uğrunda pley-off mərhələsində Azərbaycan yığması Ermənistanı 39:21, İrlandiyanı 41:33 hesabı ilə məğlub etdi, lakin Moldovaya 31:45 hesabı ilə uduzaraq 10-cu yerdə qərarlaşdı. 2019-cu ildə Tiflisdə keçirilən 2019 İnkişaf etməkdə olan ölkələrin kişi həndbol çempionatında Azərbaycan qrup mərhələsində Hindistanı 45:29 hesabı ilə məğlub etsə də, Kolumbiyaya 30:35, Böyük Britaniyaya 35:36, Kubaya 26:31 və Çinə 26:35 hesabı ilə uduzdu. 9–12-ci yerlər uğrunda pley-offda Maltanı 37:22 hesabı ilə məğlub edən yığma Hindistana bu dəfə 28:46 hesabı ilə uduzaraq 10-cu yeri tutdu.
2023-cü ildə Varnada keçirilən 2023 İnkişaf etməkdə olan ölkələrin kişi həndbol çempionatında Azərbaycan yığması qrup mərhələsində Bolqarıstana 19:30, Nigeriyaya 17:35 hesabı ilə uduzdu. 9–12-ci yerlər uğrunda mərhələdə isə Qvatemalaya 20:28 və yenidən Maltaya 20:31 hesabı ilə məğlub olaraq sonuncu – 12-ci yerdə qərarlaşdı.
İHF İnkişaf etməkdə olan Millətlər Çempionatında nəticələri 2017 — 10-cu yer 2019 — 10-cu yer 2023 — 12-ci yer 2025 — 8-ci yer
İslam Həmrəyliyi Oyunları 2017 İslam Həmrəyliyi Oyunlarında həndbol — 5-ci yer 2021 İslam Həmrəyliyi Oyunlarında həndbol — 6-cı yer
İstinadlar
Xarici keçidlər Rəsmi sayt İHF profil səhifəsi
Kateqoriya:Azərbaycan milli idman komandaları Kateqoriya:Azərbaycanda həndbol