Molla Nur — XIX əsrin birinci yarısında Quba və Dərbənddə fəaliyyət göstərmiş azadlıqsevər və sosial ədalət naminə çıxış edən silahlı dəstə başçısı.

Həyatı Molla Nur XIX əsrdə Qafqaza səfər etmiş bir çox rus hərbçi və səyyahları tərəfindən Azərbaycan xalqının qonaqpərvər və azadlıqsevər ruhunu təcəssüm etdirən şəxsiyyət kimi təqdim olunmuşdur. Onun şöhrəti haqqında Vladimir Dal bəhs etmişdir. Rus yazıçısı və səyahətçisi Nemiroviç-Dançenko onun xalq arasında nüfuz və hörmət sahibi olduğunu, Dərbənd keçidində onunla qarşılaşmasından bəhs edərək Molla Nuru xalq qəhrəmanı adlandırmışdır. Rus qafqazşünası Potto və yazıçı Bestujev-Marlinski də onun haqqında qəhrəmanlıqla yanaşı, rus ziyalılarına göstərdiyi humanist münasibətləri qeyd etmişlər. Bestujev-Marlinski 1834-cü ilin aprelində Qubada olarkən məşhur qaçaq Molla Nur haqqında el arasında gəzən söhbətləri şəxsi gündəliyinə qeyd etmiş, onun müxtəsər həyat tarixçəsini öz dilindən qələmə almışdı. Onun "Molla Nur" adlı romantik povestində bu obraz azadlıq və ədalət uğrunda mübarizə aparan bütöv şəxsiyyət kimi təqdim olunur. Yazarın "Quba yolu" oçerkində verdiyi məlumatlara görə, Molla Nur təkbaşına və ya azsaylı yoldaşları ilə Qubadan Şamaxıya və Dərbəndə gedən ticarət karvanlarının yolunu kəsir, amma heç vaxt zəhmətkeş və ya yoxsul insanlara toxunmurdu. Berezinin sözlərinə görə, Molla Nur orta əsrlər cəngavərinə bənzəyirdi – o, cəmiyyətin qanunlarını tanımır. Qeyd olunur ki, Molla Nurun həyat yoldaşı Gülşad xanım da onunla bərabər vuruşub.

Professor Tofiq Rüstəmovun fikrincə, Molla Nur obrazı şəxsi motivlərdən ziyadə, sosial motivlərlə çıxış edən bütöv bir şəxsiyyətdir. O, bu obrazın Fridrix Şillerin üsyankar qəhrəmanları ilə eyni ideya xəttini daşıdığını qeyd etmişdir. Rus tənqidçisi Vissarion Belinski də Molla Nurun alicənablığını və istibdada qarşı mübarizəsini yüksək qiymətləndirərək onu "tatarların Karl Mooru" adlandırmışdır. Xalq arasında formalaşan rəvayətlərə görə, o, varlı tacirlərdən və insafsız adamlardan aldığı malın və qızılın müəyyən hissəsini kəndlərdəki ehtiyac içində yaşayan yoxsullara, taxılsız qalmış ailələrə paylayırdı. Rüstəmov vurğulayır ki, Molla Nurun dürüstlüyü, verdiyi sözə sadəqəti və mərdliyi onun adı ətrafında "şərq cəngavəri" obrazının yaranmasına səbəb olmuşdu.

Molla Nur rus çarizminə qarşı mübarizəsinə görə Omsk həbsxanasına salınmış, burada dörd il (1850–1854) dünya şöhrətli yazıçı Fyodor Dostoyevski ilə birlikdə cəza çəkmişdir. "Aslan", "Qafqaz pələngi" adlandırılan bu azərbaycanlı igid öz cəsarəti və mənəvi qüdrəti ilə Dostoyevskinin rəğbətini qazanmış, yazıçı sonralar onun xarakterindən bəzi əsərlərində ilham almışdır.

Bədii ədəbiyyatda

"Molla Nur", rus romantizm dövrünün tanınmış yazıçısı və dekabristi Bestujev-Marlinski (1797–1837) tərəfindən qələmə alınmış qısa povestdir. Bu əsər müəllifin ən güclü və bədii cəhətdən kamil əsərlərindən biri hesab olunur. Əsərin süjeti Azərbaycan həyatından alınmış real hadisələrə əsaslanır. Bestujev-Marlinski Qafqaz hekayələrində tez-tez tutqun hisslərə, dərin ehtirasa sahib romantik qəhrəmanlar yaratmışdır. Lakin "Molla Nur"da o, təkcə "mərd quldur" obrazını deyil, xalq içindən çıxmış, ədalətsizliyə və feodal zülmünə qarşı çıxan bir insanı göstərir. Əsərin qəhrəmanı Molla Nur, varlı mollalara və zalım bəylərə qarşı baş qaldıran, sadə insanların haqq səsini ucaldan bir xalq obrazıdır. Onun obrazında yazıçı sosial ədalətsizliklə mübarizə aparan, vicdan və şərəf hissi ilə yaşayan bir qəhrəmanı canlandırır.

Azərbaycan şifahi xalq ədəbiyyatında isə Molla Nur daha çox qaçaq qəhrəmanı kimi təqdim olunur. Bu xüsusda Xaltanlı Aşıq Tağı tərəfindən söylənən və "Molla Nur dastanı" adı ilə tanınan nümunə xüsusi maraq doğurur. Bu, XIX əsr Şirvan aşıq məktəbinin repertuarında yaranmış məşhur qaçaq dastanıdır. Ənənəvi qaçaq dastanlarından fərqli olaraq, ''Molla Nur''un bəzi şeir parçaları qəhrəmanların dilindən deyil, dastan söyləyicisi aşığın mövqeyindən təqdim olunur. Məsələn, toy səhnəsində Aşıq Tağının söylədiyi aşağıdakı şeir nümunəsi diqqətəlayiqdir: Ey ağalar, ey paşalar, Bu obada Nurdur gözəl, Şöhrətin qopub gəlmiş, Dərbənd eli, yurdu gözəl, Taxt üstündə Nurdur gözəl.

Ağ baxtına qələm çəkən, Görməz onu ələm çəkən, Ələm çalıb, ələm çəkən, Dərbənd eli, yurdu gözəl, Taxt üstündə Nurdur gözəl."Molla Nur dastanı" 1 qoşma və 4 gəraylıdan ibarət olub. Dastan bir neçə variantda yayılmış və uzun müddət Şirvan bölgəsi aşıqlarının repertuarında mühüm yer tutmuşdur. Ən qədim variantının Xaltanlı Aşıq Tağı tərəfindən söyləndiyi, daha sonra isə qubalı Aşıq Haşım Balasıyev vasitəsilə qorunub saxlandığı ehtimal olunur. ''Molla Nur'' dastanı ilk dəfə 1975-ci ildə Dərbənd folklor ekspedisiyası zamanı yazıya alınmış və qısa şəkildə nəşr edilmişdir. Daha dolğun variantı isə 1983-cü ildə Quba rayonunun Rəngidar kəndində toplanmış, lakin hələ də nəşr olunmamışdır. Dastanın yeni versiyaları Azad Nəbiyev və A. Mirzə tərəfindən də yazıya alınaraq tədqiqata cəlb edilmişdir. Dastanda Molla Nurun uşaqlığı, gənclik illəri, şəxsi faciələri, Hacı İbrahimxəlil ilə münasibətləri, eləcə də çar pristavına qarşı çıxaraq qaçaqlığa başlaması təsvir olunur. Onun azadlıq uğrunda apardığı mübarizə, geniş bir ərazidə – Təngəaltı, Dərbənd, Samur, Şamaxı və Balakən bölgələrində keçirdiyi döyüşlər xalqın yaddaşında qəhrəmanlıq salnaməsi kimi qorunmuşdur. Dastanın bəzi epizodlarında Molla Nurun Şeyx Şamil ilə əlaqələri də verilir və bu münasibət Oğuz epik ənənəsi ilə çarpazlaşdırılır.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Bestujev-Marlinski, Aleksandr Aleksandroviç — Molla Nur Molla Nur haqqında şeir – Vikimənbə Molla Nur haqqında şeir – Vikimənbə

Kateqoriya:Qaçaqlar Kateqoriya:Qubada doğulanlar Kateqoriya:Qubada vəfat edənlər Kateqoriya:Dərbənd tarixi