Postpozitivizm — elmdə bilik əldə etməyin metod və imkanlarına dair müasir yanaşmaları əhatə edən fəlsəfi istiqamət. Bu anlayış XX əsrin ortalarından etibarən pozitivizmin məhdudiyyətlərinə cavab olaraq yaranmış və elm fəlsəfəsində mühüm dönüş nöqtəsinə çevrilmişdir. Postpozitivistlərə görə, bilik tamamilə neytral və müşahidəyə əsaslanan deyil, həm də nəzəri çərçivələrlə formalaşan və sosial baxımdan şərtlənən bir konstruksiyadır.

Tarixi Postpozitivizm XX əsrin birinci yarısında pozitivizmin əsas prinsiplərinə yönəlmiş tənqidlərlə formalaşmağa başlamışdır. Xüsusilə Karl Popper, pozitivizmin empirik verilişlərə əsaslanaraq qəti və universal biliklər yaratmaq iddiasına qarşı çıxmış və onun əvəzinə elmi nəzəriyyələrin falsifikasiyası (yalanlanma) prinsipini irəli sürmüşdür.Popper, K. (1959). The Logic of Scientific Discovery. London: Routledge.

Daha sonra Tomas Kun (Thomas Kuhn) "elmi inqilablar" və "paradigma dəyişikliyi" anlayışlarını irəli sürərək, elmi inkişafın kümülatif deyil, çevrilişlərlə inkişaf etdiyini göstərmişdir.Kuhn, T. (1962). The Structure of Scientific Revolutions. University of Chicago Press. Pol Feyerabend və İmre Lakatos kimi düşünürlər də elmdə vahid metodologiya ideyasına qarşı çıxaraq, elmi fəaliyyətin daha çox müxtəlif metod və baxışların toqquşması ilə irəlilədiyini iddia etmişlər.

Fəlsəfə Postpozitivistlərin fəlsəfi baxışları, elmin mahiyyəti və elmi biliklərin əldə edilməsi prosesi ilə bağlı bir sıra mühüm mövqeləri əhatə edir. Bu yanaşmaya görə, elmi biliklər dəyişməz və mütləq həqiqətlər deyil, müəyyən tarixi, nəzəri və sosial kontekstdə formalaşan və daim yenidən nəzərdən keçirilə bilən konstruksiyalardır.Alexander, J.C. (1995), Fin De Siecle Social Theory: Relativism, Reductionism and The Problem of Reason, London; Verso Postpozitivistlər elmi nəzəriyyələrin doğruluğunun sübut edilə bilməyəcəyini, lakin onların yanlışlığının təcrübə yolu ilə aşkara çıxarıla biləcəyini iddia edirlər. Bu prinsip Karl Popperin irəli sürdüyü falsifikasiya (yalanlanma) anlayışına əsaslanır. O bildirirdi ki, bir nəzəriyyə yalnız o zaman elmi sayıla bilər ki, onun səhvliyini ortaya qoymaq mümkün olsun.

Bundan əlavə, postpozitivistlər müşahidənin nəzəriyəsiz mümkün olmadığını vurğulayırlar.Zammito, John H. (2004): A Nice Derangement of Epistemes. Post-positivism in the study of Science from Quine to Latour. Chicago & London: The University of Chicago Press Yəni hər bir alim müşahidəni öz nəzəri çərçivəsinə əsaslanaraq aparır və beləliklə, müşahidə heç vaxt tam neytral və obyektiv olmur. Bu, “nəzəriyyə yüklü müşahidə” adlandırılan yanaşmadır. Elmi fəaliyyət yalnız eksperimentlərə deyil, həm də bu eksperimentlərin şərh olunduğu nəzəri model və anlayışlara bağlıdır.

Postpozitivizm həmçinin elmin sosial və mədəni kontekstdən asılılığını qəbul edir. Alimin ideoloji baxışları, cəmiyyətin ehtiyacları və dövrün intellektual iqlimi elmi araşdırmalara təsir göstərə bilər.Thomas, David 1979 Naturalism and social sciences, ch. Paradigms and social science, p.161 Bu baxımdan postpozitivizm, elmi bilikləri sosial konstruktivist yanaşmalara yaxınlaşdırır və onların müstəqil, neytral və tam obyektiv olmasını sual altına alır.Phillips, D.C. & Nicholas C. Burbules (2000): Postpositivism and Educational Research. Lanham & Boulder: Rowman & Littlefield Publishers Elmi metodun tək, universal bir forması olmadığını, əksinə, müxtəlif metodoloji yanaşmaların mümkün və bəzən zəruri olduğunu iddia edir. Bu fikir metodoloji pluralizm adlanır və postpozitivist düşüncənin əsas sütunlarından biridir.

Həmçinin bax Pozitivizm Elmin fəlsəfəsi Konstruktivizm Empirizm Realizm

İstinadlar

Ədəbiyyat Popper, K. (1963), Conjectures and Refutations: The Growth of Scientific Knowledge, London; Routledge. Moore, R. (2009), Towards the Sociology of Truth, London; Continuum.

Xarici keçidlər Positivism and Post-positivism

Kateqoriya:Fəlsəfə Kateqoriya:Elmin fəlsəfəsi Kateqoriya:Epistemologiya Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər Kateqoriya:Fəlsəfi hərəkatlar