Phaps elegans — Göyərçinlər fəsiləsinə aid quş növü. Ümumi məlumat Phaps elegans Göyərçinlər fəsiləsindəki təxminən 310 növdən biridir və "P. elegans elegans" və "P. elegans occidentalis" olmaqla iki fərqli yarımnövə təsnif edilə bilər. "P. elegans" ilk dəfə 1809-cu ildə C.Temmink tərəfindən təsvir edilmişdir.

Phaps elegans ölçü və forma baxımından yaxın qohumu olan adi Phaps chalcopteraya bənzəyir, lakin görünüşcə daha qısa və yığcamdır. Bu quşlar nisbətən kiçikdir və ölçüləri 25 ilə 33 sm arasında dəyişir. Bu quşlarda cinsi dimorfizm görünür. Hər iki cins yuxarıdan tünd zeytun-qəhvəyi, boyun və çiyin boyunca zəngin şabalıdı rəngdə, aşağı hissələri isə mavi-boz rəngdədir. Phaps elegans hər qanadın iç, ikinci dərəcəli lələyindəki mavi və yaşıl rəngli parıldayan zolaqlara görə adlandırılmışdır.

Yayılma və yaşayış yeri Phaps elegans Avstraliyaya endemikdir və materikin cənub-qərbində və cənub-şərqində, Quensland, Yeni Cənubi Uels, Viktoriya, Cənubi Avstraliya, Qərbi Avstraliya və həmçinin Tasmaniyada populyasiyaları var. "P. elegans occidentalis" yarımnövü, Qərbi Avstraliyanın cənub-qərbində coğrafi cəhətdən fərqli bir populyasiya kimi yaşayır. Bu növ sıx sahil kollarını, yaş və ya quru sklerofil meşələrini, meşəlikləri və bəzi "mallee" ərazilərini üstün tutur. "Banksia", "Acacia", "Melaleuca" və ya" Leptospermum" kimi yerli növlər də daxil olmaqla, sıx kol təbəqələri və yarpaqları olan yaşayış yerləri, bu ehtiyatlı quşlara sığınacaq tapmağa imkan verir.

Bu quş toxumlar, giləmeyvələr və kiçik həşəratlarla qidalanır, əsasən yerdə yem axtarır. Əksər dənəyeyənlər kimi, Phaps elegans mədədə toxumların üyüdülməsinə kömək etmək üçün kiçik qum və çınqıl parçaları udur. Phaps chalcopteradan fərqli olaraq, qidalanma kiçik sürülərdə baş vermir, adətən quşlar tək-tək və ya cüt-cüt yem axtarırlar. Həmçinin bu növə bənzər olaraq, Phaps elegans sübh və ya axşam suvarma yerlərinə yaxınlaşaraq, qısa bir məsafədə endikdən sonra ehtiyatla su içir.

Phaps elegansın artımı əsasən sentyabr-yanvar ayları arasında baş verir, lakin yumurtaların inkubasiyası və cücələrin çıxması il boyu müşahidə edilmişdir. Balalar yarı-altrişial və nidikoldur, istilik, qidalanma və yüksək səviyyədə valideyn qayğısına ehtiyac duyurlar. Bir bala vermə mövsümü, adətən iki yumurtadan ibarətdir ki, bunlar təxminən 17 gün inkubasiya dövrü olur və çıxan balalar 16-20 gündən sonra lələklənir. Yetkin cütlüklər, balalar müstəqil olduqdan 3-4 həftə sonra yetişdirməyə davam edir. Bu quşların utancaq və ehtiyatlı təbiətinə görə, onlar potensial təhlükəni hiss etdikdə yuvalarından qəflətən uçurlar. Bir araşdırmada 15 yuvada 29 yumurtadan yeddi balanın çıxdığı və onlardan yalnız üçünün lələkləndiyi müəyyən edilmişdir.

Quşlar öz yerli yaşayış yerlərində qalmağa meyllidirlər, uzun məsafəli halqalanma bərpasları yoxdur və böyük miqyaslı miqrasiyalar görünmür. 1967-ci ilin bir araşdırmasında, bir quş ilkin halqalanma yerindən cəmi 25 km məsafədə tapılmışdır. Bu quşlar nadir hallarda sürü halında görünürlər, tək-tək, cüt-cüt və ya kiçik ailə qruplarında hərəkət etməyi üstün tuturlar, ən böyük qeydə alınmış toplaşma səkkiz quşdan ibarət bir qrup olub.

Statusu "Beynəlxalq Təbiəti Mühafizə İttifaqı" (IUCN) Pseudoseisura lophotes "Ən Az Narahatlıq Doğuran" kateqoriyasında qiymətləndirib. "BirdLife Australia" tərəfindən yaşadığı bütün əyalətlərdə təhlükəsiz populyasiyalara sahib olduğu hesab edilir. Digər yerdə yaşayan quş növləri kimi Phaps elegans da, pişiklər və tülkülər kimi yırtıcılar tərəfindən təhdid edilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avstraliya quşları Kateqoriya:1809-cu ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Avstraliya endemikləri