right|Radikulopatiyaya səbəb olan spondilozun KT müayinəsi Spondiloz (yunanca spondylos — fəqərə mənasını verir. Sinonimi isə deformasiyaedici spondilozdur) onurğa sütununun anatomik strukturlarının tədricən köhnəlməsi və qocalması ilə müşayiət olunan involyusion (geri dönməz yaşla bağlı) bir prosesdir. Bu zaman fibröz halqanın ön və ya yan hissələrinin xarici liflərində distrofiya (qidalanma pozğunluğu), Öz elastikliyini (turqorunu) saxlayan pulpoz nüvənin təzyiqi altında həmin hissələrin qabarıqlıq (protruziya) yaratması, ön uzununa bağın (ligamentin) ətrafında duzların toplanması və sümüyə çevrilməsi (ossifikasiya), onurğa sütununun ön və yan hissələri boyunca kənar sümük çıxıntılarının (osteofitlərin) əmələ gəlməsi kimi dəyişikliklər meydana gəlir. Yuxarıda sadaladığımız dəyişikliklər yalnız ön və yan hissələrdə baş verir, onurğanın digər sahələrinə isə yayılmır.

Təsviri Spondiloz zamanı uzun müddət ərzində fəqərəarası diskin hündürlüyü qorunur və onurğa kanalının elementləri arasında anatomik-topoqrafik münasibət pozulmur. Buna görə də spondiloz ilk mərhələlərdə heç bir klinik əlamət göstərmir.

Daha ağır mərhələlərdə isə ağrılar, onurğanın hərəkətliliyində məhdudiyyət, tez yorulma və müvafiq onurğa nahiyəsinin hərəkətsizliyi müşahidə olunur. Spondiloz zamanı oynaqlarda sümük toxuması artır, osteofitlər, yəni, əlavə sümük çıxıntıları əmələ gəlir. Bu sümük çıxıntıları zamanla qonşu fəqərəyə doğru uzanır və eyni zamanda həmin qonşu fəqərədən də oxşar bir çıxıntı inkişaf edir. Bəzi hallarda sümük əmələgəlməsi birbaşa fəqərəarası diskin səviyyəsində başlayır. Xüsusilə ağır hallarda fəqərələr bir-biri ilə birləşə bilir, bu isə qan damarlarına, sinirlərə, əzələ toxumasına və yaxınlıqdakı orqanlara zərər verir.

Osteofitlərin böyüməsi orqanizmin müdafiə və kompensasiya reaksiyası kimi qiymətləndirilir. Bu isə öz növbəsində yeni sümük törəmələri travma nəticəsində oynaqlarda yaranmış çatları "doldurmaq" məqsədi daşıyır.

Spondiloza kişilərdə (80%) və qadınlarda (60%) 50 yaşdan sonra eyni nisbətdə rast gəlinir. Ancaq onun ilk əlamətlərinə 20–30 yaşları arasında da rast gəlinə bilər.

Səbəbləri Spondilozun yaranma səbəbləri aşağıdakılar ola bilər: Hipodinamiya və aşağı fiziki aktivlik (yəni az hərəkətli həyat tərzi), xroniki soyuqlama, yaşla bağlı dəyişikliklər, ağır fiziki yüklənmələr, maddələr mübadiləsinin pozulmaları (metabolik pozğunluqlar), boyun fəqərələrinin osteoxondrozu (bu zaman oynaqlara düşən təzyiq artır və fəqərələrdə yeyilmə baş verir), onurğa travmaları və ya deformasiyaları, düzdabanlıq (ploskostopie), endokrin sistem xəstəlikləri (məsələn, şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri və s.).Спондилез Книга Медика

İstinadlar

Ədəbiyyat Чепой В. М. Воспалительные и дегенеративные заболевания позвоночника, с. 212, М., 1978

Kateqoriya:Əlifba sırasına görə xəstəliklər Kateqoriya:Əzələ-skelet sisteminin xəstəlikləri Kateqoriya:Əzələ-skelet sistemi Kateqoriya:Onurğa xəstəlikləri