1960-cı ilin sentyabrında ABŞ Milli Təhlükəsizlik Agentliyinin iki kriptoloqu Vilyam Hemilton Martin və Bernon F. Mitçel Sovet İttifaqına qaçdılar. 1963-cü ildə MTA-nın gizli araşdırmasında deyilirdi: "Şübhəsiz ki, heç bir başqa hadisə Agentliyin təhlükəsizlik proqramına daha böyük təsir göstərməmişdir və ya ehtimal ki, göstərməyəcək".
Martin və Mitçel 1950-ci illərin əvvəllərində Yaponiyada ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət edərkən tanış olmuşdular və hər ikisi 1957-ci ildə eyni gündə MTA-da işə başlamışdı. Onlar 1960-cı ildə birlikdə Sovet İttifaqına sığındılar və Moskvadakı mətbuat konfransında ABŞ-nin müxtəlif siyasətlərini, xüsusilə də digər ölkələrin hava məkanlarına təxribat xarakterli müdaxilələrini ifşa etdilər.
Mətbuat konfransından bir neçə gün sonra etibarlı mənbəyə istinadən ABŞ Nümayəndələr Palatasının Amerika Əleyhinə Fəaliyyətlər Komitəsinin sədri konqresmen Frensis E. Volter Martin və Mitçelin "seksual pozğunluğu" olduğunu bildirdi və bu xəbər mətbuatda sensasiya kimi yayıldı. Milli Təhlükəsizlik Şurasında ABŞ rəsmiləri onların hər ikisinin xain homoseksual şəbəkəsinin üzvləri olduğuna dair fikirlər bildirdilər. Digər tərəfdən, MTA-nın xüsusi araşdırmaları, cütlüyün "öz intellektual qabiliyyətləri və istedadları haqqında hədsiz şişirdilmiş əminliyə" sahib olduqlarını və sosial istəklərini təmin etmək üçün qaçdıqlarını müəyyən etdi. Nümayəndələr Palatasının Amerika Əleyhinə Fəaliyyətlər Komitəsi Martin və Mitçel arasındakı münasibətləri homoseksuallıq kimi şərh etdiyini açıq bəyan etdi və bu yanaşma Pentaqonun onilliklər ərzində bu qaçış hadisəsi ilə bağlı verdiyi izahın əsasını təşkil edirdi.
Həyat və karyeraları Vilyam Hemilton Martin (; 27 may 1931 – 17 yanvar 1987) — Corciya ştatının Kolumbus şəhərində anadan olub. Tezliklə onun ailəsi Vaşinqton ştatına köçdü, burada atası Ellensburq Ticarət Palatasının sədri idi. Vilyam iki ildən sonra Ellensburq liseyini bitirdi. Mərkəzi Vaşinqton Müəllimlər Kollecində (indiki Mərkəzi Vaşinqton Universiteti) təhsil aldıqdan sonra 1947-ci ildə Sietldəki Vaşinqton Universitetinə riyaziyyat ixtisası üzrə qəbul olundu. O, ABŞ Hərbi Dəniz Qüvvələrində xidmətə başlayaraq 1951–1954-cü illərdə Yaponiyada Dəniz Təhlükəsizliyi Qrupunda kriptoloq kimi çalışıb. Şahmat oynamaq və yapon qılınclarının qulplarını (tsuka) toplamaq onun hobbiləri idi.
Bernon F. Mitçel (; 11 mart 1929 – 12 noyabr 2001) — Kaliforniyanın Evrika şəhərində anadan olub. Burada bir illik kollec təhsilindən sonra Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb. O, 1951–1954-cü illərdə Hərbi Dəniz Qüvvələrində xidmət edərkən, Yaponiyadakı Kami Seya dəniz təhlükəsizlik qrupunda kriptoloq kimi iş təcrübəsi qazanır və Ordu Təhlükəsizlik Agentliyində çalışmaq üçün əlavə bir il də Yaponiyada qalır. Hərbi Dəniz Qüvvələrində xidmət etdikdən sonra, 1957-ci ildə Stenford Universitetində statistika üzrə bakalavr dərəcəsi qazanmışdır.
Martin və Mitçel Yaponiyanın Kami Seya şəhərində Hərbi Dəniz Qüvvələrində xidmət edərkən dostlaşıblar. İkisi də Hərbi Dəniz Qüvvələrində xidmətdən sonra təhsilə qayıdanda əlaqəni kəsməyiblər və 1957-ci ildə Milli Təhlükəsizlik Agentliyinə işə götürüləndə yenidən bir-biri ilə qarşılaşdılar. Onların MTA-dakı fəaliyyəti problemsiz keçir. Martin kifayət qədər bacarıqlı əməkdaş kimi tanınır və iki dəfə magistraturaya qəbul üçün təqaüd qazanır.
Qaçışa aparan şərait 1958-ci ilin əvvəlində Vilyiam Martin və Bernard Mitçel MTA-da işləməyə başladılar. Boş vaxtlarında onlar Sovet səfirliyinin birinci katibi Valentin İvanovun fəal üzvü olduğu Vaşinqtondakı şahmat klubunda iştirak edirdilər. Martin və Mitçel SSRİ-yə qaçdıqdan sonra Valentin İvanov persona non-qrata elan edildi və ABŞ-dan deportasiya edildi. Amerika hökuməti İvanovun deportasiyasının Martin və Mitçelin qaçması ilə bağlı olmadığı barədə rəsmi bəyanat yaysa da, bəzi mənbələr hadisələr arasında əlaqə olduğunu göstərir.
1958-ci ildə Martin və Mitçelin siyasi düşüncələrində də dəyişikliklər oldu. Ətrafdakıların fikrincə, onları tez-tez kommunist baxışlı, həm açıq şəkildə anti-Amerika əhval-ruhiyyəsini dəstəkləyən, həm də ABŞ-ın xarici siyasətini tənqid edən insanların əhatəsində görmək olardı. Kəşfiyyat məlumatları toplamaq məqsədilə SSRİ ərazisi üzərində ABŞ təyyarələrinin uçuşu Martin və Mitçeli xüsusilə qəzəbləndirmişdi. Lazımi məlumatları topladıqdan sonra onlar sovet hava məkanının icazəsiz pozulması barədə məlumatı çatdırmaq üçün Ohayodan olan konqresmen Vilyam Heyzlə görüşdülər. Lakin, Heyz səhvən Martin və Mitçelin FTB işçiləri olduğunu düşünərək bu görüşün Heyzin sirr saxlamaq qabiliyyətini sınamaq üçün olduğunu güman etdiyinə görə onlara cavab vermədi.
1959-cu ilin dekabrında Martin və Mitçel MTA-nın təhlükəsizlik qaydalarını pozaraq Havanaya səfər etdilər və burada SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xarici kəşfiyyat xidmətinin nümayəndələri ilə görüşdülər. Martin və Mitçel xarici kəşfiyyat zabitlərinə müəyyən məlumatları açıqladılar. Bunun müqabilində bütün bunların planetdə sülh və təhlükəsizlik naminə edildiyinə dair təminat aldılar.
Görüşdən sonra o vaxta qədər emosional baxımdan təmkinli olan Martin və Mitçel Kubada gördükləri və SSRİ-nin ictimai quruluşu barədə həvəslə danışmağa başladılar. Bu davranış MTA əməkdaşlarının diqqətindən yayınmadı və Martin və Mitçelin məxfi məlumatlara çıxışını məhdudlaşdırmaq üçün onlara universitetlərdə təhsil almaq üçün təqaüd təklif edildi. Nəticədə, Martin İllinoys Universitetində, Mitçel isə Vaşinqton Universitetində təhsilini davam etdirmək üçün təqaüd aldı.
Qaçış 25 iyun 1960-cı ildə Mitçell və Martin ABŞ-dan Meksikaya keçdilər. Buradan onlar Havanaya getdilər və oradan isə Sovet yük gəmisi ilə SSRİ-yə yola düşdülər. Avqustun 5-də Pentaqon onların məzuniyyətdən qayıtmadıqlarını açıqladı və onların Dəmir Pərdənin arxasına qaçma ehtimalını açıqladı. 6 sentyabr 1960-cı ildə Mitçel və Martin Moskvada Jurnalistlər Evində birgə mətbuat konfransında çıxış edərək sığınacaq və Sovet vətəndaşlığı istədiklərini elan etdilər.
Konfrans zamanı onlar ilk dəfə olaraq guya "Sovet İttifaqı hökuməti ilə məsləhətləşmədən" yazdıqları bəyanatda MTA-nın missiyası və fəaliyyəti barədə bəyanat yaydılar. Bəyanatda deyilirdi:
Onlar xüsusilə general Tomas S. Pauerin fikirlərini tənqid edirdilər. Pauer Mitçell və Martinin qaçışından az əvvəl Konqres komitəsinə bildirmişdi ki, ABŞ ilk zərbə üçün nüvə potensialını saxlamaq məcburiyyətindədir. Həmçinin, senator Barri Qolduoterin nüvə sınaqlarına qadağa qoyulması və silahsızlanma haqqında müqavilə üzrə danışıqlar təklifi ilə razılaşmaması da onların tənqid hədəfində idi.
Konfransdan bir neçə gün əvvəl ABŞ son illərdə xarici ölkələr üzərində kəşfiyyat uçuşları həyata keçirdiyini etiraf etmişdi, lakin Martin və Mitçell ABŞ Hərbi Dəniz Qüvvələrindəki xidmətlərindən bilirdilər ki, belə uçuşlar hələ 1952–1954-cü illərdə də aparılıb. Onlar ABŞ-ın C-130 təyyarəsinin Ermənistan SSR üzərindəki uçuşunu ətraflı təsvir etdilər; həmin təyyarə SSRİ HHM sistemləri tərəfindən vurulmuşdu.
Martin və Mitçell iddia edirdilər ki, bu uçuş SSRİ-nin müdafiə potensialı haqqında məlumat əldə etmək üçün nəzərdə tutulmuşdu və buna görə də ABŞ-nin SSRİ-yə qarşı mümkün hücumu baxımından maraq kəsb edirdi, sovet hücumundan müdafiə baxımından yox. 1960-cı ilin dekabrında sovet informasiya agentliyi TASS-a verdikləri müsahibədə onlar əmin olduqlarını bildirmişdilər ki, 1961-ci ilin yanvarında yeni Amerika prezidenti vəzifəsinin icrasına başlasa da, ABŞ-nin SSRİ-yə, öz müttəfiqlərinə və neytral ölkələrə qarşı casusluğunda heç bir dəyişiklik olmayacaq.
Sonrakı illəri Son hökumət hesabatına görə, rus dilini sərbəst bilən Martin Leninqrad Universitetində təhsil almış və Vladimir Sokolski adı altında fəaliyyət göstərmişdi. O, bir sovet vətəndaşı ilə evlənmiş, lakin 1963-cü ildə ondan boşanmışdı. Sonralar o, sovet qəzetinə qaçışının "axmaqlıq" olduğunu demişdi. Həmçinin sovet vətəndaşlarının ona mühüm işlər etibar etməməsindən məyusluğunu ifadə etmişdi.
O, bəzən amerikalı ziyarətçilərindən repatriasiyanın təşkilində kömək istəyirdi, o cümlədən Kayzer Fondunun vitse-prezidenti Donald Daffidən və musiqiçi Benni Qudmendən. Başqa bir halda isə o, bir amerikalıya bildirmişdi ki, qaçışdan əvvəl "The USSR" (sonrakı adı "Soviet Life") təbliğat nəşrinin təqdim etdiyi SSRİ təsvirlərinə inanırdı.
1975-ci ilə qədər bir mənbə ABŞ hökumətinə Martin haqqında "baş verənlərdən tamamilə məyus olub" məlumatını vermişdi. 1979-cu ildə o, ABŞ konsulluğuna repatriasiya ilə bağlı məlumat üçün müraciət etmişdi. Nəticədə onun işi araşdırılmış və o, Amerika vətəndaşlığından məhrum edilmişdi. Daha sonra ona ABŞ-yə immiqrasiya icazəsi verilməmiş, ardınca turist vizası üçün müraciəti də rədd edilmişdi.
Martin nəhayət SSRİ-ni tərk etdi və 17 yanvar 1987-ci ildə Meksikada, Tixuana Del Mar xəstəxanasında xərçəngdən dünyasını dəyişdi. O, ABŞ-də dəfn olunub.
Mitçel haqqında daha az məlumat var. Amerika vətəndaşlığından imtina edərək Sovet İttifaqında qaldı. O, Leninqrad Konservatoriyasının fortepiano kafedrasının əməkdaşı Qalina Vladimirovna Yakovleva ilə ailə həyatı qurmuşdu. Leninqradda Bonç-Bruyeviç İnstitutunda proqramçı kimi çalışmışdı. 1979-cu ildə Mitçel həyat yoldaşı Qalina ilə birlikdə ABŞ-yə mühacirət etməyə cəhd etdi. Bu fakt üzə çıxdıqda Qalina Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxarıldı. Sənədləri ilə tanış olduqdan sonra Mitçelin ABŞ-yə girişi qadağan edildi. Viza yalnız əri olmadan səyahət etməkdən imtina edən Qalinaya verildi. Mitçel 2001-ci ilin noyabrında infarktdan öldü və Sankt-Peterburqda dəfn edildi.
Hökumətin reaksiyası Qaçış hadisəsi ABŞ kəşfiyyat icması daxilində başqa bir həyat qazandı. 1960-cı ilin oktyabrında ABŞ Milli Təhlükəsizlik Şurasının iclasında rəsmilər Martin–Mitçel məsələsinə reaksiyanı müzakirə etdilər. Baş prokuror Vilyam P. Rocers hesab edirdi ki, sovetlərin əlində əməkdaşlığa cəlb etmək və şantaj məqsədilə istifadə etmək üçün homoseksuallar siyahısı var və Martinlə Mitçel "təşkilatlanmış bir qrupun" üzvləridir. İclasda iştirak edənlərdən bəziləri yalan detektoru testlərinin homoseksualların işə götürülməsinin qarşısını almaqda istifadə edilə biləcəyini bildirdi. Prezident Eyzenhauer isə hökumətdə bütün homoseksualların siyahılarını koordinasiya edən bir struktur vahidinin olmasını istəyirdi.David K. Johnson, The Lavender Scare (Chicago: University of Chicago Press, 2004), 145–6
Təkrar hallar baş verməsin deyə, MTA qaçanların motivasiyasını anlamağa ehtiyac duyurdu. Onların ilkin araşdırması maraqlı nəticələr vermədi. 1940-cı illərə aid psixoloji məsləhət qeydlərində Martin "çox ağıllıdır, amma emosional cəhətdən yetkin deyil" kimi təsvir olunmuş, "şizoid meyilləri olan xarakter nevrozunun başlanğıc mərhələsi" diaqnozu qoyulmuş və onun "sadist" ola biləcəyi qeyd edilmişdi. Mitçel isə Agentlikdə işə başladıqdan az sonra müsahibə olunduqda, MTA əməkdaşına yeniyetməlik dövründə itlərlə və toyuqlarla cinsi təcrübələr apardığını demişdi.Bamford, The Puzzle Palace, 180, 196 MTA-nın ilkin reaksiyası əsasən seksual məsələlərə yönəlmişdi. 1961-ci ilin iyulunda Agentlik 26 əməkdaşını "seksual kənarlaşması olan" kimi müəyyənləşdirərək işdən uzaqlaşdırdığını elan etdi, amma qeyd etdi ki, "hamısı homoseksual deyildi". ; Barker and Coffman, Anatomy of Two Traitors, 122