Əbu Davud Süleyman ibn Davud ibn əl-Cərud ət-Təyalisi (; ) — hədis hafizi və müsnəd müəllifi.

Bioqrafiyası Hicri 133-cü (750–751) ildə Bəsrədə dünyaya gəlib. Nisbələri "Farsi", "Zübeyri" və "Bəsri"dir. Onun niyə görə "Təyalisi" adlandırıldığı naməlumdur. Anası iranlı cariyədir.

Abdullah ibn Əvn və Hişam əd-Dəstüvai kimi müəllimlərdən hədis öyrənib.

Hicri 157-ci (774) ildə Bağdada getdi. Orada Şöbə ibn Həccacdan və Əbdürrəhman ibn Abdullah əl-Məsudidən hədis dinlədi. Kufədə Vərqa ibn Ömər əl-Yəşkuri, Süfyan əs-Səvri, İsrail ibn Yunus əs-Səbii, Mədinədə isə Füleyh ibn Süleyman əl-Xuzai kimi alimlərden hədis rəvayət etdi. Təyalisi, Şöbə ibn Həccacın ən qabaqcıl tələbələrindən olub və ondan 7000 hədis rəvayət edib. Şöbənin dərslərindən sonra o dərsdə oxunan hədislərin Təyalisi tərəfindən tələbələrə əzbərdən yazdırılmışdır. Bu da onun yaddaşının gücünü və Şöbənin müzakirəçisi səviyyəsinə yüksəldiyini göstərir. O, vəfat etdiyində insanlar yaxşı bir müzakirəçilərini ittirdikləri üçün dərin təəssüf keçirmişdilər. Onun 1000 müəllimdən hədis yazdığı deyilir.

Təyalisi Əymən ibn Nəbildən, İbn Əbu Zib, Həmmad ibn Sələmə, Həmmam ibn Yəhya, Əban ibn Yezid, Həmmad ibn Zeyd, Qurrə ibn Xalid, Cərir ibm Həzim, İbrahim ibn Səd, Zaidə ibn Qudamə və Əbu Əvanə əl-Vasiti kimi mühəddislərdən hədis rəvayət etmişdi.

Cərir ibn Əbdülhəmid, Əhməd ibn Hənbəl, İbn Əbu Şeybə, Fəllas, İbn Səd, Xəlifə ibn Xəyyat, Əbd ibn Humeyd, Yunus ibn Həbib, Səhnun kimi alimlər onun tələbələridir. Ən son vəfat edən tələbəsi Məhəmməd ibn Əsəd əl-Mədinidir (Təbəraninin müəllimi).

Təyalisi hicri 204-cü (819) ildə (bəzi mənbələrdə hicri 203) Bəsrədə vəfat etdi. Cənazə namazı Bəsrə valisi Yəhya ibn Abdullah tərəfindən qılındı.

Hədis elmindəki yeri Onu mənbələrdə "elm dağı" adlandırıblar. Yaddaşına çox güvəndiyi üçün hədisləri əzbərdən nəql etmişdir. Mənbələr onun əzbərdən 30–40 min hədis nəql etməyi bacardığını yazmışdır. Yazılı mətnə istinad etmədiyi üçün təxmini 1000 hədisdə səhv etdiyi də irəli sürülmüşdür. Bu rəqəm hədisçi üçün çox böyük hesab olunsa da, Təyalisi haqqında heç kim "zəif" hökmü verməmişdir. Bunun səbəbi 1000 rəqəmin olduqca şişirdilmiş olması və irəli sürülən səhvlərin önəmsizliyidir. Əhməd ibn Hənbələ görə, Təyalisi hədisləri yazan mühəddislərlə müqayisədə hədisləri daha yaxşı mühafizə etmiş bir şəxsiyyətdir. Təyalisi səhvlərini düzəltmək üçün başqalarının yazılarından da istifadə etmişdir. Onun rəvayətlərinə Buxarinin "əl-Cəmius-səhih"i istisna olmaqla, "Kütübi-sittə"də və digər bir çox əsərdə yer verilmişdir. Zəhəbiyə görə Buxari, Təyalisinin müasiri olan bir çox alimdən hədis öyrəndiyi üçün onun rəvayətlərinə ehtiyac duymamış, "əl-Cəmius-səhih"ində yalnız bir rəvayətindən dəlil kimi istifadə etmişdir.

Əsərləri Əl-Müsnəd. Bu əsər janrının ilk nümunəsi hesab olunur. Əsərdə 2890 hədis vardır. Mərifətü şüyuxi Şöbə. Zəhəbi tərəfindən Təyalisiyə nisbət edilmişdir. Əsər hicri VI (XII) əsrdə mövcud olmuşdur, lakin dövrümüzə gəlib çatmamışdır.

Təyalisiyə nisbət edilən "Mərifətül-əvqat" və "Fəzailül-ənsar" adlı əsərlər haqqında da məlumat yoxdur.

İstinadlar

Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri