Zentrygon chiriquensis — Göyərçinlər fəsiləsinə aid quş növü. Ümumi məlumat Zentrygon chiriquensis monotipik növdür. Əvvəlcə "Geotrygon" cinsinə aid edilsə də, bəzən Z. albifacies və Z. linearis ilə eyni növ kimi qəbul edilir.
Zentrygon chiriquensis erkəyi 27–31 sm, dişisi isə 26–32 sm uzunluğundadır. Yetkin fərdlərin çəkisi 295–308 qram arasında dəyişir. Erkəyin başının üstü boz rəngdə olub, alın hissəsi daha açıq, ensə hissəsi isə daha tünddür. Üzü saman rəngində olub, qara yanaq zolağı və gözdən keçən incə qara xətt var. Gözləri qəhvəyi-narıncı rəngdədir və ətrafında çılpaq qırmızı dəri var. Üst hissələri çiyinlərdə şabalıdı, yuxarı belində bənövşəyi, aşağı belində isə yaşıl parıltılı zeytun rəngindədir. Çənəsi saman ağ rəngdə olub, döş və yanları qırmızımtıl, qarın hissəsi isə darçın rəngindədir. Dişilər çox oxşar olsa da, döş hissələri adətən daha tünddür. Cavan fərdlərin başının üstü və üst hissələri qəhvəyi, alt hissələri isə mat qara zolaqlıdır.
Yayılması və ekilogiyası Zentrygon chiriquensis şimaldan Kosta-Rikanın "Kordilyera de Quanakaste" silsiləsindən cənubda Panamanın Çiriqui və Veraquas əyalətlərinə qədər olan ərazidə yaşayır. Bu quş "Talamankan" dağ meşələrinin quru hissələrinin alt qatlarında məskunlaşır. Karib dənizi tərəfində əsasən 600–1700 metr yüksəklikdə yaşayır, lakin bəzi yerlərdə 2000 metr yüksəkliyə qədər rast gəlinir. Sakit okean tərəfində isə adətən 1000–2500 metr yüksəklikdə, bəzi hallarda isə 3100 metr yüksəkliyə qədər görülür.
Zentrygon chiriquensis tək və ya cüt halda yerdə qidalanır. Onun əsas qidası toxumlar, tökülmüş meyvələr və kiçik onurğasızlardır. Adətən bitki örtüyü altında qidalanır, lakin səhər tezdən yollar və cığırlar boyunca da görünə bilər.
Zentrygon chiriquensisin yuva qurma mövsümü avqust və sentyabr aylarını əhatə edir, lakin dəqiq müddəti məlum deyil. O, budaqlar və yarpaqlardan hazırlanmış dayaz yuva qurur və onu ağac budağına yerləşdirir. Bir dəfəyə iki yumurta qoyur.
Qorunma statusu Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) Zentrygon chiriquensisi "az qayğı tələb edən" kimi qiymətləndirib. Baxmayaraq ki, populyasiyanın azalmaqda olduğu güman edilir. Onun biologiyası və ekologiyası haqqında məlumat azdır və "növün həqiqi statusunu müəyyən etmək üçün araşdırmalar və tədqiqatlar tələb olunur". İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
https://www.hbw.com/species/chiriqui-quail-dove-zentrygon-chiriquensis
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1856-cı ildə təsvir edilən quşlar