Əbu Ömər Səfvan ibn əl-Müəttəl ibn Rübeyyiə əs-Süləmi əz-Zəkvani (; ) — səhabə, İfk hadisəsində iştirak edən əsas şəxslərdən biri.

Bioqrafiyası Hicrətin 5-ci (627) ilindən əvvəl müsəlman olub. Xəndək döyüşündə və sonrakı qəzvələrdə iştirak edib. Səfvanın iştirak etdiyi ilk qəzvənin İfk hadisəsinin baş verdiyi Bəni Müstəliq qəzvəsi olduğu deyilir. Ona, bu qəzvədə ordunun arxa mühafizəçisi vəzifəsi verilmiş, o da vəzifə borcunu yerinə yetirərkən karvandan geri qalmış Aişəni tapmış və onu səhərisi gün karvana çatdırmağa nail olmuşdur. Lakin Aişə ilə onun haqqında əsassız böhtan və söz-söhbətləri yayılmışdır. Aişə haqqında müvafiq ayələr nazil olduqdan sonra Aişə bəraət almışdır. Müvafiq ayələrin nazilindən əvvəl Həssan ibn Sabit tərəfindən tənqid olunan Səfvan, bundan bərk hiddətlənmiş və Həssan ibn Sabitə hücum edərək ona xəsarət yetirmişdir. Məsələdən xəbərdar olan Məhəmməd peyğəmbər onları barışdırmışdır. Həmçinin müvafiq ayələrin nazilindən əvvəl Məhəmməd peyğəmbər onun haqqında, "mən onun barəsində xeyirdən başqa bir şey bilmirəm" deyərək Səfvanın dürüstlüyünə eyham vurmuşdur.

Səfvan, Məhəmməd peyğəmbərin çobanlarını öldürən şəxslərin yaxalanmasında, İyaz ibn Qənm komandanlığında İslam fətihlərində iştirak etmiş, Səmsata göndərilən ordu birləşmələrinə komandanlıq etmişdir. Səfvanın hicri 19-cu (640) ildə Səmsatda və ya İrminiyə müharibəsində həlak olduğu nəql edildiyi kimi, Muaviyənin dövründə Bizansa qarşı hərbi yürüşdə ayağının sındığı da nəql edilmişdir. Həmçinin altmış yaşında hicri 58-ci (678), 59-cu və ya 60-cı (680) ildə vəfat etdiyi də deyilmişdir.

Hədis elmindəki yeri Səfvan, Məhəmməd peyğəmbərdən iki hədis rəvayət etmişdir. Ondan da Səid ibn Müsəyyəb, Əbu Bəkir ibn Əbdürrəhman, Səid ibn Əbu Səid əl-Məkbüri kimi tabiinlər hədis rəvayət ediblər.

İstinadlar

Həmçinin bax İfk hadisəsi Kateqoriya:Səhabələr Kateqoriya:Mədinəlilər