Şuşa Yaradıcılıq Mərkəzi — Azərbaycan Respublikasının Şuşa şəhərində yerləşən, XVIII əsrə aid memarlıq abidəsində fəaliyyət göstərən mədəniyyət və yaradıcılıq məkanıdır.

Tarixi Şuşa Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina XVIII əsrdə inşa olunmuş, ölkə əhəmiyyətli memarlıq abidəsi — Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarasının tarixi binasıdır.

Mərkəz Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən etibarən aparılan bərpa işləri nəticəsində ilkin tarixi görünüşünə qaytarılıb. Aparılan bərpa işləri zamanı binanın sonradan alçıpanla bağlanmış qapı-pəncərələri, tavan və bölücü divarları sökülərək tarixi planı və memarlıq elementləri bərpa edilib. Binanın struktur dayanıqlığı təmin edilib, deformasiyaya uğramış sahələr möhkəmləndirilib, interyer tarixi memarlıq üslubuna uyğun şəkildə yenidən qurulub. Bərpa prosesində dövrün karvansara üslubuna uyğun daş konstruksiyalar, giriş və daxili planlama elementləri qorunub saxlanılıb.

2023-cü il mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə mərkəzin rəsmi açılışı baş tutub.

Şuşa Yaradıcılıq Mərkəzi müxtəlif sərgilərə və mədəni tədbirlərə ev sahibliyi edir. Burada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Qarabağ” sərgisi nümayiş etdirilir.

İstinadlar

Kateqoriya:Şuşadakı binalar və tikililər Kateqoriya:İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri