Abbasilərin Təbəristana qarşı yürüşü və ya Abbasilərin Təbəristana hücumu (hicri 141–144 / miladi 758–761) — xəlifə Əbu Cəfər əl-Mənsurun hakimiyyəti dövründə Abbasi xilafəti tərəfindən başladılan hərbi yürüş idi. Məqsəd İspəhbad Xurşidin rəhbərlik etdiyi Zərdüşt İran sülaləsi olan Dabuyid sülaləsinin hakimiyyəti altında olan Təbəristanı ələ keçirmək və orada hökmranlıq etmək idi. Xəlifə əl-Mənsur oğlu Məhəmməd əl-Mehdini yürüşə rəhbərlik etmək üçün göndərmişdi. O, öz komandanlığı altında Xazim əl-Təmimi və Əl-Mənsurun etibarlı mövlası Əbu əl-Xasibi müharibəyə kömək etmək üçün təyin etmişdi. Abbasi xilafətinə tabe olan hərbi qüvvələr 758-ci ildə ilk dəfə Təbəristan ərazisinə daxil olmuşdular. Bu yürüşlər nəticəsində regionun bir sıra mühüm və strateji əhəmiyyətə malik şəhərləri ələ keçirilmişdi. Baş verən hərbi və siyasi təzyiqlər Təbəristanın yerli hökmdarı Xurşidi vəziyyətin ağırlığını qəbul etməyə məcbur etmiş və o, müəyyən müddət üçün Abbasilərin hakimiyyətini tanıyaraq müvəqqəti şəkildə təslim olmağa razılıq vermişdi.
Xurşid 759-cu ildə Abbasilərlə bağladığı müqaviləni ləğv etmiş, ərazisində yaşayan bütün müsəlmanları öldürmüş, bir qismini isə həbs etdmişdir. Daha sonra isə o, ərəblərə qarşı yenidən müqavimət göstərmək üçün qüvvələrini səfərbər etmişdir. Baş verən hadisələrə cavab olaraq Abbasi xəlifəsi əl-Mənsur hərbi tədbirlərə əl atmış və özünə sadiq sərkərdələrdən olan Xazim ibn Xuzeymə, Ravh ibn Hatim və Əbu əl-Xəsibi Xurşidin sığındığı qalaya doğru göndərmişdir. Bu qüvvələrə qalanı mühasirəyə almaq, yerli müqaviməti zəiflətmək və regionda Abbasi hakimiyyətini tam şəkildə bərqərar etmək tapşırılmışdı. Uzun sürən mühasirə nəticədə Əbu əl-Xasibin hazırladığı bir hiylə ilə həll edilmişdi. O, qaçmaq iddiası ilə qalaya soxuldu. Qala ələ keçirildikdən və müdafiəçiləri öldürüldükdən sonra Xurşid barmağında daşıdığı və istifadəsi yalnız ən zor zamanlar üçün nəzərdə tutulmuş üzüyündən zəhər içərək intihar etmişdir. Müharibə 761-ci ildə Xurşidin ölümü və Təbəristanın Abbasilər xilafətinə birləşdirilməsi ilə başa çatmışdır. Kateqoriya:VIII əsrdəki münaqişələr Kateqoriya:İran tarixi