Spenser Ferqyuson Silver III (; ) – yapışqanlı maddələrdə ixtisaslaşmış ABŞ kimyaçısı və ixtiraçısı. Artur Fray yapışqanlı qeyd kağızlarını yaradarkən onun tərəfindən hazırlanmış yapışqandan istifadə etmişdir.
İlk illəri Spenser Ferqyuson 6 fevral 1941-ci ildə Texas ştatının San-Antonio şəhərində doğulmuşdur. Atası Spenser Silver mühasib, anası Bernis Vendt isə katibə idi. Arizona Dövlət Universitetində kimya təhsili almış və 1962-ci ildə bakalavr dərəcəsi əldə etmişdir. 1966-cı ildə Boulder Kolorado Universitetində üzvi kimya üzrə doktorantura dərəcəsi əldə etmişdir. O, "3M" şirkətinin Mərkəzi Tədqiqat Laboratoriyasında baş kimyaçı kimi işləməyə başlamışdır.
Karyerası Spenser Silver "3M" şirkətində baş kimyaçı kimi işləməyə başlayanda təzyiqə həssas yapışqanlar üzərisində işləmişdir. O, 1968-ci ildə təyyarə konstruksiyasında istifadə oluna biləcək güclü yapışqan yaratmağa çalışmışdır. Lakin məqsədinə çata bilməmiş, müəyyən bir səthə düz yapışmaq yerinə toxunduğu yerə yapışan kiçik akrilik kürələrdən ibarət yapışqan hazırlaya bilmişdir. Yapışqan kağızları bir-birinə güclü yapışdıracaq qədər güclü olsa da, cırılmadan onları ayıracaq qədər də güclü deyildi və təkrar-təkrar istifadə oluna bilərdi. Bu yapışqan 1972-ci ildə patentləşdirilmiş və sprey kimi istifadəyə yararlı olduğu göstərilmişdir.
1974-cü ildə "3M" şirkətində kimya mühəndisi kimi işləyən Artur Fray Silver tərəfindən təşkil olunan seminara qatılmış və yapışqanın xüsusiyyətləri ilə tanış olmuşdur. Fray kilsədə xor oxuyarkən kağız əlfəcinlərin kitabından düşməsinin qarşısını almaq üçün bu yapışqandan istifadə edə biləcəyini düşünmüşdür. O, Silverin yapışqanından istifadə edərək əlfəcinlər hazırlamışdır. Tezliklə, şirkətdə digər işçilər bu ixtiraya maraq göstərməyə başlamışdır. Bu kağızlar 1977-ci ildə "Post 'n Peel" adı ilə, 1980-ci ildə "Post-it Notes" adı ilə satılmağa başlamışdır. Fray 1993-cü ildə ixtirasını patentləşdirmişdir.
Silver 1996-cı ilə qədər şirkətdə işləmiş, şirkət alimi vəzifəsinə yüksəlmişdir. O, blok kopolimerlər və immunodiaqnostikalar kimi məhsullar üzərisində də işləmişdir. ABŞ-də 20-dən çox patentdə adı çəkilmişdir. O, fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülmüşdür. 1998-ci ildə Yaradıcı İxtiraya görə Amerika Kimya Cəmiyyətinin Mükafatını qazanmışdır. Adı 2011-ci ildə Milli İxtiraçıların Şöhrət Zalına daxil edilmişdir.
Şəxsi həyatı Boulder Kolorado Universitetində işləyən kompüter proqramçısı Linda Martinlə 1965-ci ildə evlənmişdir. Cütlüyün iki qızı olmuşdur. Onlardan biri 2017-ci ildə ölmüşdür. Silver 1994-cü ildə ürək transplantasiyası əməliyyatı keçirmişdir. 8 may 2021-ci ildə Minnesota ştatının Sent-Pol şəhərində yerləşən evində ölmüşdür.
Silver təqaüdə çıxandan sonra rəssamlıqla məşğul olmuşdur. Yağlı və pastel boyalardan istifadə edərək abstrakt rəsmlər yaratmışdır.
İstinadlar
Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:ABŞ kimyaçıları