Hermokrat (qədim yunanca: Ἑρμοκράτης, Romanizasiya: Hermokrátēs; ) — Peloponnes müharibəsinin ortalarında, afinalıların Siciliya ekspedisiyası zamanı yunan Siciliyasından olan qədim Sirakuz sərkərdəsi. O, həmçinin Platonun "Timey" və "Kriti" dialoqlarının personajı kimi də xatırlanır.

Həyatı

Hermokrata dair ilk tarixi istinada Fukididin əsərlərində rast gəlinir. O, e.ə. 424-cü ildə Qela konqresində çıxış edərək Siciliya yunanlarından aralarındakı münaqişəni dayandırmağı və Korinfi dəstəklədikləri üçün Siciliya şəhərlərinə hücum edən afinalılara qarşı birləşməyi tələb edir.Thucydides, History of the Peloponnesian War IV 58–65.Marchant, E. C. (1933).

E.ə. 415-ci ildə Afina Siciliyanı fəth etmək üçün böyük bir donanma göndərdikdə, Hermokrat Afina əleyhinə koalisiyanın genişləndirilməsinə çağırış etdi; müttəfiq tapmaq məqsədilə Sparta, Korinf, Karfagen və İtaliyaya elçilər göndərdi.Thucydides VI 32–34. Afinalılar Kataniyada baza yarada bildilər və Anapus çayı sahilində sirakuzalıları məğlub etdilər. Hermokrat şəhər istehkamlarının genişləndirilməsinə çağırdı və ənənəvi on beş sərkərdə sistemini ləğv edərək müharibə səylərinə rəhbərlik üçün üç nəfərin seçilməsinə nail oldu. O, Heraklidi və Sikan ilə birlikdə Sirakuzanın üç strateqindən biri seçildi.Thucydides VI 72–73. O, həmçinin Afinanın müttəfiqi olan Kamarina sakinlərini müharibədə neytral qalmağa razı sala bildi. Döyüş meydanında uğur qazana bilmədiyi üçün strateq vəzifəsindən azad edilsə də, sonradan Siciliyaya gələn Sparta sərkərdəsi Qilippin ən mühüm məsləhətçilərindən birinə çevrildi. O, artıq Sirakuza əsgərlərindən ibarət dəstəyə komandanlıq edirdi və Qilipplə birlikdə Afinanın Sirakuza mühasirəsi zamanı onlara qalib gəldi. Afina qüvvələri məğlub edildikdən sonra Hermokrat hərbi əsirlərlə xeyirxah davranmağa çağırsa da, bu təklifi nəzərə alınmadı.

E.ə. 412-ci ildə Sirakuza afinalılara hücumda spartalı müttəfiqlərinə kömək etmək üçün şərqə gəmilər göndərdi. Admiral təyin edilən Hermokrat Afina gəmilərinə qarşı bir neçə toqquşmada Sirakuza gəmilərinə rəhbərlik etdi, lakin Kizik döyüşündə tamamilə məğlub oldu. Sparta və müttəfiqləri darmadağın edildi; Sirakuzadakı siyasi rəqibləri isə məğlubiyyətə görə onu günahlandıraraq, qiyabi olaraq sürgün olunmasına nail oldular.Thucydides VIII 85.

O, sürgündə olduğu müddətdə Siciliyanın Selinunt şəhəri ilə Afinanın müttəfiqi olan rəqib Seqesta şəhəri arasında müharibə başladı. Afinadan kömək ala bilməyən Seqesta Karfagendən yardım istədi və e.ə. 410-cu ildə Hannibal Maqon Siciliyaya hücum etdi. Hermokrat bir ordu təşkil edərək Karfagenliləri geri oturtmağı bacardı, lakin Sirakuzada Hermokratı dəstəkləyənlərlə onun əsas məqsədinin tiranlıq olduğunu deyərək onu pisləyənlər arasında siyasi zəmində iğtişaşlar yarandı. O, e.ə. 407-ci ildə küçə döyüşündə öldürüldü.

İstinadlar

Xarici keçidlər Livius.org: Hermocrates

Kateqoriya:E.ə. V əsrdə doğulanlar Kateqoriya:Sirakuzda (Siciliya) vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Qədim Yunanıstan sərkərdələri Kateqoriya:Qədim Yunanıstan şəxsləri