Ordubad qayğanağı — Ordubadın milli yeməyi.
Hazırlanması Ordubad qayğanağını hazırlamaq üçün bişmə temperaturuna nəzarət etmək və qayğanağı vaxtında çevirmək tələb olunur. Əgər şərtlərə əməl edilərsə, qayğanağın içi havalı olur, üzəri isə qırmızı rəngli pərdə ilə örtülür. Yumurta sayı 12 olur və yumurtalar ağaranadək qarışdırılır. Daha sonra 1 çay qaşığı un və 1 çimdik duz üstünə əlavə edilir.
Yağ iki qazanda əridilir. Yumurta çalınıb qazançaya tökülür, qayğanaq şişəndən sonra onun üstünə digər qazandakı yağ tökülür. Yağı canına çəksin deyə qayğanaqda deşik açılır. Qayğanaq bir az sərtləşəndə o biri üzünə çevrilir. Hazır qayğanaq-piroqun üzərinə soyuq bal şərbəti tökülür və çayla süfrəyə təqdim edilir.
Şərbəti hazırlamaq üçün suyun üstünə bal və ya şəkər tozu əlavə edilir. Bir qazançada qaynayana qədər qaynadılır və daha sonra soyudulur.
Adətlər Ordubad adətinə görə, toydan sonra ikinci gün gəlin adamları ərin evinə dəvət edilir. Qız evinin xanımları ballı qayğanaq hazırlayırlar və bütün qonaqlara bu yeməkdən verirlər. Bu adət şirin ailə həyatını təcəssüm etdirmək məqsədi daşıyır. Belə ailədə ər və arvad xoşbəxt olurlar, inama görə, onların gözəl və bal kimi şirin həyatları olur.
İstinadlar
Kateqoriya:Ordubad mədəniyyəti Kateqoriya:Azərbaycan mətbəxi