Mahmud Həsən Diobendi (;) — hindistanlı İslam alimi və siyasi fəal.

Bioqrafiyası 1851-ci ildə anadan olmuşdur.

İlk təhsilini atası Zülfiqar Əlidən, əmisindən və digər alimlərdən almış, Darul-Ülumun ilk tələbəsi olmuşdur. 1875-ci ildə isə eyni təhsil müəssisəsinində müəllim işləməyə başlamışdır.

1877-ci ildə həcc ziyarətinə yollanmış, həm də müxtəlif alimlərdən hədis, təsəvvüf öyrənmiş və xəlifəlik almışdır.

1888-ci ildə başmüəllim, 1905-ci ildə isə Darul-Ülumun rektoru olmuşdur. Onun rektorluq etdiyi müddətdə Darul-Ülumun nüfuzu artmış, Əfqanıstan, Türküstan, Buxara, Yəmən, İndoneziya və başqa yerlərdən təhsil almaq üçün buraya tələbələr gəlməyə başlamışdır.

1913-cü ildə müsəlman gəncləri ingilis təhsil sisteminin təsirindən xilas etmək məqsədilə "Nəzarətül-maarifil-Quraniyyə"ni qurmuş, Qərb üslubunda fəaliyyət göstərən məktəblərlə klassik üslubda təhsil verən mədrəsələr arasındakı metod və düşüncə fərqini azaltmaq məqsədilə müasir təhsil müəssisəsi olan "Mohammadan Anglo-Oriental High School" (Aligarh Kolleci) ilə Darul-Ülum arasında müəllim və tələbə mübadiləsi haqqında saziş imzalamışdır.

Osmanlı dövlətinin Tripoli və Balkan müharibələri vaxtı (1911–1913) Mahmad Həsən Darul-Ülumu müvəqqəti olaraq bağlamış, başda dostları və tələbələri olmaqla müsəlmanları Osmanlılara köməyə çağırmışdır. Bu vəziyyəti Hindistandakı ingilis müstəmləkəsini zəiflətmək üçün də əlverişli fürsət hesab edən Mahmud Həsən, işlərini daha asan idarə etmək məqsədilə Dehliyə köçmüş, etibar etdiyi tələbələrinə Əfqanıstan sərhədindəki Yağıstanda hərbi düşərgə yaratmaq tapşırığı vermişdir. Həmçinin tələbəsi Ubeydullah Sindini siyasi və lazımi təşkilati dəstək almaq məqsədilə 1915-ci ildə Əfqanıstana göndərmişdir. Sindi burada diplomatik fəaliyyət göstərmiş və sürgündə qurulan Hind hökumətində Hindistandan məsul nazir təyin olunmuşdur.

1915-ci ildə ikinci dəfə həccə gedən Mahmud Həsən Məkkədə Hicaz valisi Qalib, Mədinədə isə Ənvər və Camal paşalar ilə görüşmüşdür. Hicazdan Yağıstana getmək istəsə də, rusların yolları bağlaması ucbatından buna nail ola bilməmişdir.

Məkkədə elmi fəaliyyətini davam etdirməyə çalışarkən Şərif Hüseynin Osmanlı dövlətinə qarşı üsyanı zamanı (oktyabr 1916) ingilislər tərəfindən həbs edilmiş və təqsirli bilinərək Maltaya sürgün edilmişdir (21 fevral 1917). Hadisə Hindistanda duyulduqda ingilis hökumətinə qarşı keçirilən nümayişlərdə onun azad edilməsi tələb olunsa da, bu etirazlar nəticə verməmişdir. Mahmud Həsən Maltada təxminən üç il saxlanıldıqdan sonra 12 mart 1920-ci ildə üç dostu ilə birlikdə Hindistana göndərilmişdir.

O, yaşlı olmasına və ingilislərin xəbərdarlıqlarına məhəl qoymayaraq, ölkənin müxtəlif şəhərlərinə səfərlər etmiş, ingilis müstəmləkəsinə qarşı xalqı arasında təbliğat işləri görmüş və1919-cu ilin noyabrında yaradılan "Xilafət Komitəsi"ni dəstəklədiyini bildirmişdir. Bu komitəsi ona "Şeyxül-hind" titulunu vermişdir.

O, eyni zamanda Aligarh Kollecinin ingilispərəst siyasətindən əl çəkməməsi səbəbilə "Cəmiə Milliyyə İslamiyyə" adlı yeni universitetin yaradılması fikrini dəstəkləmiş və 29 oktyabr 1920-ci ildə bu universitetin açılışını etmişdir.

Aligarhda ingilis hökuməti əleyhinə çox təsirli çıxışlar edən Mahmud Həsən hökuməti ilə bütün əlaqələrin kəsilməsi barədə fətva vermiş, 1919-cu ildə qurulan "Cəmiyyəti-Uləmayi-Hindi"n ikinci toplantısında (19–21 noyabr 1920) ingilisləri İslam və müsəlmanların ən böyük düşməni elan etmişdir. Toplantının sonunda onun Aligarhda verdiyi fətva təxminən 500 alim tərəfindən imzalanaraq qurumun ortaq fətvası kimi ictimaiyyətə elan olunmuşdur.

Mahmud Həsən Diobendi 30 noyabr 1920-ci ildə vəfat etmiş və Diobenddə dəfn edilmişdir.

O, "Ədilləi-Kamilə", "Təshihu Əbi Davud", "Mudihul-Furqan" və başqa əsərlərin müəllifidir.

İstinadlar

Kateqoriya:Diobendi Kateqoriya:Matüridilər