Oles (Aleksandr) Gennadiyeviç Sanin (; ) — Ukrayna kinorejissoru, aktyoru, operatoru, prodüseri, musiqiçisi və heykəltaraşıdır. Ukraynanın xalq artisti (2024), Aleksandr Dovjenko adına Ukrayna Dövlət mükafatı (2004) və Taras Şevçenko adına Ukrayna Milli mükafatı (2025) laureatıdır.
Həyatı Oles Sanin Volın vilayətinin Kamen-Kaşirski şəhərində anadan olmuşdur. O, İ. K. Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin 1993-cü ildə aktyorluq şöbəsini (Valentina Zimnyayanın emalatxanası), 1998-ci ildə isə bədii film rejissorluğu kursunu (Leonid Osıkanın emalatxanası) bitirmişdir. Niderland və ABŞ-də təcrübə keçmişdir. 1994–2000-ci illərdə "Internews Network" beynəlxalq korporasiyasının Ukrayna nümayəndəliyində rejissor, operator, filmlər və telelayihələr departamentinin rəhbəri vəzifələrində çalışmışdır. O, bir çox sənədli filmin ("Internews Network", "Canal+", "1+1" kanalı, "NTV", "TNT", "POLSAT", "DALAS studio", "IKON", "PRO Helvecia" və s. istehsalı olan) prodüseri olmuşdur.
Bir sıra sənədli və bədii qısametrajlı filmlərin operatoru və rejissorudur. 2003-cü ildə ərsəyə gətirdiyi "Mamay" filminə görə Aleksandr Dovjenko adına Ukrayna Dövlət mükafatına, həmçinin "Ukrayna İncəsənət Akademiyasının gümüş medalı"na və "Lümyer qardaşları adına gümüş medal"a layiq görülmüşdür. 2003-cü ildə Ukrayna "Mamay" filmini Amerika Kino Akademiyasının "Oskar" mükafatına namizədliyini irəli sürmüşdür.
Oles Sanin bandura, torban və təkərli lira alətlərində ifa edir. O, həmçinin musiqi alətləri hazırlamaqla məşğul olur. "Oles Smık" təxəllüsü ilə Kiyev Kobzar Sexinin üzvüdür.
Filmoqrafiyası
Bədii filmlər 1995 — Atentat: Münhendə payız qətli (Atentat: Osinnye ubyivstvo v Myunxene) — aktyor 2003 — Mamay (Mamay) — rejissor, ssenari müəllifi, aktyor 2012 — Matç (Matç) — ikinci rejissor 2013 — Bələdçi (Povodyir) — rejissor, ssenarist 2021 — Dovbuş (Dovbuş) — rejissor
Sənədli filmlər 1994 — Ana Nadiyya (Matinka Nadiya) 1994 — Fırtına (Burya) 1995 — Soyuqdur (Zımno) 1996 — Səhra (Pustın) 1998 — Morjun rəqsi (Tanok morja) — həmmüəllif 1999 — Millət. Lemkilər (Natsiya. Lemkı) 1999 — Millət. Yəhudilər (Natsiya. Yevreyi) 1999 — Günah (Qrix) 2000 — Milad və ya hutsullar dünyanın sonunu necə gözləyirdilər (Rizdvo, abo yak hutsulı kintsya svitu çekalı) 2001 — Akvarel (Akvarel) 2005 — Yeddinci gün (Den syomıy) — quruluşçu rejissor; "Narıncı inqilab" haqqında film 2007 — Fərari (Perebijçık) — Mark Conatan Harris ilə həmmüəlliflikdə
Mükafatları Oles Saninin yaradıcılıq fəaliyyəti aşağıdakı dövlət mükafatları və fəxri adlarla qeyd edilmişdir:
* 18 avqust 2004-cü il — Aleksandr Dovjenko adına Ukrayna Dövlət mükafatı — "Mamay" tammetrajlı bədii filminin yaradılmasında görkəmli yaradıcılıq töhfəsinə görə (kollektiv tərkibində); 23 avqust 2014-cü il — Ukraynanın əməkdar artisti — Ukraynanın dövlət quruculuğuna, sosial-iqtisadi, elmi-texniki, mədəni-təhsil inkişafına verdiyi mühüm şəxsi töhfəyə, əhəmiyyətli əmək nailiyyətlərinə və yüksək peşəkarlığına görə; 13 sentyabr 2024-cü il — Ukraynanın xalq artisti — kino sənətinin inkişafında mühüm şəxsi töhfəsinə, əhəmiyyətli yaradıcılıq nailiyyətlərinə, yüksək peşəkar ustalığına görə və Ukrayna kinosu günü münasibətilə; 5 mart 2025-ci il — Taras Şevçenko adına Ukrayna Milli mükafatı — "Dovbuş" tammetrajlı bədii filminə görə.
İstinadlar
Kateqoriya:Ukrayna aktyorları Kateqoriya:Ukrayna heykəltaraşları Kateqoriya:Ukrayna kinorejissorları Kateqoriya:Ukrayna prodüserləri Kateqoriya:Ukraynanın əməkdar artistləri Kateqoriya:Ukraynanın xalq artistləri