Şirməmməd Ağaməmməd oğlu Hüseynov () — Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru.

Həyatı Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirib. 1941–1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. 1945–1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950–1954-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954–1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962–1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini, 1961–1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971–1976-cı illərdə isə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971–1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti, 1976–1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri 1988-ci ildən isə BDU, mətbuat tarixi kafedrasının professoru olmuşdur.

24 iyun 2019-cu ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ailəsi Şirməmməd Hüseynovun böyük qızı Fərəh Əliyeva Mədəniyyət və İncəsənət Universitetinin rektoru, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. Kiçik qızı Lalə Hüseynova Azərbaycan Milli Konservatoriyasının Elmi İşlər üzrə prorektorudur.

Siyasi fəaliyyəti 2000-ci il parlament seçkilərində Şirməmməd Hüseynov Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 15-ci sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Şirməmməd Hüseynov deputat seçilə bilməmişdir.

Mükafatları 1948 — "Nizami təqaüdü" 1966–1972: "Qızıl qələm" mükafatı 1988 — "Əməkdar jurnalist" fəxri adı 1991 — Zərdabi adına mükafat 1992 — Y. Məmmədəliyev adına mükafat 1998 — Məhəmməd Əmin Rəsulzadə adına mükafat 2014 — "Şərəf" ordeni

Kitabları Məhəmməd Əmin Rəsulzadə əsərləri (5 cild). Bakı, 1992–2018 Azərbaycan legionerləri. Bakı, 2003 Milli haqq və ədalət axtarışında. Bakı, 2004 Mənəvi irsimiz və gerçəklik. Bakı, 2004 Azərbaycan dilində ilk bolşevik nəşrləri. Bakı, 1987

İstinadlar

Xarici keçidlər Milli Metr — Şirməmməd Hüseynov Shirmemmed Huseynov ve Ulker Huseynova TRT Ömür Dediğin 121. bölüm Şirməmməd Hüseynovun Cümhuriyyəti Şirməmməd Hüseynov "Qondarma Erməni Soyqırımı" haqqında Mətbuat Aynasında: Cümhuriyyət parlamentinin açılışı Şirməmməd Hüseynov vəfat etdi

Kateqoriya:Pedaqoqlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Müsavat Partiyasının üzvləri