Hidayət Şəfkətli Tuksal (; ) — Türkiyəli insan haqları fəalı, İslam feministi və köşə yazarı. O, Mardin Artuklu Universitetində ilahiyyat üzrə mühazirə oxuyur.
Həyatı Hidayət Şəfkətli Tuksal 1963-cü ildə Ankara şəhərində, Balkan mənşəli müsəlman ailədə anadan olub. 1980-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsinə daxil olub. Orada təhsil aldığı müddətdə dini təriqətə qoşulub və hicab bağlamağa başlayıb. Daha sonra həmin universitetdə İslam ilahiyyatı üzrə doktorluq dərəcəsi (PhD) alıb.
1994-cü ildə Tuksal Paytaxt Qadın Platformasının (Başkent Kadın Platformu) həmtəsisçisi olub. Bu platforma seksizmin (cinsi ayrı-seçkiliyin) dini əsaslarına etiraz edir, eyni zamanda dindar qadınların dünyəvi mühitlərdə qarşılaşdıqları ayrı-seçkilik və ədalətsizliyə diqqət çəkirdi. Tuksal Orta Şərq Texniki Universitetində (ODTÜ) fəlsəfə üzrə aspirantura təhsili alıb. Lakin hicabına görə qarşılaşdığı maneələr və hücumlar səbəbindən universiteti tərk etmək məcburiyyətində qalıb. Bəyəndiyi bir iş tapa bilmədiyi üçün bacıları və anası ilə birlikdə geyim mağazası açıb. Doktoranturaya daxil olmazdan əvvəl bir müddət İmam Hatip məktəbində müəllimlik edib.
1997-ci il "postmodern çevrilişi" və 28 fevral prosesindən sonra Türkiyənin təhsil müəssisələrində hicab qadağan edildi. Tuksal bunu bir "qadın məsələsi" kimi xarakterizə edərək, bu prosesdən ən çox hicablı qadınların zərər gördüyünü bildirib. O qeyd edirdi ki, hətta bəzi mühafizəkar müsəlman və islamçı kişilər belə, hakim Kamalist diskursun təsiri ilə islamçı qurumlarda çalışan hicablı qadınları "təqdimat üçün uyğun" hesab etmirdilər. Tuksal özünü dindar feminist kimi tanıdır. O, dini mətnləri tədqiq edərək qadınların kənarlaşdırılmasına səbəb olan islamçı ideyalara meydan oxuyub. 2001-ci ildə hədislərdə gender qərəzliliyinə dair akademik araşdırma yazıb. O, hədislərdə qadın hüquqları ilə bağlı ziddiyyətli iddiaların həll edilməsinə çağırıb. Türkiyənin islamçı qadın hərəkatının tarixini qələmə alıb və ölkədəki islamçı və dünyəvi feministlər arasındakı uçuruma diqqət çəkib.
2004-cü ildə AKP-nin zinaya görə cinayət məsuliyyəti gətirmək təklifi qarşısında Tuksal səssiz qalıb. O, bunu belə əsaslandırıb ki, əks halda elə görünə bilərdi ki, sanki o, zinanın tərəfdarıdır. 2008-ci ildə isə o, "Erməni soyqırımı üçün üzr istəyirəm" kampaniyasını imzalamayıb.
Hazırda İslam və qadın məsələləri üzərində işləyən Tuksalın media sahəsində də fəaliyyət göstərir. Köşələr yazır. O, təxminən iki il "Star" qəzetində yazdıqdan sonra 11 fevral 2011-ci ildə oradan ayrılıb. 7 iyun 2012-ci ildə "Taraf" qəzetində yazmağa başlayıb, 2 may 2013-cü ildə isə həmin qəzetdən istefa verib.
Hidayət Şəfkətli Tuksal ailəlidir və üç övladı var.
Əsəri Hidayet Şefkatli Tuksal, "Kadın Karşıtı Söylemin İslam Geleneğindeki İzdüşümleri", Kitâbiyat, Ankara, 2001.
İstinadlar
Xarici keçidlər
Diyanet iyi ama gayretli değil İslam ve Kadın Kadın İmama Türkiye'den Destek Yok Kadın Karşıtı Söylem Türbanı top top yapalım Sivil Mikrofon podcast'ine konuk olduğu yayın 2000'de Birikim Dergisi'ne verdiği röportaj Hidayet Şefkatli Tuksal: Kapitalist oluyor da Müslüman feminist neden olmasın?
Kateqoriya:Türk feministlər