Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) sosial təminat qurumları və hökumət departamentləri (mərkəzi icra hakimiyyəti orqanları) üçün dünyanın aparıcı beynəlxalq təşkilatıdır. 1927-ci ildə əsası qoyulan BSTA-nın 165 ölkədən 340-dan çox üzv təşkilatı var. Onun mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) binasında yerləşir.
Sosial təminat Sosial təminatın əsas insan hüququ kimi tanınması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (1948) təsbit edilmişdir. Sosial təminat proqramlarının inkişafı beynəlxalq ictimaiyyətin ən mühüm sosial nailiyyətlərindən biri hesab olunur, lakin onun təkmilləşdirilməsi və genişləndirilməsi hələ də bir çağırış olaraq qalır. BƏT-in məlumatına görə, 2024-cü ilə qədər dünya əhalisinin 52,4 faizi ən azı bir sosial müdafiə ödənişi ilə əhatə olunmuşdur.
BSTA-nın Konstitusiyasına əsasən, "sosial təminat" termini qanunvericilik tərəfindən müəyyən edilmiş hər hansı sxem və ya proqram, yaxud istehsalat qəzaları, peşə xəstəlikləri, işsizlik, analıq, xəstəlik, əlillik, yaşlılıq, pensiyaya çıxma, ailə başçısını itirmə və ya ölüm hallarında nağd və ya natura şəklində müdafiəni təmin edən hər hansı məcburi tənzimləmə deməkdir və digərləri ilə yanaşı, uşaqlar və digər ailə üzvləri üçün sosial ödənişləri, səhiyyə xidməti ödənişlərini, profilaktika, reabilitasiya və uzunmüddətli qulluğu əhatə edir. Buraya milli qanunvericiliyə və ya təcrübəyə uyğun olaraq ölkənin sosial təminat sisteminin bir hissəsini təşkil edən sosial sığorta, sosial yardım, qarşılıqlı mənfəət sxemləri, təminat fondları və digər tənzimləmələr daxil ola bilər.
Məqsədlər BSTA peşəkar təlimatlar və potensialın artırılması, innovativ həllərin təklif edilməsi, bilik və məlumatların bölüşdürülməsi, yüksəksəviyyəli regional və qlobal tədbirlərin təşkil edilməsi və beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyət vasitəsilə sosial təminatda mükəmməlliyi təşviq edir.
Tarixi BSTA 1927-ci il 4 oktyabr tarixində Bekçikanın Brüssel şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) tabeliyində Xəstəlik Sığortası Fondları və Qarşılıqlı Yardım Cəmiyyətlərinin Beynəlxalq Konfransı (Conférence internationale des unions nationales de sociétés mutuelles et de caisses d'assurance-maladie) adı altında təsis edilmişdir.
Adı 1936-cı ildə Praqada (Çexoslovakiya) Beynəlxalq Sosial Sığorta Konfransına (Conférence internationale de la mutualité et des assurances sociales (CIMAS)) dəyişdirilmişdir. Hazırkı ad – Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) 1947-ci ildə İsveçrənin Cenevrə şəhərində yeni Konstitusiya ilə birlikdə qəbul edilmişdir.
BSTA-nın yaradılmasının yüzilliyi 2027-ci ilə təsadüf edir.
Beynəlxalq əməkdaşlıq BSTA qlobal müstəvidə sosial təminat təşkilatlarının səsidir, BƏT ilə sıx çalışır və beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir. BSTA bütün dünyada vətəndaşlara sosial təminatın genişləndirilməsi, təkmilləşdirilməsi və çatdırılması yolları üzrə beynəlxalq müzakirələrə institusional perspektiv təqdim edir.
BƏT BSTA-nın ən yaxın tərəfdaşı olmağa davam edir. BSTA ilə BƏT birlikdə tədbirlər təşkil edir, tədqiqatlar, məlumatlar və nəşrlər hazırlayır, xidmətlər göstərir və beynəlxalq və regional forumlarda sosial təminatı təşviq edirlər.
BSTA həmçinin Sosial Müdafiə üzrə Qurumlararası Əməkdaşlıq Şurasının (SPIAC-B) üzvüdür.
Məhsullar və xidmətlər
Bilik bazası Praktik – BSTA-nın Təlimatları sosial təminat inzibatçılığında mükəmməlliyi təmin etmək məqsədi daşıyan müxtəlif mövzularda təklif olunan peşəkar standartlardır. Analiz – BSTA sosial təminat inzibatçılığı üzrə nəşrlər və məqalələr hazırlayır. Tədqiqat – Beynəlxalq Sosial Təminat İcmalı sosial təminat sahəsində əsas beynəlxalq rüblük nəşrdir. İnnovasiya – Sosial təminatda innovasiya Birgə İnnovasiya Mərkəzi, Yaxşı Təcrübə Mükafatları müsabiqəsinin bir hissəsi kimi İnnovasiyaya görə Xüsusi Fərqlənmə və seçilmiş beynəlxalq tədbirlərdə İnnovasiya Zonası vasitəsilə təşviq edilir. Məlumat bazaları – BSTA 190-dan çox ölkə və ərazidə sosial təminat üzrə ölkə profillərinə və dünyanın hər yerindən qabaqcıl təcrübələrə çıxış təklif edir.
Şəbəkələr Texniki – BSTA-nın üzv təşkilatları sosial təminat sahəsində əsas sahələri və kəsişən məsələləri əhatə edən 15 texniki komitə və işçi qruplarının işində iştirak edə bilərlər. Regional – BSTA regional səviyyədə fəaliyyətlər, tədbirlər və mükafatlar təklif edir və onun regional və linqvistik strukturlarının geniş şəbəkəsi BSTA-nı bütün dünyadakı üzvlərinə daha da yaxınlaşdırır. Beynəlxalq – BSTA üzvləri beynəlxalq tədbirlərə və şəbəkələşmə imkanlarına çıxış verən sosial təminat liderləri və ekspertlərdən ibarət unikal qlobal icmanın bir hissəsidir.
Tədbirlər Ümumdünya və regional forumlar – Hər üç ildən bir BSTA Afrika, Amerika, Asiya və Sakit okean hövzəsi və Avropadakı üzvləri üçün yekun Dünya Sosial Təminat Forumu ilə nəticələnən regional forumlar təşkil edir. Dünya Forumu sosial təminat üzrə üç ildən bir keçirilən ən mühüm qlobal tədbirdir. Beynəlxalq konfranslar – BSTA sosial təminatın konkret sahələrində üç aparıcı beynəlxalq konfrans təklif edir: Aktuarilər, Statistika və İnvestisiya Mütəxəssisləri; İnformasiya və Kommunikasiya Texnologiyaları; İdarəetmə və İnnovasiya. Bundan əlavə, BƏT ilə birlikdə o, Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Dünya Konqresini birgə təşkil edir. Əyani və onlayn tədbirlər – BSTA tez-tez öz regional strukturları, texniki komissiyaları və işçi qrupları, eləcə də tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra əyani və onlayn tədbirlər təklif edir. Buraya texniki seminarlar, təlimlər və vebinarlar daxildir. Podkastlar – "Sosial Təminat Səsləri" podkastı BSTA üzvləri və tərəfdaşları ilə müsahibələr vasitəsilə qlobal fikirləri bölüşür.
Bacarıqların artırılması Diplom təlimi – Diplom təlimi kursları Təlimatların praktik istifadəsi haqqında biliklər vasitəsilə üzv təşkilatlara və onların işçilərinə potensialın qurulması imkanlarını təmin edir. Magistratura – İctimai Fəaliyyətin İdarə Edilməsi və Beynəlxalq Sosial Təminat üzrə İcraçı Ustadların Hazırlanması Proqramı sosial təminat təşkilatlarında qabaqcıl liderlik, idarəetmə və texniki potensialın qurulmasına diqqət yetirir.
Mükəmməlliyin qiymətləndirilməsi Qiymətləndirmə (Tanıtım) Proqramı – Qiymətləndirmə Proqramı BSTA Təlimatlarının icrasının rəsmi qiymətləndirilməsini və tanınmasını təklif edir və bu sahədə uğurlu olan üzv qurumları Mükəmməllik Sertifikatları ilə təltif edir. BSTA Mükafatları – Yaxşı Təcrübə Mükafatı müsabiqəsi Afrika, Amerika, Asiya və Sakit okean hövzəsi və Avropada keçirilir. Sosial Təminatda Üstün Nailiyyət Mükafatı bir ölkəyə təqdim olunur. BSTA həmçinin Beynəlxalq Sosial Təminat Video Mükafatı müsabiqəsini də təşkil edir.
Üzvlük BSTA 165 ölkədən 340-dan çox üzv təşkilata malikdir. Tamhüquqlu (afilə) üzvlüyə hökumət departamentləri (mərkəzi icra hakimiyyəti orqanları), qurumlar, agentliklər və sosial təminatın bir aspektini birbaşa idarə edən digər qurumlar və onların (qeyri-beynəlxalq) federasiyaları daxildir. Assosiativ üzvlüyə məqsədləri BSTA-nın məqsədlərinə uyğun olan, lakin tamhüququlu (afilə) üzvü olmaq üçün ixtisaslaşmayan (qeyri-beynəlxalq) təşkilatlar daxildir.
İdarəetmə strukturu BSTA-nın əsas nizamnamə orqanları üzv təşkilatlar tərəfindən təyin edilmiş nümayəndələrdən ibarət olan Baş Assambleya (hər 3 ildən bir toplanır); ən azı bir afilə üzv təşkilatı olan hər bir ölkədən bir əsas (titular) və ya bir əvəzedici nümayəndədən ibarət olan Şura (adətən, Baş Assambleyanın hər sessiyasında toplanır); Prezident, Xəzinədar, Baş Katib və 4 coğrafi regionun seçilmiş nümayəndələrindən ibarət olan Bürodur (ildə ən azı bir dəfə toplanır).
Azərbaycandan olan təşkilatların BSTA-da fəaliyyəti Azərbaycandan Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2004-cü ildən, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) 2023-cü ildən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2026-cı ildən BSTA-da tamhüquqlu üzv, Sosial Xidmətlər Agentliyi isə 2025-ci ildən assosiativ üzv statusunda təmsil olunurlar. Əməkdaşlıq çərçivəsində DSMF və DOST Assosiasiya daxilində mühüm strateji mövqelərə malikdirlər. DSMF-nin idarə heyətinin sədri BSTA-nın ali idarəetmə orqanı hesab edilən Bürosunun üzvü və Assosiasiyanın Avropa Şəbəkəsinin İdarəetmə Komitəsinin üzvüdür.
BSTA-nın regional və qlobal səviyyəli forumlarında Azərbaycanın dövlət qurumlarının fəaliyyəti, xüsusən sosial xidmətlərin rəqəmsallaşdırılması və qabaqcıl sosial təminat mexanizmlərinin tətbiqi sahəsindəki təcrübələri Assosiasiya tərəfindən müvafiq mükafatlar və idarəetmə sertifikatları ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Beynəlxalq peşəkar assosiasiyalar