Alfreda Nonsiya Markovskaya () — Polşa-qarçı qadın ictimai fəalı. O, İkinci Dünya müharibəsi zamanı Holokost və Porajmos soyqırımında təxminən əlli yəhudi və qaraçı uşağını ölümdən xilas etməsi ilə məşhurdur. Həyatı Alfreda Markovskaya İkinci Polşa Respublikasının Kresı bölgəsində, Stanislavov (indiki İvano-Frankovsk vilayəti) ətrafındakı köçəri Polşa qaraçıları taborunda (səyyar düşərgə) anadan olub. Atası Yan at ticarəti ilə məşğul olurdu, anası Adel isə fala baxırdı. Hər ikisi köçəri Polşa qaraçıları icmasının üzvləri idi.

1939-cu ildə Üçüncü Reyxin Polşanı işğal etməsi onu Lvovda yaxaladı. İosif Stalin və Adolf Hitler arasındakı Molotov-Ribbentrop paktı çərçivəsində Sovet İttifaqı da Polşanı işğal etdikdən sonra, onun taboru Polşanın Almaniya tərəfindən işğal olunmuş hissəsinə köçdü. Almanlar Biala Podlyaska yaxınlığındakı qırğında onun valideynləri və bacı-qardaşları da daxil olmaqla ailəsinin bütün üzvlərini (65-85 nəfər) qətlə yetirdilər. Alfreda sağ qalan yeganə şəxs idi. Çünki həmin səhər ərzaq almaq üçün yaxınlıqdakı kəndə getmişdi. Orada bir qadın onu tabora qayıtmamaq barədə xəbərdar etdi və öz anbarında gizlənməsini tapşırdı. Ailəsinin basdırıldığı kütləvi məzarlığı tapmaq üçün günlərlə yerli meşələrdə axtarış apardı. Daha sonra Rozvadova getdi və burada 1942-ci ildə, 16 yaşında ailə qurdu. O və həyat yoldaşı Stanislavovda olarkən küçə basqınları zamanı Ukrayna polisi tərəfindən tutularaq almanlara təhvil verilsələr də, cütlük qaçmağı bacardı. Bundan sonra onlar Lyublin, Lodz və Beljetsdəki qaraçı gettolarına köçməyə məcbur edildilər. Lakin oradan da qaçaraq yenidən almanların qaraçılar üçün əmək düşərgəsi təşkil etdiyi Rozvadovda məskunlaşdılar.

Xilasetmə fəaliyəti Rozvadovda yaşadığı müddətdə Alfreda dəmir yolunda işə düzəldi və bu ona həbs olunmaqdan müəyyən qədər müdafiə təmin edən iş icazəsi (Kennkarte) almaq imkanı verdi. O, nasistlərin əli ilə ölümə məhkum edilmiş yəhudi və qaraçıların, xüsusilə də uşaqların xilas edilməsi işinə cəlb olundu. Alfreda yəhudi və qaraçı əhalisinin kütləvi şəkildə qətlə yetirildiyi məlum olan yerlərə səyahət edir və sağ qalanları axtarırdı. Tapdığı uşaqları öz evinə gətirir, onları gizlədir və almanlardan qorumaq üçün saxta sənədlər hazırlayırdı. Onun şəxsən təxminən 50 uşağı ölümdən xilas etdiyi təxmin edilir.

1944-cü ildə sovet ordusu ərazini azad etdi. Lakin Qızıl Ordunun qaraçıları zorla orduya cəlb etmək siyasətinə görə, Markovska həyat yoldaşı və xilas etdiyi uşaqların bəziləri ilə birlikdə (o cümlədən sovet əsgərlərindən qaçmaq istəyən bəzi alman uşaqları ilə) qərbə tərəf qaçdı. Onlar əvvəlcə mərkəzi Polşaya, daha sonra isə müasir Polşanın qərbindəki "Bərpa edilmiş Ərazilərə" köçdülər.

Onun bu qəhrəmanlığı uzun illər diqqətdən kənarda qalsa da, sonradan yüksək qiymətləndirildi. 2006-cı ilin oktyabrında, Polşanın o zamankı prezidenti Lex Kaçinski yəhudi və qaraçı uşaqlarını xilas etdiyinə görə ona "Polonia Restituta" ordeninin (Ulduzlu Komandor Xaçı) təqdim etdi. Prezident ona "insan həyatının xilas edilməsində göstərdiyi müstəsna xidmətlərə, qəhrəmanlığa və qeyri-adi cəsarətə görə" təşəkkür etdi.

Alfreda Markovska 30 yanvar 2021-ci ildə, 94 yaşında vəfat edib.Nie żyje babcia Nońcia

İstinadlar

Xarici keçidlər