right|thumb|Trans-Ərəbistan boru kəmərinin xəritəsi Trans-Ərəbistan boru kəməri (Trans-Arabian Pipeline, qısaca: TAPline) – Səudiyyə Ərəbistanındakı Qaysumadan Livandakı Sidon şəhərinə qədər uzanan keçmiş neft kəməri. Bu kəmər qlobal neft ticarətində, eləcə də Amerika-Yaxın Şərq siyasi münasibətlərində mühüm amil idi və Livanın iqtisadi inkişafına kömək edirdi. Boru kəməri, hazırda Aramco şirkətinin tam mülkiyyətində olan Trans-Ərəbistan Boru Kəməri Şirkəti tərəfindən tikilmişdi və onun tərəfindən də idarə olunurdu. Boru kəməri 1950–1976-cı illərdə tam fəaliyyətdə olub. Səudiyyə və İordaniya hissələri 1983-cü ildən fəaliyyətini məhdudlaşdırdı və 1990-cı ildə tamamilə dayandırdı.
Tapline, İran istisna olmaqla, Yaxın Şərqdə tikilmiş ikinci ən uzun neft kəməri idi. İraq Neft Şirkəti 1934-cü ildə iki ədəd 12 düymlük Kərkük-Hayfa neft kəmərini tamamladı və 1948–1949-cu illərdə 16 düymlük yeni boru xətti çəkərək gündəlik 250.000 barrel nominal tutuma çatdı. Lakin İraq yeni yaranan İsrail dövləti ilə əməkdaşlıq etməkdən imtina etdikdə İraq Neft Şirkəti kəmərin yarısını bağlamalı oldu. Tapline layihəsi başa çatdıqdan sonra "Bechtel" amerikan şirkəti İraq boru kəmərinə sutkada 300 min barrel ötürmə qabiliyyətinə malik 30 düymlük əlavə xətt çəkdi və bu iş 1952-ci ilin aprelində tamamlandı.
Tarixi thumb|Trans-Ərəbistan boru kəməri, 1950 thumb|Boruların qaynaqlanması, 1947 Trans-Ərəbistan boru kəməri layihəsinin tikintisinə 1947-ci ildə başlanılmış və işlər əsasən ABŞ-nin "Bechtel" şirkəti tərəfindən idarə olunmuşdur. "Consolidated Steel" şirkəti 1947-ci ilin mart ayında (mətbuatda elan tarixi) boru xəttinin 1570 km uzunluğundakı hissəsi üçün uzunluğu 9,45 metr (31 fut), diametri 30 və 31 düym olan boruların, "National Tube Company" (U. S. Steel-in törəmə şirkəti) isə əlavə 112 km borunun təmin olunması üçün müqavilə bağladılar. Bu, "Consolidated Steel" üçün ikinci belə boru müqaviləsi idi; həmin dövrdə şirkət eyni zamanda zavodun ilk böyük layihəsi olan Texas-Kaliforniya boru kəməri üzrə 343 km uzunluğunda və 30 düym diametrli hissənin icrası ilə də məşğul idi.
Əslində Trans-Ərəbistan boru kəməri Hayfa şəhərində başa çatdırılmalı idi. O dövrdə bu ərazi Fələstinin Britaniya mandatı altında idi. Lakin İsrail dövlətinin yaranmasından sonra alternativ marşrut seçildi və xətt Suriya ərazisindəki Colan təpələrindən və Livan ərazisindən keçərək Sidon şəhərində ixrac terminalına yönləndirildi. Eyni zamanda Kərkük–Hayfa neft boru kəmərinin 12 düymlük Hayfa qolu və demək olar ki, tamamlanmış 16 düymlük paralel xətt 1948-ci ilin aprelində bölgədəki münaqişə səbəbilə dayandırıldı və bundan sonra heç vaxt yenidən istifadəyə verilmədi.
Suriya hökuməti ilkin olaraq bu plana qarşı çıxmışdı. Lakin demokratik idarəçiliyi devirmiş hərbi çevrilişdən dörd gün sonra razılaşma təsdiqləndi. Çevrilişin lideri Husni əl-Zaim 136 gün sonra vəzifəsindən uzaqlaşdırıldı və öldürüldü, lakin layihənin qarşısını almaq artıq mümkün deyildi.
Süveyş böhranı zamanı ən böyük neft arteriyası olan Süveyş kanalı bağlandı. Kərkük-Baniyas boru kəmərinin Suriya torpağında yerləşən üç nasos stansiyası, paralel 12 düymlük və 16 düymlük Tripoli xətləri ilə birlikdə sabotaja məruz qaldı. Tapline isə normal fəaliyyətini davam etdirərək gündə 340.000 barrel neft nəql etməkdə idi. Paralel olaraq mövcud nasos stansiyalarında nəqletmə potensialının gündəlik 90.000 barrel artırılması üçün dörd ədəd 5000 at gücündə qaz turbin köməkçi nasosunun quraşdırılması da daxil olmaqla modernləşdirmə proqramı icra edilirdi. Lakin Səudiyyə hökuməti Sidonda Britaniya və Fransa tankerlərinin yüklənməsini qadağan etmiş və Bəhreyn neft şirkətinin gündəlik 200.000 barrel gücündəki neft emalı zavoduna gündə 170.000 barrel təşkil edən Səudiyyə Ərəbistanı neftinin tədarükünü dayandırmışdı.
Səudiyyə Ərəbistanı ilə Suriya və Livan arasında tranzit haqları ilə bağlı anlaşmazlıq, neft supertankerlərinin meydana çıxması və boru kəmərlərinin sıradan çıxması ilə bağlı illərlə davam edən davamlı mübahisələrdən sonra xəttin İordaniyadan kənar hissəsi 1976-cı ildə fəaliyyətini dayandırdı. Səudiyyə Ərəbistanı ilə İordaniya arasındakı xəttin qalan hissəsi 1990-cı ilə qədər az miqdarda neft nəql etməyə davam edirdi. Həmin il Səudiyyə Ərəbistanı Birinci Körfəz müharibəsi zamanı İordaniyanın İraqa dəstəyinə cavab olaraq boru kəmərini dayandırdı. Bu gün bütün xətt neft nəqli üçün yararsızdır.
Texniki xüsusiyyətləri Trans-Ərəbistan Boru Kəməri 1214 kilometr uzunluğa malik idi, diametri isə 30 düym (760 mm), bəzi hissələrdə 31 düym təşkil edirdi. Tikildiyi dövrdə bu kəmər dünyanın ən böyük neft boru kəməri sistemi hesab olunurdu. İlkin ötürmə qabiliyyəti sutkada 300.000 barrel (48.000 m³/gün) idi, lakin əlavə nasos stansiyalarının qurulması ilə bu göstərici sonradan təxminən gündəlik 500.000 barrelə (79.000 m³/gün) qədər artırılmışdır.
Tapline yolu thumb|Tapline yolu İraq-Səudiyyə sərhədi boyunca uzanan ən şimal yol kimi Tapline Yolu, Səudiyyə Ərəbistanının qərbində, Səudiyyə Ərəbistanının İordaniya ilə sərhədində yerləşən Turaifdən başlayaraq şərqdə Fars körfəzindəki Qaysumaya qədər uzanan iki zolaqlı magistral yoldur. Trans-Ərəbistan Boru Kəmərinə paralel olduğu üçün belə adlandırılıb. Tapline yolu, orta hesabla, Səudiyyə Ərəbistanının şimal sərhədindən cəmi 50 kilometr məsafədə yerləşirdi və uzunluğu 827,2 kilometr idi.
İlkin olaraq ARAMCO və Səudiyyə hökuməti tərəfindən istifadə edilən və torpaq-çınqıl olan bu yol, 1965-ci ilədək mülki və kommersiya nəqliyyatının istifadəsi üçün genişləndirilib asfaltlanmışdır. 1965-ci ildə isə Dammam şəhərinə qədər uzadılaraq Səudiyyə avtomobil yolları sisteminə daxil edilmişdir.
Tapline yolu əsasən "Saudi Aramco" şirkəti tərəfindən idarə olunan yarı-özəl yoldur və 6335 nömrəsi ilə işarələnmişdir. Bu yol 85 nömrəli magistralla birləşənədək həmin nömrəni daşıyır; bundan sonra yolun istismarı Səudiyyə Ərəbistanı Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.
Daha sonra marşrut 85 nömrəli magistral kimi davam edir və İordaniya sərhədi yaxınlığında 65 nömrəli magistralla kəsişir. Qurayyat ərazisindən keçərək Umari sərhəd-keçid məntəqəsində İordaniya ərazisinə daxil olur və burada İordaniyanın 30 nömrəli magistral yolu kimi davam edir. Tapline yolu/85-ci magistral dünyanın ən uzun düz yolu hesab olunur.
Həmçinin bax Saudi Aramco
İstinadlar
Kateqoriya:Saudi Aramco Kateqoriya:Ərəb–İsrail münaqişəsi Kateqoriya:İordaniya iqtisadiyyatı Kateqoriya:İordaniya tarixi Kateqoriya:Livan tikililəri Kateqoriya:Neft kəmərləri Kateqoriya:Səudiyyə Ərəbistanı tarixi Kateqoriya:Suriyada energetika Kateqoriya:İsrail iqtisadiyyatı