Hərbi birlik — bir neçə hərbi birləşmə və ya daha kiçik tərkibli birlikləri, yaxud ayrı-ayrı hissə və müəssisələri özündə birləşdirən hərbi təşkilat.

Hərbi hissə və birləşmələrdən fərqli olaraq, hərbi birliklərin tərkibi, bir qayda olaraq, sabit deyil. Hər bir konkret halda birliyin tərkibi onun təyinatı, yerinə yetirdiyi tapşırıqlar, hərbi əməliyyatlar teatrının xarakteri və hərb teatrının xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir. Hərbi birliklər yerinə yetirdikləri tapşırıqların miqyasına görə aşağıdakı növlərə bölünür: Operativ-strateji birliklər; Operativ birliklər; Operativ-taktiki birliklər.

Bundan əlavə, müvafiq sərhədlər daxilində hərbi-inzibati funksiyaları və tapşırıqları yerinə yetirmək üçün yaradılan ərazi ümumiqoşun birlikləri də mövcuddur (məsələn, Hərbi dairə).Советская военная энциклопедия. Т. 5. — М.: Воениздат, 1978. — С. 679.

Operativ-strateji birlik

Operativ-strateji birlik bir neçə operativ birlikdən, müxtəlif qoşun növlərinin, xüsusi qoşunların və xidmətlərin ayrı-ayrı birləşmə və hissələrindən ibarət olur. Müxtəlif ölkələrin silahlı qüvvələrində bu cür birliklərə aşağıdakılar nümunə göstərilə bilər: Cəbhə (Rusiya İmperiyası, SSRİ, Yaponiya); Ordu qrupu (ABŞ, Almaniya, Fransa, Böyük Britaniya); Donanma (Rusiya, SSRİ, ABŞ, Almaniya, Yaponiya); Hava donanması (Almaniya).

Operativ-strateji birliklər, bir qayda olaraq, müharibə dövründə operativ-strateji tapşırıqları həll etmək üçün yaradılır. Lakin bəzi hallarda onlar sülh dövründə də mövcud olur (məsələn, ABŞ Hərbi Dəniz Qüvvələrinin və ya Rusiya Dəniz Donanmasının tərkibindəki donanmalar).

Tarixi inkişafı

Cəbhə və ordular qrupu şəklində operativ-strateji birliklər Birinci Dünya müharibəsinin başlanğıcına qədər formalaşmış və ilkin olaraq strateji birliklər hesab edilmişdir. Onların yaradılmasının əsas səbəbi hərbi əməliyyatların miqyasının və onlarda iştirak edən qoşunların sayının əhəmiyyətli dərəcədə artması, habelə müxtəlif qoşun növlərindən ibarət mürəkkəb tapşırıqların icrası zərurəti idi. Operativ-strateji birliklərə rəhbərlik adətən silahlı qüvvələrin ali komandanlığı və ya hərbi əməliyyatlar teatrındakı qoşunların komandanlığı tərəfindən həyata keçirilir.

Operativ birlik

Operativ birliklər həm sülh, həm də müharibə dövründə yaradılır. Operativ birliyin tərkibinə müxtəlif qoşun növlərinin (qüvvələrinin), xüsusi qoşunların və xidmətlərin bir neçə hərbi birləşməsi və hissəsi daxildir.

Operativ birliyin təyinatı, müstəqil və ya birgə əməliyyatlar (döyüş hərəkətləri) keçirmək yolu ilə əsasən operativ tapşırıqları yerinə yetirməkdir. Operativ birliklərə aşağıdakılar nümunə göstərilə bilər: Ordu; Flotiliya; Eskadra; Donanma aviasiyası; Taktiki aviasiya komandanlığı.

Operativ birliklər müstəqil ola bilər və ya operativ-strateji birliklərin tərkibinə daxil ola bilər. Həmçinin, bəzi hallarda operativ birliklər bilavasiitə hərbi dairə komandanlığına tabe etdirilə bilər.Советская военная энциклопедия. Т. 5. — М.: Воениздат, 1978. — С. 680.

Operativ-taktiki birlik

Operativ-taktiki və ya ali taktiki birliklər müharibə dövründə ümumiqoşun ordusunun, Hava Hücumundan Müdafiə ordusunun, ordular qrupunun və ya cəbhənin tərkibinə daxil ola bilər. Sülh dövründə isə onlar adətən hərbi dairələrin tərkibində fəaliyyət göstərirlər.

Operativ-taktiki birlik silahlı qüvvələrin bir növünə aid olan müxtəlif qoşun növlərinin, xüsusi qoşunların və xidmətlərin birləşmə və hissələrindən ibarət olur. Bu birlik operativ-taktiki və taktiki tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulur. O, adətən operativ və ya operativ-strateji birliyin tərkibində, bəzi kiçikmiqyaslı əməliyyat istiqamətlərində isə müstəqil çıxış edir.

İkinci Dünya müharibəsi dövründə aşağıdakı orqanlar operativ-taktiki birliklərə aid edilirdi: Ordu korpusu; Mexanikləşdirilmiş korpus; Süvari korpusu.

İstinadlar

Ədəbiyyat siyahısı

Xarici keçidlər

8.39. Объединение вооружённых сил Глава 8. Вооружённые силы, Война и мир в терминах и определениях. «Россия создаёт новое военное объединение для защиты арктических границ», RT на русском. Сайт флот, Структура ВМФ. Сайт армстраде, Центр анализа мировой торговли оружием.

Kateqoriya:Hərb elmi Kateqoriya:Komandanlıq və nəzarət Kateqoriya:Hərbi quruculuq Kateqoriya:Hərbi terminlər