Qəzənfər Məhəmməd Əsl Roknabadi () — 2010-cu ildən 2014-cü ilə qədər İranın Livandakı səfiri vəzifəsində çalışmış iranlı diplomat. Rokanabadinin Livanın Hizbullah təşkilatı ilə güclü əlaqələri olduğu məlum idi. Livanda xidmət etdiyi müddətdə bir çox sui-qəsd cəhdindən sağ çıxa bilmişdir.
Həyatı Qəzənfər Rokanabadi 21 mart 1966-cı ildə İranın Qum şəhərində ailənin ilk övladı olaraq anadan olmuşdur. Onun 3 qardaşı və dörd bacısı var idi. 12 yaşında İran inqilabı ilə əlaqəli nümayişlərdə iştirak etmişdir. İran-İraq müharibəsi başladığı dövrdə 15 yaşında səfərbər olmuşdur və müharibənin sonuna qədər xidmət etmişdir.
1985-ci ildə Roknabadi İmam Sadiq Universitetinə qəbul olmuşdur və orada siyasi elmlər və islam təhsili üzrə magistr dərəcəsini almışdır. Daha sonra Livandakı Livan İcması Universitetində eyni sahə üzrə doktorantura təhsili almışdır. İngilis, ərəb və türk dillərində sərbəst danışırdı.
O, 1989-cu ildə evləndi və Zəhra, Fatimə və Reyhanə adlı üç qızı dünyaya gəldi.
Vəzifə tarixçəsi Roknabadi 1990-cı ildə Xarici İşlər Nazirliyinə işləməyə başlamışdır və aşağıdakı vəzifələrdə çalışmışdır:
Suriyadakı müvəqqəti işlər vəkili və səfir müavini İranın Qəzza Bərpa Komitəsinin sözçüsü Fələstində "İslam İnqilabına Dəstək" komitəsinin prezidenti İranın Livan səfirliyinin birinci katibi Xarici İşlər Nazirliyinin "Yaxın Şərq və Fars körfəzi" şöbəsinin müdiri Livan səfiri
Vəfatı 19 noyabr 2013-cü ildə Səudiyyə Ərəbistanının təhlükəsizlik zabiti və Abdullah Əzzam briqadalarının başında duran Məcid əl-Məcidin rəhbərlik etdiyi agentlər tərəfindən Beyrutdakı İran səfirliyinin bombalanmasından Rokanabadi sağ çıxdı. Partlayışdan sonrakı gün İran səfirliyində "qəbul və təsəlli" mərasimi keçirildi və Livan prezidenti Mişel Süleyman başsağlığı vermək üçün İran səfirliyinə gəldi.
2015-ci il sentyabrın 24-də baş verən Mina faciəsindən sonra bəzi media orqanları Roknabadinin hadisədə həlak olmasının mümkünlüyündən bəhs edirdi. Bir neçə ay ərzində onun taleyi ilə bağlı dəqiq bir məlumat yox idi. Əl-Ərəbiyyə bundan əvvəl də İranın keçmiş səfiri Qəzənfər Roknabadi ilə bağlı ziddiyyətli məlumatlar yaymışdı; bəzi xəbərlər onun Mina kütləsi arasında yoxa çıxdığını, digərləri isə yüngül xəsarətlər aldığını bildirmişdi. İran Xarici İşlər Nazirliyinin konsul müavini və parlament işləri üzrə məsul şəxs Həsən Qaşqavi Səudiyyə Ərəbistanında Roknabadinin qaçırılması ehtimalı ilə bağlı qaldırılan məsələlərə toxunaraq söyləmişdir: "Bu məsələlər yalnız fərziyyədir, lakin bu iddia qəti şəkildə inkar və ya təsdiq edilə bilməz". Axır əvvəl onun ən azı 2262 insanın ölümünə səbəb olan izdihamda öldüyü təsdiqləndi.
İran mediası 29 sentyabrda Roknabadinin Minada olduğunu göstərən görüntülər yayımladı. Onun Səudiyyə Ərəbistanına girişini göstərən pasport da İran mediası tərəfindən ictimaiyyətə təqdim olundu.
İstinadlar
Kateqoriya:İran diplomatları Kateqoriya:İranın Livandakı səfirləri Kateqoriya:Səudiyyə Ərəbistanında qəzalarda vəfat edənlər