Seyid Cəfər Behbahani () () — İran siyasətçisi, Milli Şura Məclisinin deputatı. O, İran Məşrutə hərəkatının liderlərindən biri olan Seyid Abdulla Behbahaninin nəvəsi olmuşdur.
Tehran Universitetinin hüquq fakültəsində təhsilini başa vurduqdan sonra Tehran bazarında notariat kontoru açmışdır. Atası Seyid Məhəmməd Behbahani Müsəddiq hökumətinə müxalif olan ruhanilərdən biri hesab olunmuşdur. Seyid Cəfər Behbahani özü 28 avqust 1953-cü il dövlət çevrilişindən sonra Tehranın nümayəndəsi kimi Milli Şura Məclisinə (XVIII çağırış) daxil olmuşdur.
Behbahani Məclisdə general-leytenant Zahidi hökumətinin müxalifləri cərgəsinə qoşulmuşdur. O, Zahidi hökumətinin son dövrlərində etdiyi kəskin çıxışında hökuməti "zorakılıq, həbs və işgəncələrə" əl atmaqda, səmərəsizlikdə və maliyyə korrupsiyasında ittiham etmişdir. Behbahani həmçinin hakimiyyəti "haqqı yazan müəlliflərin qələmini qırmaqda", mədəniyyət sahəsini "cəhalət və iffətsizliyin kədərli səhnəsinə", ədliyyəni isə "zülm sarayına" çevirməkdə günahlandırmışdır.
Behbahani növbəti çağırışda da Tehran nümayəndəsi kimi yenidən Məclisə seçilmiş və bu dəfə Məclisdə "Münfəridin" (Müstəqillər) cəbhəsinin üzvü olmuşdur. O, 24 iyul 1960-cı il tarixində Əli Əmini, Arslan Xələtbəri və Məhəmməd Dirəxşişin köməyi ilə XX çağırış yay seçkilərinin ləğv edilməsinə, nəticədə isə Mənuçöhr İqbal hökumətinin devrilməsinə nail olmuşdur. Məclisin növbəti çağırışında (XX çağırış) Behbahani Arslan Xələtbəri ilə birlikdə 4 may 1961-ci il tarixində təhsil işçilərinin problemlərinə laqeyd qaldığı üçün Cəfər Şərif-İmami hökumətinə qarşı impiçment (etimadsızlıq rəyi) tələbi irəli sürmüşdür.
Əli Əmini və onun Məhəmməd Dirəxşiş, Arslan Xələtbəri və Seyid Cəfər Behbahani kimi həmfikirləri İqbal hökumətini seçkilərə müdaxilə etməkdə və azad seçkilərin keçirilməsini ləngitməklə istibdada şərait yaratmaqda davamlı olaraq ittiham etmişdilər.
İstinadlar
Kateqoriya:İran siyasətçiləri