EXPO 2017 — Beynəlxalq Sərgilər Bürosunun (BSB) himayəsi altında 10 iyun – 10 sentyabr 2017-ci il tarixləri arasında Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş beynəlxalq ixtisaslaşmış sərgi. Sərginin mövzusu "Gələcəyin enerjisi" olaraq müəyyən edilmişdir. EXPO 2017-də 115 dövlət və 22 beynəlxalq təşkilat iştirak etmişdir. Sərgini təxminən 4 milyon nəfər ziyarət etmişdir. Onların yarım milyonu xarici ölkələrdən gələnlər olmuşdur.

Sərginin əsas obyekti və Qazaxıstan pavilyonunun yerləşdiyi məkan hündürlüyü 100 metr, diametri isə 80 metr olan sferik formalı "Nur Aləm" () binası olmuşdur. EXPO 2017 başa çatdıqdan sonra "Nur Aləm" fəaliyyətini muzey kimi davam etdirmişdir.

Şəhərin seçilməsi 10 iyun 2011-ci il tarixində Parisdə, Beynəlxalq Sərgilər Bürosunun mənzil-qərargahında EXPO 2017 beynəlxalq ixtisaslaşmış sərginin komissarı Rapil Joşıbayev BSB-nin baş katibi Vinsente Qonsales Lossertales ilə görüşmüş və respublikanın baş naziri tərəfindən imzalanmış Qazaxıstanın rəsmi müraciətini təqdim etmişdir. Nəticə etibarilə, EXPO 2017-nin keçirilməsi üçün Qazaxıstanın paytaxtı Astana və Belçikanın Lyej şəhərləri öz namizədliyini irəli sürmüşdür.

Şəhər Ölkə Mövzu Astana Future Energy (Gələcəyin enerjisi) Lyej Connecting the World, Linking People, Better Living Together (Dünyanı birləşdirmək, insanları birləşdirmək, birlikdə daha yaxşı həyat)

Beynəlxalq Sərgilər Bürosunun 152-ci Baş Assambleyasında keçirilən gizli səsvermə nəticəsində Astana şəhəri səs çoxluğu (161 səsdən 103-ü) qazanaraq Belçikanın Lyej şəhərini (44 səs) geridə qoymuş və EXPO 2017-nin keçiriləcəyi məkan elan edilmişdir.

EXPO obyektlərinin inşası EXPO 2017 sərgisinin keçirilməsi üçün Qazaxıstanın respublika büdcəsindən 2,1 milyard dollar (565,1 milyard təngə) vəsait ayrılmışdır. Obyektlərin inşası qəbul edən tərəfin hesabına həyata keçirilmişdir. Sərgi kompleksinin ən yaxşı eskiz-ideyası üzrə keçirilən beynəlxalq memarlıq müsabiqəsində "Zaha Hadid Architects", "UNStudio", "Snøhetta", "HOK" və "Coop Himmelb(l)au" daxil olmaqla 100-dən çox şirkət iştirak etmişdir. Müsabiqənin qalibi Çikaqonun "Adrian Smith + Gordon Gill Architecture" şirkəti olmuşdur. Layihə üzrə əsas işlər İsveçrənin "IT-Engineering" şirkəti tərəfindən yerinə yetirilmişdir.

Tikinti işlərinin aparılması üçün bir neçə yerli və beynəlxalq şirkətlə müqavilə bağlanılmışdır. Tikinti hissəsini icra edən əsas podratçı təşkilatlar "Mabetex Group", "Sembol" SC, "SK Bazis-A" MMC, "ABK Kurılıs-1" MMC, "Turquaz-YDA Stroy" MMC və "SREDAENERQOSTROY" MMC olmuşdur. Layihənin maliyyələşdirilməsi Qazaxıstan Respublikası hökuməti və "Plast Invest Production" MMC, "Sonik Company" MMC, "PolimerMetall-T" MMC və "Alyuqal" MMC kimi bəzi özəl investorlar tərəfindən təmin edilmişdir.

Sərginin keçirilməsi İştirakçı ölkələrin pavilyonları 47 160 m^2 sahəni əhatə etmişdir. Ümumilikdə EXPO 2017-də 115 dövlət və 22 beynəlxalq təşkilat təmsil olunmuşdur.

Açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Qazaxıstan prezidenti Nursultan Nazarbayev sərginin məqsədləri barədə öz fikirlərini bölüşmüşdür. O, 166 ölkə arasından seçilərək qazanılan bu layihənin Qazaxıstan üçün mühüm imic layihəsi olduğunu vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, açılışda 17 dövlət və hökumət başçısı, həmçinin çoxsaylı korporasiyalar iştirak etmişdir. Pavilyonlarda nümayiş etdirilən müstəsna innovasiyaların bir araya gəlməsinin Qazaxıstanın tərəqqisinə xidmət edəcəyini bildirmişdir. Prezidentin sözlərinə görə, artıq "Astana" Beynəlxalq Maliyyə Mərkəzinin yaradılması haqqında qanunlar qəbul edilmişdir və sonradan keçmiş EXPO pavilyonlarının binaları bu mərkəzə, eləcə də "yaşıl" energetika sahəsində fəaliyyət göstərən təşkilatlara təhvil verilmişdir.

Sərginin bağlandığı gün Nursultan Nazarbayev tədbirin iqtisadi səmərəsini yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, 1400-dən çox kiçik və orta biznes müəssisəsi 640 milyard təngə məbləğində mal və xidmət sifarişi almışdır. Turizm sektorunda canlanma müşahidə olunmuş, turoperatorların xidmətlərinə tələbat 1,8 dəfə artmışdır. Astanada sahibkarlıq subyektlərinin sayı 10%-dən çox, xidmət sahəsindən paytaxt büdcəsinə daxil olan vergilər isə 1,2 dəfə artmışdır. Beləliklə, Qazaxıstanın paytaxtı qlobal diqqətin və dünyanın yaxın marağının mərkəzinə çevrilmişdir.

Talisman və rəmz EXPO 2017-nin maskotları (talismanları) olaraq Quat, Möldir və Səulə seçilmişdir:

Quat (qazax dilindən tərcümədə — "güc, qüdrət") — torpaqdan alınan enerjini təmsil edir; Möldir (qazax dilindən tərcümədə — "şəffaflıq") — sudan alınan enerjini təmsil edir; Səulə (qazax dilindən tərcümədə — "şüa") — günəşdən alınan enerjini təmsil edir.

İstinadlar

Kateqoriya:2017-ci ildəki hadisələr