Estoniya Memarlıq Muzeyi () — Tallin, Estoniyada yerləşən memarlıq muzeyi. Muzey Rotermann məhəlləsində yerləşir. Muzey Beynəlxalq Memarlıq Muzeyləri Konfederasiyasının (ICAM) üzvüdür.

Tarixi Muzey 1 yanvar 1991-ci ildə Estoniya memarlığının tarixini sənədləşdirmək, qorumaq və ziyarətçiləri onun müasir inkişafı ilə tanış etmək məqsədilə yaradılmışdır. Muzey ilk fəaliyyətinə Tallinnin Köhnə Şəhərində yerləşən Kooli 7 ünvanındakı müvəqqəti məkanda başlamışdır. Kolleksiyalar orta əsrlərə aid Loewenschede qülləsində saxlanılırdı. 1996-cı ildə muzey Rotermann Duz Anbarına köçürüldü. Bina 7 iyun 1996-cı ildə ictimaiyyət üçün açılmışdır.

Bina Binanın tağlı zirzəmisi 1908-ci ildə Baltik-alman mühəndisi Ernst Boustedt tərəfindən hazırlanmış layihə əsasında tamamlanmış və duz anbarı kimi istifadə edilmişdir. Duz Anbarı 1995–1996-cı illərdə memar Ülo Peil və interyer memarı Taso Mäharın (hər ikisi Urbel & Peil memarlıq bürosundan) layihəsi əsasında yenidən qurulmuşdur. Yenidənqurma zamanı əvvəlcə bir mərtəbədən ibarət olan tikili aralıq tavanlar və qalereyalar vasitəsilə bir neçə mərtəbəyə bölünmüşdür. Bununla da müxtəlif xarakterli daha çox sərgi məkanları yaradılmışdır.

Kolleksiyalar Muzeyin kolleksiyaları arxiv, foto, maket, mebel və incəsənət kolleksiyalarına bölünür. Arxiv kolleksiyasında şəhər planları, bina layihələri, memarlıq rəsmləri, fotoşəkillər və əlyazmalar daxil olmaqla təxminən 11.500 eksponat mövcuddur. Foto kolleksiyasında isə təxminən 18.000 material (fotoşəkil və neqativ) saxlanılır. Muzeyin Maket kolleksiyasında müxtəlif memarlıq nümunələrinə aid 200-dən çox tikinti maketi nümayiş etdirilir. Mebel və incəsənət kolleksiyaları da memarlarla əlaqəli əşyaları — mebel nümunələri, memarlar tərəfindən hazırlanmış rəsmlər, tablolar və qrafik əsərləri əhatə edir.

Həmçinin bax Estoniya Təbiət Tarixi Muzeyi Estoniya Tətbiqi İncəsənət və Dizayn Muzeyi

İstinadlar