Bolqarıstanın azadlığı — Bolqar dirçəlişinin nəticəsi olaraq baş vermiş tarixi proses. Bolqar tarixşünaslığında Bolqarıstanın azadlığı dedikdə, Onuncu Rusiya–Osmanlı müharibəsi (1877–1878) zamanı baş verən və 3 mart 1878-ci ildə imzalanmış San-Stefano müqaviləsi əsasında Bolqar dövlətinin yenidən qurulmasına gətirib çıxaran hadisələr nəzərdə tutulur. Müasir Bolqarıstan 3 mart tarixini Milli Azadlıq Günü kimi qeyd edir.

Müqavilələr San-Stefano müqaviləsi Osmanlı imperiyasını XIV əsrdə ələ keçirdiyi Bolqarıstan ərazilərinin böyük hissəsini geri qaytarmağa məcbur etmişdir. Həmin ilin Berlin konqresində qəbul edilən Berlin müqaviləsinə əsasən isə San-Stefano müqaviləsi ilə müəyyən edilmiş Bolqar dövləti üç hissəyə bölünmüşdür. Birinci hissə nominal olaraq Osmanlı imperiyasının vassalı hesab edilən, lakin faktiki müstəqil fəaliyyət göstərən Bolqarıstan knyazlığı idi. Bu dövlət əsasən Miziya və paytaxt Sofiyaya bitişik ərazilərlə məhdudlaşdırılmışdı.

İkinci hissə Osmanlı imperiyasının muxtar vilayəti olan Şərqi Rumeliya olmuşdur. Üçüncü və ən böyük hissə — bütün Makedoniya və Lozenqrad — yenidən Osmanlı imperiyasına qaytarılmış, bəzi sərhəd əraziləri isə Serbiya və Rumıniyaya verilmişdir.

Berlin konqresindən sonra Bolqarıstandan ayrılan ərazilərin, o cümlədən Makedoniya, Frakiya və digər bölgələrin əhalisinin əksəriyyətini etnik bolqarlar təşkil edirdi.

Birləşmə və müstəqillik 6 sentyabr 1885-ci ildə Şərqi Rumeliya qansız birləşmə nəticəsində Bolqarıstan knyazlığına birləşdirilmişdir. Knyazlıq faktiki olaraq müstəqil dövlət olsa da, hüquqi baxımdan 1908-ci ilə qədər Osmanlı imperiyasının vassalı hesab olunurdu. 1908-ci ildə isə Bolqarıstanın müstəqillik bəyannaməsi ilə Bolqarıstan öz müstəqilliyini elan etmişdir.

1908-ci il bəyannaməsi Bolqarıstanın Osmanlı hakimiyyətindən ayrılmasını ifadə etdiyinə görə “Bolqarıstanın ikinci azadlığı” kimi də qiymətləndirilir. Birinci Bolqar çarlığının 1018-ci ildə süqutundan sonra baş vermiş ilk azadlıq isə I İvan Asen və onun qardaşı Teodor (Pyotr)un Bizans imperiyasına qarşı başlatdığı 1185-ci il üsyanı nəticəsində İkinci Bolqar çarlığının yaradılması ilə nəticələnmişdir.

İstinadlar

Kateqoriya:1878-ci ildə beynəlxalq münasibətlər Kateqoriya:Müasir Avropa