Dan Ben-Amos (ivr. דן בן-עמוס; 3 sentyabr 1934 – 26 mart 2023) Pensilvaniya Universitetində çalışan İsrail-Amerikalı folklorşünas alim idi. O, Filadelfiyadakı Pensilvaniya Universitetində Folklor və Xalq Həyatı Departamentinin magistr proqramına rəhbərlik etmişdir.
Həyatı və təhsili
Ben-Amos Tel-Əvivdə (o dövrdə Britaniya mandatı altında olan Fələstində) anadan olmuş və Petah Tikvada böyümüşdür. Qüdsdəki İvrit Universitetində təhsil almağa başlamazdan əvvəl o, İsrail Müdafiə Qüvvələrinin Nahal Briqadasında xidmət etmişdir. Xidməti dövründə İsrailin ilk baş naziri David Ben-Gurion Ben-Qurion Negev səhrasındakı Sde-Boker kibbutzuna köçənə qədər onu qoruyan bölmədə olmuşdur. Hərbi xidmətdən sonra Yiftaḥ kibbutzunun üzvü olmuş və orada çobanlıq etmişdir.
Qüdsdəki İvrit Universitetində əvvəlcə Bibliya araşdırmaları və ingilis ədəbiyyatı üzrə təhsil almışdır. Təhsilinin ikinci ilində seçdiyi ixtisasdan narazı qalaraq, Dov Noyun rəhbərliyi altında folklora maraq göstərərək ivrit ədəbiyyatı ixtisasına keçmişdir. 1961-ci ildə Qüdsdəki İvrit Universitetindən bakalavr dərəcəsi almışdır.
İvrit Universitetindəki professoru Dov Noyun məsləhəti ilə Ben-Amos təhsilini ABŞ-da, o dövrdə folklor üzrə doktorluq dərəcəsi verən yeganə ali məktəb olan Bluminqton İndiana Universitetində davam etdimişdir. İndiana ştatının Bluminqton şəhərinə gəlib universitetə doğru gedərkən eyvanlarında qarğıdalı çubuqlu qəlyan çəkən və yelləncəkdə oturan yerli sakinləri görüb onların gələcək professorları olub-olmadığını düşünmüşdü. Kampusa çatdıqda isə Bluminqtonun əsl universitet şəhəri olduğunu anlamışdır. Şəhər ilk baxışda ona o qədər də cəlbedici görünməsə də, orada qalmağa qərar vermiş və 1964-cü ildə magistr, 1967-ci ildə isə folklor üzrə doktorluq dərəcəsi almışdır. Həm İvrit Universitetində, həm də Bluminqtonda Ben-Amos müqayisəli folklorşünaslıq ənənəsi əsasında yetişmişdir.
Təhsilinin sonlarına doğru və elmi fəaliyyətinin başlanğıcında Ben-Amos digər gənc folklorşünaslarla – Roger Abrahams, Alan Dandes, Robert Georges və Kenneth Goldstein ilə birlikdə məşhur folklorşünas və onun müəllimi olan Richard Dorson tərəfindən sevgi ilə “Gənc Türklər” adlandırılmışdır. Richard Bauman əvvəlcə bu qrupa daxil edilməsə də, onun fəaliyyəti sonradan “Gənc Türklər”lə əlaqələndirilmişdir. Bu gənc folklorşünaslar folklorşünaslığın yalnız mətn və onun məzmununa yönələn ənənəvi yanaşmalarından uzaqlaşaraq, folkloru və insanların folklordan necə istifadə etdiyini daha yaxşı anlamaq üçün kontekstə diqqət yetirmişlər.
Ben-Amos 1971-ci ildə yazdığı məşhur “Toward a Definition of Folklore in Context” (“Kontekstdə folklor anlayışına doğru”) adlı məqaləsində folklorun kontekst əsasında müəyyənləşdirilməsinin yeni üsulunu irəli sürmüşdür. Onun kontekstə yönəlmiş fəaliyyəti folklorşünaslıq sahəsində performans əsaslı yeni baxışın formalaşmasına kömək etmişdir.
Peşəkar fəaliyyəti
Ben-Amos Kaliforniya Universiteti, Los-Ancelesdə 1966–1967-ci illərdə tutduğu antropologiya üzrə assistent professor vəzifəsinə başlamazdan əvvəl Nigeriyada Benin şəhəri və onun kənd ətraflarında yaşayan edo xalqının şifahi ənənələri üzərində folklor araşdırmaları aparmışdır. O, Nigeriyaya ilk dəfə 15 yanvar 1966-cı ildə – ilk hərbi çevriliş günü gəlmişdir.
1967-ci ildə Ben-Amos Filadelfiyadakı Pensilvaniya Universitetində dərs deməyə başlamış, üç il assistent professor, yeddi il isə dosent vəzifəsində çalışmışdır. 1977-ci ildə Folklor və Xalq Həyatı professoru adına layiq görülmüş və bu titulu 22 il daşımışdır. 1999-cu ildə universitetin Asiya və Yaxın Şərq Araşdırmaları Departamentinə qoşulmuş, 2004-cü ildə departament alt ixtisaslara bölündükdən sonra isə Yaxın Şərq Dilləri və Sivilizasiyaları professoru olmuşdur. O, həmçinin Folklor və Xalq Həyatı üzrə magistr proqramının rəhbəri vəzifəsində çalışmışdır.
Ben-Amosun elmi maraq dairəsinə yəhudi folkloru, Afrika folkloru, yumor, folklorun tarixi və struktur təhlil daxil idi.
Ben-Amos 1977–1980-ci illərdə Amerika Folklor Cəmiyyətinin idarə heyətində fəaliyyət göstərmişdir. 1981–1984-cü illərdə Journal of American Folklore jurnalında köməkçi redaktor, 1988–1990-cı illərdə isə kitab redaktoru olmuşdur. O, həmçinin İndiana Universiteti Nəşriyyatının “Folklor Araşdırmalarında Tərcümələr” seriyasının baş redaktoru və 1996-cı ildən etibarən Vayne Dövlət Universiteti Nəşriyyatı tərəfindən çap olunan “Yəhudi Folkloru və Antropologiyası üzrə Rafael Patai Seriyası”nın redaktoru olmuşdur.
Dan Ben-Amosun məqalələri çin, eston, fin, fransız, alman, ivrit, italyan, litva, portuqal, rus, ispan, tay və türk dillərinə tərcümə edilmişdir.
Vəfatı
Ben-Amos 26 mart 2023-cü ildə, 88 yaşında vəfat etmişdir.
Mükafatlar
2006-cı il Milli Yəhudi Kitab Mükafatı – Sefard mədəniyyəti kateqoriyasında qalib: Yəhudilərin Nağılları. I cild: Sefard Diasporundan Nağıllar
2006-cı il Milli Yəhudi Kitab Mükafatı – Elmi araşdırma kateqoriyasında finalçı: Yəhudilərin Nağılları. I cild: Sefard Diasporundan Nağıllar. Şərhlərlə redaktə edilmiş nəşr (məsləhətçi redaktor: Dov Noy). Filadelfiya: Yəhudi Nəşriyyat Cəmiyyəti, 2006.[mənbə göstərilməyib]
2014-cü il Amerika Folklor Cəmiyyətinin Ömürboyu Elmi Nailiyyət Mükafatı.
Təqaüdlər
1972–1973 – Amerika Elmi Cəmiyyətlər Şurası
1975–1976 – Con Saymon Quqqenhaym Təqaüdü
1980–1981 – Humanitar Elmlər üzrə Milli Fond
İstinadlar