Məhəmməd Əlimuradi () — azərbaycanlı rejissor, jurnalist və ictimai fəal. O, əsasən ekoloji problemlər, milli kimlik, ana dili hüquqları və sosial məsələlərə həsr olunmuş sənədli filmləri ilə tanınır.
Həyatı Məhəmməd Əlimuradi 1979-cu ildə Şərqi Azərbaycan ostanının Mərənd şəhərində anadan olmuşdur. Sonralar Təbriz şəhərində yaşamış və fəaliyyət göstərmişdir. Universitet təhsilini jurnalistika ixtisası üzrə almışdır. Peşə fəaliyyətinə jurnalist və fotomüxbir kimi başlamış, daha sonra sənədli film sahəsinə yönəlmişdir.
Yaradıcılığı Əlimuradi 2008-ci ildən etibarən sənədli filmlər istehsal edir. Onun yaradıcılığında əsas mövzular ekoloji böhranlar, sosial problemlər, ana dili hüquqları və İran azərbaycanlılarının mədəni həyatı olmuşdur.
Onun tanınmış filmləri arasında aşağıdakılar yer alır:
Ana dili (2017) — İranda azərbaycanlı türklərin ana dili hüquqları və dil fəallığı mövzusuna həsr olunmuş sənədli film. Əkizlər (2018) — Urmiya gölü və Aral gölünün ekoloji problemlərini müqayisəli şəkildə təqdim edən sənədli film. Acı çay (2019) — Təbrizdə gənclər arasında narkotik asılılığı problemini araşdıran sənədli film. Adım — İranda türk adlarının qeydiyyatı zamanı yaranan hüquqi maneələrdən bəhs edən sənədli film. Sonuncu əsgər — 1945-ci ildə Güney Azərbaycanda qurulan Milli Hökumət və onun ordusu haqqında sənədli film. Sən çağırsan gələrəm mən — Türkmən Səhra bölgəsində baş verən sel fəlakətinə və yardım fəaliyyətlərinə həsr olunmuş sənədli film. Gölün uşaqları — Urmiya gölünün quruması nəticəsində bölgə əhalisinin üzləşdiyi ekoloji və sağlamlıq problemlərindən bəhs edən sənədli film.
Əlimuradi filmlərində əsasən Azərbaycan türkcəsindən istifadə edir və sənədli filmin çəkildiyi bölgənin dilində hazırlanmasının vacibliyini vurğulayır.
Təzyiqlər və hədələr 2025-ci ildə beynəlxalq media azadlığı təşkilatı olan "Defending Free Flow of Information Organization" (DeFFI) Məhəmməd Əlimuradinin İran təhlükəsizlik orqanlarına yaxın şəxslər tərəfindən ölüm təhdidlərinə məruz qaldığını bildirmişdir. Təşkilatın hesabatına görə, rejissor sosial şəbəkələrdə yayımladığı videoda ona göndərilən təhdid mesajlarını paylaşmışdır. Mesajlarda onun jurnalist və sənədli film fəaliyyəti ilə əlaqədar “separatçılıq” və “parçalanma yaratmaq” ittihamları səsləndirilmişdir. DeFFI qeyd etmişdir ki, Məhəmməd Əlimuradi İranın Şərqi Azərbaycan bölgəsindən olan müstəqil jurnalist və sənədli film rejissorudur və onun fəaliyyəti ilə bağlı təzyiqlər İran hökumətinin müstəqil media nümayəndələrinə qarşı sistemli siyasətinin bir hissəsi kimi qiymətləndirilir.
Mükafatları
Əkizlər — 1-ci Korkut Ata Türk Dünyası Film Festivalında “Ən yaxşı sənədli film” mükafatı. Adım — “Flatness Film Awards” festivalının “Ən yaxşı qısametrajlı sənədli film” mükafatı.
İstinadlar
Kateqoriya:Azərbaycanlı rejissorlar Kateqoriya:Azərbaycanlı jurnalistlər