İranın Londondakı səfirliyinin girov götürülməsi — ərəb separatçıları tərəfindən İran İslam Respublikasının Birləşmiş Krallığın Londonda yerləşən səfirliyinə qarşı törədilmiş terror aktı. Hadisə Xüsusi Hava Xidmətinin (SAS) döyüşçüləri tərəfindən binaya edilən hücumla – "Nimrud" əməliyyatı ilə başa çatmışdır.
Səfirliyin ələ keçirilməsi 30 aprel 1980-ci il tarixdə, saat 11:30-da Londonun mərkəzində tapança-pulemyotlar, "Browning" tipli tapançalar və əl qumbaraları ilə silahlanmış altı ərəb terrorçu Cənubi Kensinqtonda yerləşən İran İslam Respublikası səfirliyinin ərazisinə buraxılış məntəqəsindən daxil olmuşdur. Binanı mühafizə edən polis konstebli Trevor Lok müqavimət göstərməyə çalışmış və yaxalanmazdan əvvəl "həyəcan düyməsini" basmağa imkan tapmışdır. Lok tapança ilə silahlanmış olsa da, ondan istifadə etməyə imkan tapmamışdır, lakin terrorçular da onun üzərindəki silahı aşkar edə bilməmişdir.
Özlərini "Ərəbistanın Azadlığı uğrunda Demokratik İnqilabi Cəbhə" fəalları adlandıran hücumçular səfirliyi ələ keçirmişdir. Səfirliyin heyəti və ziyarətçiləri, o cümlədən "BBC" telekanalının bir jurnalisti və səs operatoru da daxil olmaqla, ümumilikdə 26 nəfər girov götürülmüşdür. Hücumdan sonra terrorçular girovları otaqların birinə toplamışdır.
Səfirliyin mühasirəsi Həyəcan siqnalı və vətəndaşların səfirlik binasında atışma olması barədə məlumatları daxil olduqdan sonra əraziyə London polisinin əlavə qüvvələri, daha sonra isə polisin "D11", "C13" (Xüsusi patrul qrupunun antiterror bölməsi) və "C7" (Skotland-Yardın texniki dəstək xidməti) xüsusi bölmələri cəlb edilmişdir. Polis nümayəndələri terrorçularla danışıqlara başlamışdır.
Saat 15:15-də terrorçular ilk tələblərini irəli sürmüşdür. 1 may tarixinədək İrandakı həbsxanalardan 91 nəfər silahdaşının azad edilməsi, əks təqdirdə səfirlik binasının partladılacağı bildirilmişdir.
Böyük Britaniyanın Baş naziri Marqaret Tetçer Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının müddəalarını pozaraq, səfirliyə hücum edilməsi və girovların öz qüvvələri hesabına azad olunması barədə qərar qəbul etmişdir. Girovların azad edilməsi üzrə əməliyyatın ümumi rəhbərliyi Böyük Britaniyanın Daxili İşlər naziri Vilyam Vaytlonun başçılıq etdiyi "COBR" qərargahına tapşırılmışdır. Hadisə yerinə gələn 22-ci SAS alayının bölməsi (60 nəfər) qonşu binada qərargah quraraq hücuma hazırlıqlara başlamışdır.Go! Go! Go! Thirty years on, the SAS heroes who stormed the Iranian embassy recall in heart-stopping detail their most daring mission // Mail Online, 16 April 2010
Saat 16:30-da terrorçular Frida Müzəffərian adlı bir qadın girovu azad etmişdir. Növbəti günlərdə onlar daha dörd girovu sərbəst buraxmışdır. 1 may tarixində polislər səfirlikdəki telefon rabitəsini kəsərək terrorçulara qərargahla yalnız səhra telefonu vasitəsilə danışıqlar aparmaq imkanı saxlamışdır. Saat 11:15-də terrorçular girovlardan birini, Kris Kramer adlı Böyük Britaniya vətəndaşını azad etmişdir.
Həmin gün texniki mütəxəssislər səfirlik binasında dinləmə qurğularının quraşdırılmasına başlamışdır. Terrorçuların diqqətini yayındırmaq, əməliyyat zonasında səs-küy səviyyəsini artırmaq və hücum hazırlıqlarını gizlətmək məqsədilə səfirlik binasının yaxınlığında qaz kəmərinin təmir olunması görüntüsü yaradılmışdır, lakin terrorçular işlərin dayandırılmasını tələb etmişdir. Bundan sonra səs-küy səviyyəsini yüksəltmək üçün "Hitrou" hava limanının dispetçer xidmətinə təyyarələri daha alçaq eniş trayektoriyası ilə yönəltmək barədə göstəriş verilmişdir. Günortadan sonra terrorçuların lideri kütləvi informasiya vasitələrində çıxış etmək imkanının yaradılması barədə yeni tələblər irəli sürmüşdür.
2 may tarixində, səhər saat 09:30-da terrorçuların lideri Britaniyanın "BBC" şirkətinin nümayəndəsi ilə görüş tələb etmişdir. Elə həmin gün axşam saatlarında terrorçuların bəyanatı "BBC Radio 2" kanalı vasitəsilə yayımlanmışdır.
5 may tarixində, saat 13:00-da terrorçular 45 dəqiqə ərzində onlara ərəb ölkələrindən birinin səfiri ilə rabitə əlaqəsinin yaradılmasını tələb etmiş, əks təqdirdə girovlardan birini öldürəcəkləri ilə hədələmişdir. Tələb yerinə yetirilməmiş və saat 13:45-də binadan üç atəş səsi eşidilmişdir. Terrorçular girovlardan birini öldürdüklərini bəyan etmiş, saat 18:20-də isə səfirliyin mətbuat attaşesi Abbas Lavasaninin cəsədi küçəyə atılmışdır. Polisin mühafizəsi altında xərəklə binaya yaxınlaşan iki tibb işçisi cəsədi götürərək təcili tibbi yardım maşınına yerləşdirmişdir.
Girovun qətlə yetirilməsi vəziyyəti daha da kəskinləşdirmiş və Marqaret Tetçerin əməliyyatın başlanması barədə əmr verməsinə səbəb olmuşdur. Saat 19:07-də komandanlıq 22-ci SAS alayının komandiri polkovnik-leytenant Mayk Rouza keçmişdir.
Hücum Səfirliyin mühasirəsi zamanı hərbçilər binanın hər bir mərtəbəsinin planını, habelə əsas binaya bitişik tikililəri real ölçülərdə əks etdirən xüsusi maket qurmağa nail olmuşdur. Hücumda iştirak edəcək bütün potensial şəxslərin təlimləri məhz bu maket üzərində həyata keçirilmişdir.
5 may 1923-cü il tarixdə, saat 19:23-də eyni vaxtda bir neçə istiqamətdən səfirliyə hücum başlanmışdır. Hücumda bilavasitə SAS-ın iki birləşmiş qrupu iştirak etmişdir. "Qırmızı komanda" (Red Team) damdan və yuxarı mərtəbələrdən hücum etməli idi. Hər biri dörd nəfərdən ibarət üç qrup üçüncü və dördüncü mərtəbələrin pəncərələrindən daxili otaqlara daxil olmalı, şüşə damı sındıran dördüncü qrup isə aşağı enərək yuxarı mərtəbəni təmizləməli idi. "Mavi komanda" (Blue Team) (komandir – ləns-kapral Con Makeliz) aşağıdan, yəni səfirliyin birinci mərtəbəsinin pəncərələri, fasadı və zirzəmidən hücum etməli idi.
Qonşu binalarda isə müşahidəçilər yerləşdirilmiş və snayperlərin mövqeləri qurulmuşdur. SAS hücum qruplarının döyüşçüləri "HK MP5" və "MP5SD" tipli tapança-pulemyotlar, "Browning Hi-Power" tapançaları, işıq-səs qranatları ilə silahlanmış, qara rəngli nəqliyyat kombinzonları, zirehli jiletlər, dəbilqələr və əleyhqazlarla təchiz olunmuşdur. Bundan əlavə, döyüşçülərin ixtiyarında daşına bilən radiostansiyalar mövcud olmuşdur.
Binaya daxil olmazdan əvvəl SAS döyüşçüləri pəncərə çərçivələrinə quraşdırılmış partlayıcı yükləri işə salmışdır. Partlayışlar gülləkeçirməz şüşələri dağıtsa da, hücum edənlər üçün gözlənilmədən yanğın ocaqlarının yaranması kimi bir problem yaratmışdır. Partlayışlardan dərhal sonra içəri işıq-səs qranatları və "CS" gözyaşardıcı qaz qranatları atılmışdır.
Terrorçuların diqqətini yayındırmaq məqsədilə hücum danışıqlar zamanı, London Mərkəzi Dairəsinin polis danışıqlar aparıcısının terrorçuların lideri ilə telefonla danışdığı və "Heç bir şübhəli hərəkət yoxdur" ifadəsini işlətdiyi anda başlamışdır.
Müşahidəçilər terrorçuların ehtimal olunan hərəkət istiqamətləri barədə davamlı olaraq məlumat ötürdüyü bir vaxtda, SAS döyüşçüləri otaqları bir-bir yoxlamışdır. Hücum başladıqdan sonra terrorçular tərəfindən əsir götürülmüş səfirlik mühafizəçisi, konstebl Lok silahını çıxararaq onunla eyni otaqda qalan terrorçu liderini saxlamağa çalışmışdır. Lok rəqibin diqqətini yayındırmağa nail olmuş və terrorçu SAS döyüşçüsü tərəfindən güllələnmişdir.
Hücum zamanı ikinci mərtəbədə qalan "Şai" və "Məkki" adlı terrorçular rabitə qovşağı otağındakı girovları atəşə tutmağa başlamışdır. Nəticədə girovlardan biri (Əli Səmədzadə) öldürülmüş, digəri (Əhməd Dadqar) isə altı güllə yarası ilə ağır yaralansa da, sağ qalmışdır.
Bütün əməliyyat 17 dəqiqədən çox çəkməmişdir, belə ki, ilk girovlar saat 19:28-də binadan çıxarılmışdır. Buna baxmayaraq, SAS bina üzrə məsuliyyəti polis nümayəndələrinə təhvil verdiyi saat 19:53-də əməliyyat rəsmən başa çatmışdır.
Yekunda "Nimrud" əməliyyatı gedişatında iki girov həlak olmuş (biri hücum başlamazdan əvvəl, digəri isə hücum zamanı terrorçular tərəfindən güllələnmişdir), daha iki girov isə yaralanmışdır. Bundan başqa, SAS döyüşçülərindən biri yanıq xəsarətləri və müxtəlif travmalar almışdır.
Altı terrorçudan beşi hücum zamanı öldürülmüş, sonuncu – 22 yaşlı Fövzi Nejad isə yaralanaraq girovların arasında gizlənmişdir. O, qolları qandallanaraq daxili həyətə çıxarılan və yerə uzadılan girovlarla birlikdə binanı tərk edə bilmişdir, lakin burada şəxsiyyəti müəyyənləşdirilərək həbs olunmuşdur.
Böyük Britaniya rəhbərliyi İranda edam cəzası ilə üzləşəcəyi əsası ilə həbs olunmuş terrorçunu bu ölkəyə təhvil verməkdən imtina etmişdir. 1981-ci ilin yanvar ayında Fövzi Nejad ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, lakin 2008-ci ildə azadlığa buraxılaraq yeni adla sənədlər və təhlükəsiz yaşayış yeri ilə təmin olunmuşdur.
Nəticəsi Polis konstebli Trevor Lok "Corc medalı" ilə təltif edilmiş, həmçinin SAS döyüşçüləri ona öz bölmələrinin beretini hədiyyə etmişdir. Hücumun iştirakçısı olan SAS serjantı T. Palmer isə "Şücaət medalı"na layiq görülmüşdür.
Hücum və yanğın nəticəsində İran səfirliyinin binasına ciddi ziyan dəymiş (təxminən 790 min funt-sterlinq və ya 1,85 milyon ABŞ dolları), bina bir neçə il istifadəsiz qalmış və yalnız təmir işləri başa çatdıqdan sonra, 1993-cü ilin dekabr ayında yenidən rəsmən açılmışdır. 30 noyabr 2011-ci il tarixdə İrandakı iğtişaşlar zamanı nümayişçilərin Böyük Britaniyanın Tehrandakı səfirliyinin binasını tutmasından sonra, Böyük Britaniya hökuməti İranın Londondakı səfirliyini bağlamışdır.
Səfirliyin ələ keçirilməsi və ardınca baş verən hücum kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. Bunun nəticəsində geniş ictimaiyyət ilk dəfə olaraq SAS-ın mövcudluğundan və bu xüsusi bölmə tərəfindən tətbiq edilən bəzi taktikalar barədə məlumat əldə etmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Birləşmiş Krallıq–İran münasibətləri Kateqoriya:Hərbi basqınlar Kateqoriya:1980-ci ildəki münaqişələr Kateqoriya:Girov götürmə