Cozef Kabila Kabange () — Konqo Demokratik Respublikasınin dövlət xadimidir, 26 yanvar 2001-ci ildən 24 yanvar 2019-cu ilədək ölkənin dördüncü prezidenti olmuşdur. O, atasının — Loran Dezire Kabilanin öldürülməsindən sonra prezident vəzifəsini tutmuşdur.

27 noyabr 2006-cı ildə ümumi birbaşa səsvermə yolu ilə seçilən və rəsmi şəkildə Konqo DR-nin ilk demokratik seçilmiş prezidenti kimi elan edilmişdir.

Karyeranın başlanğıcı Cozef Kabila Kabange — on övladdan ən böyüyüdür. Onun atası Loran Dezire Kabila olub və ölkənin üçüncü prezidenti kimi fəaliyyət göstərmişdir.

Cozef Kabila Heva Bora adlı kiçik şəhərdə, Cənubi Kivu regionunda anadan olmuşdur. Onun atası həmin dövrdə bu bölgədə təsirli silahlı komandirlərdən biri idi. 1970-ci illərin sonunda atasının ölkəni tərk etməsi ilə Cozef Kabila təhsilini Dar-əs-Salam və Mbeya şəhərlərində davam etdirmişdir.

Daha sonra o, Tanzaniya, Uqanda və Ruandada hərbi ali təhsil almağa başlamışdır. 1996-cı ildə atasının rəhbərlik etdiyi "Konqonun Azadlığı Uğrunda Demokratik Qüvvələr İttifaqı" adlı üsyançı qruplaşmaya qoşulmuş və Birinci Konqo Müharibəsi zamanı bir neçə hərbi əməliyyata rəhbərlik etmişdir.

Bu alyansın qələbəsindən və Laurent-Désiré Kabilanın prezident olmasından sonra Cozef Kabila təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusu Milli Müdafiə Universitetinə göndərilmişdir.

1998-ci ildə Çindən qayıtdıqdan sonra ona general-mayor rütbəsi verilmiş və Konqo ordusunun Baş Qərargah rəisinin müavini təyin edilmişdir. 2000-ci ildə isə o, silahlı qüvvələrin Baş Qərargah rəisi olmuşdur. Bu dövrdə o, İkinci Konqo Müharibəsi zamanı hökumət qoşunlarının əsas komandirlərindən biri kimi çıxış etmişdir. İstinadlar

Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Prezidentlərin övladları Kateqoriya:General-mayorlar