Jaklin Boyer əsl adı Elian Düko (; ) — Fransa müğənnisi və aktrisası. O, məşhur Fransa müğənniləri Jak Pills və Lüsyen Boyerin qızıdır. 1960-cı ildə o, musiqisi Andre Popp, sözləri isə Pyer Kura aid olan "Tom Pillibi" mahnısını ifa edərək Fransanı Avroviziya Mahnı Müsabiqəsinin qalibi edib. Bu qələbənin ardınca buraxılan sinql 1960-cı ilin mayında Böyük Britaniyanın "UK Singles Chart" hit-paradında 33-cü pilləyə yüksəlib. Qələbə qazandığı zaman 18 yaş 341 günlük olan Boyer müsabiqədə qalib gələn ilk yeniyetmə və 1964-cü ilə qədər bu yarışmanın ən gənc qalibi olub. 2018-ci ildə Lis Assianın vəfatından sonra, qələbəsindən 66 il keçən Boyer, 2026-cı il etibarilə Avroviziya Mahnı Müsabiqəsinin qalibləri arasında ən uzun müddətdir yaşayan müğənnidir (baxmayaraq ki, yaşca ən qocası deyil). Həyatı Jaklin Düko 23 aprel 1941-ci ildə Parisdə anadan olub. Onun atası məşhur müzik-holl sənətçisi, müğənni Jak Pillsdir (əsl adı Rene Dükodur). Anası isə iki dünya müharibəsi arasındakı dövrün ən məşhur ifaçılarından biri olan və 1930-cu ildə "Parlez-moi d'amour" mahnısı ilə böyük uğur qazanan müğənni Lüsyen Boyerdir. O, uşaqlığını Parisin bədii və musiqi mühitində keçirib. Erkən yaşlarından valideynlərinin karyera fəaliyyətini izləyib və onların şoularını səhnə arxasından tamaşa edib. Üstəlik, o, anasının resitallarında, Monmartr təpəsindəki müzik-holl və kabarelərdə bir neçə dəfə səhnəyə çıxıb. Valideynləri 1950-ci ildə boşanıb və 1952-ci ildə atası müğənni Edit Piaf ilə evlənib (beş il sonra ondan da boşanıb). Karyerası 250px|thumb|left|Jaklin Boyer 2015-ci ildə Jaklin çox tez bir zamanda anası kimi müğənnilik karyerasının ardınca getməyə qərar verib və onun soyadını qəbul edib. On səkkiz yaşında o, ilk dəfə "Théâtre de l'Étoile"da Marlen Ditrixlə birlikdə eyni səhnədə oxuyub. Müsbət rəylərdən ruhlanaraq, seçdiyi yolda əzmlə davam etmək qərarına gəlib və vokal dərsləri alıb. 1959-cu ildə atası Monakonu Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Lakin o, cəmi bir xalla sonuncu yeri tutub. Elə həmin il Jaklin özünün ilk qrammofon valını (diskini) buraxıb.
1960-cı ildə Jaklin Fransa ictimai televiziyası tərəfindən Avroviziya Mahnı Müsabiqəsinin beşinci buraxılışında Fransanı təmsil etmək üçün seçilib. Sözləri Pyer Kura, musiqisi isə Andre Poppa aid olan "Tom Pillibi" mahnısı əslində Marsel Amont üçün yazılsa da, o, son anda iştirakdan imtina edib. 29 mart 1960-cı il çərşənbə axşamı günü Londonda Jaklin müsabiqənin qalibi olub. Bu, 1958-ci ildəki ilk qələbədən sonra ölkənin yarışmadakı ikinci qalibiyyəti idi. Müsabiqə tarixində ilk dəfə olaraq kubok qalibə ötən ilin birincisi – bu bəhs ssenarisində Teddi Sxolten tərəfindən təqdim edilib. O, Jaklini: "Səmimi qəlbdən təbrik edirəm! Gələcək üçün uğurlar!" sözləri ilə təbrik edib. Bu yenilik tezliklə bir ənənəyə çevrilib.
Sonradan "Tom Pillibi" bir neçə Avropa ölkəsində – xüsusən də Almaniya, Fransa, Niderland, Böyük Britaniya və İsveçdə kommersiya uğuru qazanan ilk qalib Avroviziya mahnısı olub. Müsabiqədəki qələbəsi barədə Jaklin belə etiraf edib: "Parisə qayıdanda mənə elə münasibət göstərdilər ki, sanki hansısa qanlı döyüşdə düşmənə qalib gəlib qayıdan milli qəhrəmanam".
1960-cı ildə Jaklin "Tom Pillibi" mahnısının alman versiyasını yazdırıb ki, bu da böyük uğur qazanaraq onun Almaniyadakı karyerasının başlamasına təkan verib. Paralel olaraq, o, "Comme au premier jour" mahnısı ilə "Coq d'or" festivalında iştirak edib. Həmin ilin noyabrında isə fransız müğənnisi Fransua Lubiana (1940-2011) ilə evlənib. Həmin vaxtdan etibarən Jaklin həm Fransa, həm də Almaniyada paralel karyera qurub. O, həm fransız, həm də alman dillərində mahnılar yazdırıb, hər iki ölkədə qastrol səfərlərində, şoularda və qala-konsertlərdə çıxış edib. Televiziyada da mütəmadi olaraq boy göstərib.
Yenə 1960-cı ildə Jaklin "Alhambra" teatrında Şarl Aznavurun konsertinin açılışında (onun çıxışından əvvəl) mahnı oxuyub. O, ABŞ-a qastrol səfərinə yollanıb və Pet Bun, Perri Komo və Ed Sallivanın bir neçə televiziya proqramında çıxış edib. 1961-ci ildə Jaklin Jak Brel və Joj Brassens ilə birlikdə qastrol səfərlərinə çıxıb və ard-arda kommersiya uğurları qazanıb. 1963-cü ildə o, Almaniyada "Mitsou" mahnısı ilə özünün ən böyük zəfərinə imza atıb. 1964-cü ildə Jaklin "Le Temps de la vie" mahnısı ilə Antib şəhərində keçirilən "Rose d'or" festivalında iştirak edib. Növbəti il isə Tino Rossinin müşayiəti ilə qastrol səfərində olub.O'Connor, John Kennedy. The Eurovision Song Contest - The Official Celebration. Carlton Books, 2015. . Pages 32-33
1966-cı ildə Jaklin ağır avtomobil qəzasına uğrayıb. O, şiddətli beyin sarsıntısı keçirib və bu, onda müvəqqəti yaddaş itkisinə səbəb olub. Sənətçi karyerasına ara verməli və üç il ərzində oxumağı dayandırmalı olub. Bu hadisələrin ardınca o, həyat yoldaşından boşanıb. 1966-1969-cu illər arasında o, Pol Azais və Janalla Jarnaşın ehtiyac içində olan, qəzadan və ya sağlamlıq problemlərindən əziyyət çəkən sənətçilərə kömək edən "La roue tourne" (Çarx dövr edir) assosiasiyasının himayəsinə sığınıb və müğənnilik karyerasına yenidən başlamaq üçün onlardan çox dəyərli bir dəstək alıb. 2004-cü ildə o, "La roue tourne" adlı sinql buraxaraq bu assosiasiyaya öz ehtiramını bildirib.
1969-cu ildə Jaklin karyerasını bərpa edib. O, yeni albom buraxıb və 1970-ci ildə yenidən qastrol səfərinə çıxıb. Atası Jak Pills elə həmin il vəfat edib. 1972-ci ildə o, Bruno Kokatriks tərəfindən "Olimpiya" zalında oxumağa dəvət alıb və orada səhnəni Şarl Trene ilə paylaşıb. Sonrakı illərdə Jaklin Almaniya, ABŞ, Yaponiya və Böyük Britaniyada yeni qastrol səfərləri həyata keçirib. 1976-cı ildə o, anası Lüsien Boyerin sənət fəaliyyətinin 50 illiyi münasibətilə onunla birlikdə duet şousu üçün yenidən "Olimpiya" səhnəsinə qayıdıb.
1979-cu ildə Jaklin Fransanı tərk edərək Nyu-Yorka köçüb. O, karyerasının istiqamətini dəyişmək, ingiliscə oxumaq və şoularını amerikanlaşdırmaq qərarına gəlib. Xarici görkəmini və geyim tərzini dəyişərək özünə "Barbara Benton" təxəllüsünü seçib. 1983-cü ildə ingilis dilində olan ilk mahnısını – "Life Is New" bəstəsini təqdim edib. Anası Lüsyen Boyer də elə həmin il dünyasını dəyişib. 1984-cü ildə onun "Time And Time Again" adlı ilk ingilisdilli albomu işıq üzü görsə də, gözlənilən uğuru qazana bilməyib. 1988-ci ildə Jaklin öz təxəllüsündən imtina edib və öz adı altında fransız dilində yeni bir albom buraxıb. O, qastrol səfərlərini davam etdirib, televiziyada çıxışlar edib və yeni disklər yazdırıb.
2005-ci ildə Jaklin Nöyini (Neuilly) tərk edərək Fransanın cənubuna, Sen-Qodensə yerləşib. Orada anasının xatirəsinə həsr olunmuş "Parlez-moi d'amour" adlı şou proqram təşkil edib. 2008 və 2009-cu illərdə Jaklin özünün ən böyük hitlərini və işıq üzü görməmiş mahnılarını ehtiva edən iki toplu (kompilyasiya) buraxıb. Bunlardan birincisi Almaniya bazarı, ikincisi isə Fransa bazarı üçün nəzərdə tutulub. 2010-cu ildə isə fransız dilində yeni və tamamilə orijinal albomunu buraxıb.
Jaklin Boyer öz yaradıcılığını bu sözlərlə xülasə edib: "Mən cəmi bircə mahnının sayəsində bütün dünyanı gəzdəm və bütöv bir karyera qurdum".
Filmoqrafiya :en:The Mystery of the Green Spider (1960) Headquarters State Secret (1960) Schlager-Raketen Gauner-Serenade (1960) Der nächste Urlaub kommt bestimmt Auf den Flügeln bunter Träume Flotte Formen – Kesse Kurven So schön wie heut', so müßt' es bleiben İstinadlar
Xarici keçidlər
Tom Pillibi – lyrics and translation
Kateqoriya:"Avroviziya" iştirakçıları