"Nova zora" () — Monteneqro müğənnisi Tamara Jivkoviçin ifa etdiyi mahnı. Kompozisiya "Montesong 2025" milli seçim turunda qələbə qazandıqdan sonra 2026-cı ildə Avroviziya Mahnı Müsabiqəsində Çernoqoriyanı təmsil etmişdir.
Yaradılması "Nova zora" mahnısı Monteneqronun 2025 Avroviziya Mahnı Müsabiqəsindəki "Dobrodošli" adlı mahnısının da müəllifi olan Boris Subotiç tərəfindən qələmə alınmışdır. Kompozisiyanın prodüserləri isə Marko Drejnyak və Subotiçdir. Jivkoviç daha əvvəl "Montesong 2024" müsabiqəsindən imtina edən Boban Rayoviçi əvəzləyərək, bu seçim turunda "Poguban let" mahnısı ilə iştirak etmişdir.
Jivkoviç mahnının tamamilə çernoqoriya dilində ifa olunduğunu, çünki hisslərin məhz bu dildə daha güclü ifadə edildiyini bəyan etmişdir. O, dinləyicilərin hər bir sözü başa düşməsələr belə, mahnının ötürdüyü mesajı hiss edəcəklərini və bunun daha mühüm olduğunu vurğulamışdır. İfaçının sözlərinə görə, əsərin əsas qayəsi qadın gücünü dünyaya hiss etdirməkdir. "Glavcom" portalına verdiyi müsahibədə Monteneqronun kiçik bir dövlət olmasından bəhs edən sənətçi, ölkəsinin kiçik ölçülü olmasının həm üstünlükləri, həm də çatışmazlıqları olduğunu bildirmişdir. O, imkanların daha məhdud ola biləcəyini, lakin bu vəziyyətin insanı daha yaradıcı olmağa və real işlər ərsəyə gətirməyə sövq etdiyini qeyd etmişdir.
"Nova zora" mahnısının təbliği məqsədilə Jivkoviç müxtəxlif "Avroviziya" öncəsi tədbirlərdə iştirak edəcəyini açıqlamışdır. Bu çərçivədə sənətçi 6 mart 2026-cı il tarixində Stokholmda keçirilən "Melfest WKND 2026" tədbirində çıxış etmişdir. O, həmçini 21 mart 2026-cı il tarixində Osloda baş tutan "Nordic Eurovision Party 2026" layihəsində yer almışdır. Bundan əlavə, Jivkoviç 11 aprel 2026-cı il tarixində Amsterdamda təşkil olunan "Eurovision in Concert 2026" konsert proqramında sahbəyə çıxmışdır.
"Yle" yayım şirkətinin əməkdaşı Eva Frants mahnını 10 ballıq sistem üzrə 7 balla qiymətləndirərək Jivkoviçi qətiyyətli ifaçı kimi xarakterizə etmiş və onun güclü səsini tərifləmişdir. O, həmçinin Jivkoviçin Monteneqro tarixində "Avroviziya"da final mərhələsinə yüksələn ilk qadın təmsilçi olmasını arzuladığını ifadə etmişdir. "Vulture" nəşrindən Con O'Brayen kompozisiyanı 35 iştirakçı arasında 13-cü yerdə qərarlaşdıraraq, onu EDM, Balkan popu və klassik musiqi elementlərinin adrenalinlə zəngin bir qarışığı kimi təsvir etmişdir. Norveçin "Dagbladet" qəzetində Ralf Lofstad mahnıya 6 baldan 1 bal verərək səhnə tərtibatını kəskin tənqid etmiş, onu həddindən artıq tutqun, Jivkoviçin vokal performansını isə davamlı olaraq qeyri-dəqiq adlandırmışdır.
İstinadlar
Kateqoriya:2025-ci ilin sinqlları Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:Monteneqro musiqisi