"Après toi" () — Yunanıstan müğənnisi Viki Leandros tərəfindən ifa olunmuş, musiqisi onun atası Leo Leandros (Mario Panas təxəllüsü ilə) və alman bəstəkarı Klaus Munro tərəfindən bəstələnmiş, fransızca mətni isə İv Deskayaya aid olan mahnı. Sözügedən musiqi kompozisiyası 1972-ci ildə Edinburq şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqu təmsil etmiş və müsabiqənin qalibi olmuşdur.

Konsepsiyası "Après toi" baladası Vikipediya Leandrosun atası, Mario Panas təxəllüsü ilə tanınan Leandros Papatanasiu (Leo Leandros) və alman bəstəkarı Klaus Munro tərəfindən İv Deskayanın fransızca mətni əsasında qələmə alınmışdır. Əsər dramatik balada janrındadır. Mahnıda ifaçı sevgilisinə, onun başqa bir qadın üçün özünü tərk edəcəyi təqdirdə başına gələcəklərdən bəhs edərək "Səndən sonra mən yalnız kölgənin kölgəsi olacağam" fikrini ifadə edir.

Avroviziya Mahnı ilkin olaraq almanca "Dann kamst du" adı ilə yazılmış və Almaniyanın "Avroviziya" üzrə milli seçim mərhələsinə təqdim olunmuşdur. Kompozisiya həmin seçimdən keçə bilmədikdən sonra, 1971-ci ildə "Avroviziya"nın qalibi olmuş "Un banc, un arbre, une rue" mahnısının həmmüəllifi İv Deskaya əsər üçün fransız dilində mətn yazmış və Lüksemburq Teleradio Şirkəti (CLT) bu kompozisiyanı 17-ci Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmək üçün seçmişdir. İv Deskaya Avroviziya tarixində ardıcıl iki qələbə qazanmış yeganə müəllif və bəstəkar olaraq qalmaqdadır.

Viki Leandros fransızca versiya ilə yanaşı, mahnını ingiliscə "Come What May", italyanca "Dopo te", almanca "Dann kamst du", ispanca "Y después", yunanca "Móno esý" (Μόνο εσύ) və yaponca "Omoide ni ikiru" (思い出に生きる) variantlarında da lentə aldırmışdır. Bu çıxış V. Leandrosun Avroviziya müsabiqəsində ikinci iştirakı olmuşdur; o, daha əvvəl — 1967-ci il müsabiqəsində "L'amour est bleu" mahnısı ilə dördüncü yeri tutmuşdur.

25 mart 1972-ci il tarixində Edinburqun "Aşer-holl" salonunda Britaniya Yayım Korporasiyasının (BBC) təşkilatçılığı ilə keçirilən və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsində Vik Leandros "Après toi" mahnısını Belçika təmsilçiləri Serj və Kristin Qisolandın "À la folie ou pas du tout" ifasından sonra və Niderland təmsilçiləri Sandra və Andresin "Als het om de liefde gaat" çıxışından əvvəl, gecənin on yeddinci ifası olaraq təqdim etmişdir. Lüksemburq təmsilçisinin çıxışı zamanı canlı orkestri Klaus Munro idarə etmişdir.

Səsvermənin yekununda mahnı 128 xal toplayaraq on səkkiz iştirakçı arasında birinci yeri tutmuş və "The New Seekers" qrupunun ifasındakı Böyük Britaniyanın "Beg, Steal or Borrow" kompozisiyasını qabaqlayaraq müsabiqənin qalibi olmuşdur. 1973-cü ildə müsabiqənin növbəti qalibi, yenə də Lüksemburqu təmsil edən Ann-Mari Davidin ifasında "Tu te reconnaîtras" mahnısı olmuşdur.

İstinadlar

Kateqoriya:1972-ci ilin mahnıları Kateqoriya:1972-ci ilin sinqlları Kateqoriya:Fransız dilində mahnılar