Kilsə və Sinaqoq və ya latın dilində Ecclesia et Synagoga — orta əsr xristian incəsənətində geniş yayılmış ikili alleqoriya. Adətən bu alleqoriya vasitəsilə, hər ikisi gənc və gözəl qadın kimi təsvir olunan iki fiqur təqdim edilir. "Ecclesia" xristianlığı, "Synagoga" isə yəhudiliyi, daha dəqiq formada, xristian baxışına görə yəhudi xalqının İsa Məsihin ilahi mahiyyətini tanımaması səbəbindən onun "mənəvi korluğunu" simvolizə edir.
Katolik Kilsəsi Məsihin sağ tərəfində yerləşdirilmiş hökmdar fiquru kimi təqdim olunur: başı dik, taclıdır və əlində skeptron və ya xaçlı bayraq dirəyi tutur. Buna qarşılıq olaraq Sinaqoq başı açıq, üzü yana çevrilmiş, saçları dağınıq və gözləri sarğı ilə örtülmüş şəkildə təsvir edilir. O, qırılmış nizə tutur və bəzən sol əlindən Qanun lövhələri və ya Tövrat tumarları sürüşüb düşmək üzrə olur.
Bu təsvir xristianlığın "əsl İsrail" kimi yəhudiliyin yerini tutduğunu və Yeni Əhdin Köhnə Əhd üzərində üstünlüyünü vurğulayan əvəzləmə teologiyasının (Supersessionizm) təkrarlanan mövzularından biridir. Antiiudaist məzmun daşıyan bu obraz IX əsrdən etibarən bütün orta əsr xristian ikonoqrafiyasında fil sümüyündən hazırlanmış kiçik heykəlciklər və kitab cildləri, miniatürlər, rəsmlər, vitrajlar və xüsusilə heykəltəraşlıq əsərləri vasitəsilə geniş yayılmışdır. Qalib Kilsə obrazı zaman keçdikcə demək olar ki, dəyişməz qalsa da, Sinaqoq obrazı getdikcə daha alçaldıcı xarakter almış və XV əsrdə artıq Şeytan obrazı ilə eyniləşdirilməyə başlamışdır.
Mövzunun mənşəyi
Etimologiya Latınca və terminləri eyni mənanı ifadə edən iki yunan sözünün – (ekklēsia) və (synagōgē) – qarşılığıdır. Hər iki söz "yığıncaq", "məclis" mənasını versə də, erkən xristianlıq dövründə onların mənası qısa müddətdə dini çalar qazanmışdır.
Avqustin Avrelinin təsiri altında və IX əsrin əvvəllərində Liber officialis "Liber officialis" əsərində Metsli Amalari tərəfindən inkişaf etdirilən bu semantik dəyişiklik, nəticədə metonimiyaya gətirib çıxarmışdır. Beləliklə, bu terminlər həm ibadət yerini, həm də orada toplaşan dini icmanı ifadə etməyə başlamışdır. Buna görə də orta əsrlərdə Ecclesia xristian Kilsəsini təmsil etdiyi halda, Synagoga İsrail xalqını və yəhudi dinini simvolizə edirdi.
Apologetik mənbələr İsrailoğullarının üzünü örtən "örtük" obrazına artıq Korinflilərə ikinci məktubda rast gəlinir:
Bu hissə, Pavel tərəfindən müdafiə olunan Yeni Əhd apologetikası və xaç teologiyası çərçivəsinə daxildir. Bununla belə, Yeremiya kitabında (31:31) əvvəlcədən xəbər verilmiş Yeni Əhd haqqında danışarkən bunu əvəzləmə teologiyası kimi qiymətləndirmək olmaz, çünki Yeni Əhd yalnız Köhnə Əhdi tamamlayır. Bununla əlaqədar olaraq Mişel Kesnel qeyd edir ki, "köhnə" kimi tərcümə olunan yunan sifəti (palaios) "qüvvədə qalmaqda davam edən əvvəlkiliyi" ifadə edir.
Bununla belə, Pavel Çıxış kitabına (34:29–35) işarə edərək dağdan enərkən üzünü örtən Musanı təsvir etdikdə, həmin örtük yalnız Məsihin Ruhunun nəfəsi ilə qaldırıla biləcək "qaranlıqlaşma simvolu" kimi təqdim olunur ki, bunun sayəsində Vəhy özünün tam açılış mərhələsinə çata bilsin. Başqa sözlə, Pavel Tövratın Məsihin təlimi işığında oxunmasını tövsiyə etdikdə, "yeni olan köhnəyə əlavə olunur, lakin onu əvəz etmir".
Yəhudilərin "korluğu" ideyası II əsrdən etibarən inkişaf etməyə başlamışdır. Bu ideya Pavelin apologetik məqsədlərinə xidmət etsə də, artıq Yustinin Trifonla dialoq əsərində ifadə olunduğu kimi, bunu əvəzləmə prinsipi əsasında həyata keçirirdi. Yustin Yaradılış kitabına istinad edərək Lavanın iki qızını xatırladır: "Böyük qızın adı Liya, kiçiyinin adı isə Rəhilə idi. Liyanın gözləri zəif idi, Rəhilə isə gözəl qamətli və gözəl çöhrəli idi" (Yar. 29:16–17). Bu ayəyə əsaslanaraq Yustin yəhudi Triyfona belə deyir: "Liya sənin xalqını və Sinaqoqu, Rəhilə isə bizim Kilsəmizi təmsil edir. Liyanın gözləri zəif idi; sənin ruhunun gözləri də zəifdir".
V əsrə aid polemik xarakterli bir əsər orta əsrlər antiyəhudi ədəbiyyatının mövzu xəttinə uzunmüddətli təsir göstərmiş kimi görünür. Söhbət uzun müddət səhvən Avqustinə aid edilmiş "Altercatio Ecclesiae et Synagogae" əsərindən gedir. Bu apologetik əsər Ecclesia və Synagoga adlı iki qadını səhnəyə çıxararaq onların Köhnə Əhddə Tanrının vədlərinə varislik uğrunda mübahisəsini təsvir edir və bu yolla yəhudiliyin legitimliyini şübhə altına almağa çalışır. Əsərin sonunda Synagoga, Ecclesia tərəfindən təhqir olunub alçaldıldıqdan və məğlub edildikdən sonra peyğəmbərlərin mesajını anlamadığını etiraf edir. Bununla belə, ikili personifikasiya artıq bu stereotiplər vasitəsilə özünü göstərsə də, sonrakı əsrlərin ikonoqrafiyasına "Altercatio" əsərinin birbaşa təsiri mübahisəli olaraq qalır. Çünki burada təsvir olunan iki qadın sonrakı təsvirlərdən fərqli olaraq müəyyən yaşda görünürlər.
Orta əsrlərdə bir çox xristian üçün taxtdan salınmış yəhudiliyin taleyi və alçaldılmış Synagoga obrazı Mərsiyələr kitabındakı aşağıdakı sözlərlə səsləşirdi: "Başımızın tacı yerə düşdü! Vay halımıza, çünki günah etdik! Ürəyimiz xəstədir, gözlərimiz qaralmışdır, çünki Sion dağı viran qalmışdır".
İkonoqrafiya
İlk təsvirlər Xristian ikonoqrafiyasında ən qədim fiqur təkbaşına və əzəmət içində təsvir olunan Ecclesiadır; bu obraz xüsusilə Çarmıxa çəkilmə və Çarmıxdan endirilmə səhnələrində rast gəlinir. Xristianlığın ilk dövrlərindən etibarən və bir neçə əsr boyunca dini incəsənət Məsihin "gəlini" olan Kilsəni taclı hökmdar qadın kimi təsvir etmişdir. Bu ikonoqrafiyada onun atributları həm Səba məlakəsinin, həm Bizans imperatriçalarının, həm də "Məryəm Kraliça" ("Maria Regina") obrazının atributlarına bənzəyir; onların ikonoqrafik xüsusiyyətləri mahiyyət etibarilə eynidir.
Ecclesia və Synagoganın ikili alleqoriyasına dair məlum olan ilk nümunə təxminən 830-cu ilə aid Droqo sakramentarisindəki miniatürdür. Karolinq incəsənəti üçün səciyyəvi olan bu əsər Mets yepiskopu Droqonun sifarişi ilə hazırlanmışdır. Burada Ecclesia artıq əlində bayraq tutan və Məsihin qanını toplamaq üçün kasa uzadan qadın fiquru kimi təsvir edilmişdir. O, tac taxmamışdır. Sağ tərəfdə isə ağsaçlı qoca kişi yəhudiliyi simvolizə edir.
Karolinq dövründən başlayaraq birinci minilliyin sonunadək Köhnə Əhd və Yeni Əhd, iki gənc qadın surətində təcəssüm etdirilərək, Mets bölgəsində hazırlanmış kitab cildlərinin fil sümüyü üzlüklərində, eləcə də müxtəlif miniatürlərdə təsvir olunurdu. Bu təsvirlər ən çox Çarmıxa çəkilmə səhnələri ilə əlaqələndirilirdi. Kilsə xaçın sağ tərəfində qalaraq onun yanında təsvir edildiyi halda, sol tərəfdə yerləşən Sinaqoq ondan uzaqlaşırdı. Bununla belə, o, bayraqlı nizəsini özü ilə aparır və bunu ləyaqət dolu bir duruşla edirdi. Hətta onun davranışı bəzən məğrur, itaətsiz və etinasız kimi təqdim olunurdu. O, sonrakı əsrlərdə, Jül İzakın "Antisemitizmin genezisi" (1956) əsərində təhlil etdiyi "alçaltma sistemi"nə uyğun olaraq səhnələşdirilən alçaldılmış və məğlub edilmiş fiqur deyildi.
Məhz Birinci səlib yürüşündən etibarən bədii normalar dövrün ruhunu və xristian Qərbinin yəhudilərə münasibətini əks etdirən əhəmiyyətli dəyişikliklərə məruz qaldı. Bu dəyişikliklər yəhudilərə qarşı təhqirlərin, qadağaların və ittihamların getdikcə artması ilə paralel inkişaf edirdi.
XII əsrdə, abbat Süqerinin sifarişi ilə hazırlanmış Sen-Deni bazilikasının "anaqoqik" vitrajında, Köhnə Əhd və Yeni Əhd eyni vaxtda təsvir edilmişdir. Əsərin əsas ideyası Yeni Qanunun qələbəsi olsa da, Məsih sağ əli ilə Kilsəyə tacını verir, sol əli ilə isə göz qapaqları açıq qalan Sinaqoqun gözlərindəki örtüyü götürür.
Rəssamlıqda Sinaqoq çox vaxt sarı paltarda təsvir edilir və bu rəngin konkret simvolik mənası vardır. Orta əsrlərdən etibarən sarı rəng Yəhuda ilə və dolayısı ilə "xain yəhudilər" anlayışı ilə əlaqələndirilən rüsvayçılıq nişanı hesab olunurdu. VII əsrdən başlayaraq "Oremus et pro perfidis Judaeis" duasında onların xristianlığa keçməsi üçün dua edilirdi. XII–XIII əsrlərdən etibarən yəhudilər məcburi qaydada sarı ruel nişanı və uclu sarı papaq taxmalı idilər.
Kilsənin qələbəsi və Sinaqoqun süqutu
Yəhudilərin Qərb cəmiyyətlərindəki mövqeyi X əsrdən, xüsusilə isə XII əsrdən sonra dəyişməyə başlamışdır. Aralıq dənizi hövzəsindən və Yaxın Şərqdən gələn yəhudilər artıq Şimali Avropada, əsasən Reyn bölgəsində, geniş icmalar təşkil edirdilər. Onların artan əhəmiyyəti əvəzləmə teologiyasının yenidən qəti şəkildə təsdiqlənməsi ilə əlaqələndirilə bilər; bu, müəyyən mənada həmin vəziyyətə verilmiş bir reaksiya kimi qiymətləndirilir.
Bundan əlavə, XII əsr intibahı dövründə yəhudi və xristian təfsirçiləri arasında əlaqələr yaranmışdır. Bunun nəticəsində xristian təfsirçiləri başa düşmüşlər ki, yəhudilik Kilsənin əvvəllər təsəvvür etdiyi kimi sadəcə bir növ kitabxana və ya arxiv deyil, canlı bir inancdır və buna görə də potensial rəqib hesab edilə bilər.
Bu dövrün xristian düşüncəsində təfsir və alleqoriyanın qarşılıqlı əlaqəsi Jilber Daan tərəfindən tədqiq edilmişdir. O qeyd edir ki, hər ikisi qarşıdurmalar üzərində qurulur. Həqiqətən də, onların ortaq cəhəti ondan ibarətdir ki, "onlar adətən bir-birinə qarşı qoyulan obrazlardan inkişaf edir və bu qarşıdurma çox vaxt birbaşa üz-üzə qoyulma formasına endirilir". Necə ki, Trifonla dialoq əsərində Rəhilə və Liya müvafiq olaraq Ecclesia və Synagoganı təcəssüm etdirirlər, eləcə də xristian tipologiyasından götürülmüş digər fiqurlar da bu qarşıdurmanı vurğulamaq funksiyasını daşıyırlar. Çünki "Sinaqoq ilə Kilsə arasındakı qarşıdurma aşağıdakı kimi bir sıra ziddiyyətlər vasitəsilə müəyyən edilir: aşağı Yerusəlim / yuxarı Yerusəlim, köləlik / azadlıq […] və buna uyğun olaraq yəhudilər / xristianlar".
Məhz bu dövrdə iki obraz arasındakı ziddiyyət daha da qabarıq şəkildə ifadə olunmağa başlayır. Taclı və qalib Kilsə obrazının qarşısında Sinaqoqun gözlərindəki sarğı və qırılmış nizəsi getdikcə daha nəzərəçarpan olur, onun süqutu isə antiyəhudiliyin güclənməsi və İsanın ölümünə görə yəhudilərin tanrıqatillikdə (deisid) ittiham edilmələri ilə paralel olaraq daha açıq şəkildə göstərilir.
Çarmıxa çəkilmə səhnələrində katolik ənənəsinə görə Məsihin mistik gəlini olan Ecclesia bir əlində Çarmıxa çəkilmiş Məsihin qanının axdığı kasanı, digər əlində isə bayrağının xaçlı dirəyini tutur. Buna simmetrik şəkildə Synagoganın ayaqları altında və ya əllərində yerləşdirilən təkə, qoç və ya keçi başı Köhnə Əhddə Yerusəlim məbədinin ibadəti üçün nəzərdə tutulmuş qurbanları xatırladır. Beləliklə, XII əsrin sonlarında Landsberqli Herrada tərəfindən tərtib edilmiş "Hortus deliciarum" əsərində Synagoga başını yana çevirmiş və aşağı əymiş vəziyyətdə itaətsiz bir uzunqulağın belində oturmuş, aşağı salınmış baş örtüyü səbəbindən kor olmuş halda təsvir edilir. O, əllərində bıçaq və dağ keçisi tutduğu halda, bayrağı yerdə sürünür. Sol tərəfdə isə Ecclesia, baxışlarını mərkəzdə yerləşən Məsihə yönəldərək, dörd İncil müəllifinin rəmzlərini — Markın aslanını, Matfeyin qanadlı insanını, Lukanın öküzünü və İohannın qartalını — özündə birləşdirən tetramorf varlığın belində təsvir olunmuşdur. 250px|thumb|right|Benvenuto Tizi — "Kilsənin Sinaqoq üzərində qələbəsi ilə Köhnə və Yeni Əhdin alleqoriyası", 1528–1531-ci illər. Ermitaj, Sankt-Peterburq. XIV əsrin əvvəllərinədək bu iki fiqur müxtəlif miniatürlərdə və fil sümüyü lövhələrində birlikdə təsvir olunmağa davam etmişdir. Lakin XIII əsrdən etibarən bu mövzu artıq əsasən əlyazma miniatürlərində deyil, monumental incəsənətdə — heykəltəraşlıqda öz ifadəsini tapmağa başlamışdır. Bundan sonra hər iki heykəl Şimali Avropadakı kafedralların və kilsələrin xarici hissələrində yerləşdirilmişdir.
Bu dövrdə iki fiqur arasında qarşılıqlı müqayisəyə əsaslanan bir kompozisiya prinsipi formalaşmışdır. Tamaşaçının baxışı bir fiqurdan digərinə keçir: əvvəl Ecclesia Synagoga ilə müqayisədə, sonra isə əksinə, portalların hər iki tərəfində bir-birinə qarşı qoyulmuş şəkildə qavranılır. Hər iki gənc qadın eyni bədən quruluşuna və eyni simaya malik olduğundan onları bir-birindən fərqləndirən yalnız duruşları və atributlarıdır.
Süquta uğramış Sinaqoq