Jak Nekker (; ) — cenevrəəsilli bankir, maliyyəçi və dövlət xadimi, XVI Lüdovikin hakimiyyəti dövründə Fransanın maliyyə naziri. İslahatçı xarakteri ilə seçilən Nekkerin tətbiq etdiyi yeniliklər bəzən böyük narazılıqlara səbəb olmuşdur. O, konstitusiyalı monarxiya tərəfdarı, siyasi iqtisadçı və moralist kimi qanun qarşısında bərabərlik prinsipini kəskin tənqid edən əsərlər yazmışdır.

Nekker maliyyə naziri vəzifəsini ilk dəfə 1777-ci ilin iyul ayı ilə 1781-ci il arasında icra etmişdir. O, 1781-ci ildə dövlət büdcəsini ictimaiyyətə açıqlayan "Compte rendu" hesabatını dərc etdirmək barədə görünməmiş bir qərar qəbul edərək geniş şöhrət qazanmışdır. Maliyyə vəziyyətinin həmişə gizli saxlanıldığı mütləq monarxiya rejimində bu addım böyük bir yenilik hesab olunurdu, lakin bu hadisədən bir neçə ay sonra Nekker vəzifəsindən kənarlaşdırılmışdır. Kral haqqında bu məlumat 1789-cu ildə Fransa inqilabının başlanması üçün siyasi və sosial şəraitin yaradılmasında mühüm rol oynamışdır. 1788-ci ilə qədər dövlət borcları üzrə faizlərin qarşısıalınmaz şəkildə artması Fransanı dərin bir maliyyə böhranı ilə üz-üzə qoymuş və Nekker yenidən kral xidmətinə çağırılmışdır. Onun 11 iyul 1789-cu ildə yenidən vəzifədən azad edilməsi Bastiliya qalasının alınmasına təkan verən amillərdən biri olmuşdur. Bu hadisədən iki gün sonra Nekker kral və məclis tərəfindən yenidən geri çağırılmışdır. Fransaya böyük təntənə ilə qayıdan Nekker vergi islahatları prosesini sürətləndirməyə çalışmışdır, lakin Müəssislər Məclisinin müqaviməti ilə qarşılaşaraq 1790-cı ilin sentyabr ayında istefa vermiş və bu gediş cəmiyyətdə ümumi bir laqeydliklə qarşılanmışdır.

Erkən illəri və karyerası Jak Nekker 30 sentyabr 1732-ci ildə Cenevrədə Karl Fridrix Nekker və Janna-Mari Qotyenin ailəsində anadan olmuşdur."Jacques Necker" in German, French and Italian in the online Historical Dictionary of Switzerland. Onun atası Prussiyanın Noymark bölgəsindəki Küstrin (hazırda Polşanın Kostşin-nad-Odron qəsəbəsi) şəhərindən olan hüquqşünas idi. Bir neçə əsər dərc etdirdikdən sonra Karl Fridrix 1725-ci ildə Cenevrə Akademiyasında ümumi hüquq professoru təyin edilmiş, daha sonra isə şəhərin İki Yüzlər Şurasında fəaliyyət göstərmişdir.Jean de Senarclens: "Necker" in German , French and Italian in the online Historical Dictionary of Switzerland. Cenevrə Akademiyasında təhsil aldıqdan sonra Neker 1748-ci ildə Parisə köçmüş və İsaak Verne ilə Piter Tellusonun bankında kargüzar kimi işə başlamışdır. Qısa müddət ərzində o, holland və ingilis dillərini öyrənməyə nail olmuşdur. Bir gün birjadakı ticarət əməliyyatlarına məsul olan baş kargüzarı əvəz edən Nekker ardıcıl əməliyyatlar sayəsində tez bir zamanda yarım milyon Fransa livri həcmində mənfəət əldə etmişdir. 1762-ci ildə Vernenin təqaüdə çıxması ilə Nekker London şöbəsini idarə edən İsaak de Tellusonun oğlu Jorj-Tobi de Telluson ilə şərik olmuş, özü isə bankın Paris üzrə rəhbər şəriki kimi fəaliyyət göstərmişdir. 1763-cü ildə, Yeddiillik müharibə başa çatmazdan əvvəl, o, Britaniya borc öhdəlikləri və ya istiqrazları, buğda və ehtimal ki, bəzi səhmlərlə uğurlu spekulyativ əməliyyatlar aparmış, növbəti bir neçə il ərzində onları yüksək mənfəətlə satmışdır. Tezliklə o, başqa bir cenevrəli olan Pyer Tellusson ilə birlikdə "Thellusson, Necker et Compagnie" bankını təsis etmişdir.Zeitgenossen. Biographieen und Charakteristiken p. 72

Nekker Fransa zabitinin gənc dulu olan madam Anna Jermena de Vermenoya aşiq olmuşdur. Xanım de Vermeno Cenevrədə Teodor Tronşini görməyə gedərkən orada yaxşı təhsil almış Süzanna Kürşo ilə tanış olmuşdur. 1764-cü ildə madam de Vermeno Tellusonun uşaqlarına dayəlik etməsi üçün qız qüvvəsi kimi madmazel Kürşonu Cenevrədən özü ilə Parisə gətirmişdir. Süzanna daha əvvəl britaniyalı tarixçi Edvard Gibbon ilə nişanlı olmuşdur, lakin Gibbon 1762-ci ildə bu nişanı pozmağa məcbur olmuşdur. Nekker öz sevgisini varlı dul qadından yazıçı təbiətli, iddialı isveçrəli dayəyə yönəltmiş və onlar 1764-cü ildə ailə həyatı qurmuşdular. 1766-cı ildə onlar Kleri küçəsinə köçmüş və burada sonradan tanınmış yazıçı və salon rəhbəri olan Jermena de Stal adlı qızları anadan olmuşdur.

Xanım Neker həyat yoldaşını dövlət vəzifəsinə düzəlməyə təşviq etmişdir. Müvafiq olaraq, Neker Fransız Ost-Hind Şirkətinin sindiki, yəni direktoru olmuşdur. 1760-cı illərdə bu şirkətin idarəçiliyi və muxtariyyəti ətrafında şirkət direktorları, səhmdarlar və kral nazirliyi arasında kəskin siyasi mübahisələr yaşanırdı. İdarəetmədə maliyyə bacarığını nümayiş etdirən Nekker 1769-cu ildə yazdığı uğurlu bir hesabatla Morelletin hücumlarına qarşı şirkətin muxtariyyətini müdafiə etmişdir,Réponse au Mémoire de M. l'Abbé Morellet, sur la Compagnie des Indes lakin şirkət fəaliyyəti boyunca heç vaxt mənfəət əldə edə bilmədiyi üçün inhisar hüququ ləğv edilmiş və azad ticarət dövrü başlamışdır. Şirkət 1769-cu ildə müflis olduqda, Neker onun gəmilərini və satılmamış mallarını satın almışdır.

Nekker 1768-ci ildən 1776-cı ilə qədər olan dövrdə Fransa hökumətinə ömürlük renta və lotereya əməliyyatları formasında kreditlər vermişdir. Həyat yoldaşının təsiri ilə o, bankdakı payından imtina etmiş, 1772-ci ildə bu payı qardaşı Lui Nekkerə və Jan Jirardoya dövr etmişdir. Nekket merkantilizmə yaxın fikirlər ifadə etmişdi. 1773-cü ildə Nekker XIV Lüdovikin naziri Jan-Batist Kolberin şərəfinə tərif şəklində tərtib etdiyi dövlət korporatizminin müdafiəsinə dair əsəri ilə Fransa Akademiyasının mükafatını qazanmışdır. Onun kapitalı altı-səkkiz milyon livrə çatmış və o, Bulon qəsrindən yay iqamətgahı kimi istifadə etmişdir. 1775-ci ildə dərc etdirdiyi taxıl qanunvericiliyi və ticarətinə dair traktatında Ferdinando Qaliani kimi fiziokratları tənqid etmiş və maliyyə baş nəzarətçisi Ann Rober Jak Türqonun müdaxilə etməmə siyasətini sorğulamışdır. Türqo çoxlu düşmən qazandığı üçün 1776-cı ilin mayında vəzifəsindən azad edilmiş, onun xələfi Klunyi de Nuis isə elə həmin ilin oktyabrında vəfat etmişdir. Bunun ardınca, 22 oktyabr 1776-cı ildə Morepanın tövsiyəsi ilə Nekker Kral Xəzinəsinin direktoru təyin edilmişdir. Protestant olduğu üçün Nekker baş nəzarətçi (nazir) vəzifəsini rəsmən tuta bilmirdi. Qardaşı onun rezident vəzifəsini öz üzərinə götürmüşdür.

Fransanın maliyyə naziri Qızı Jermena de Stalın "Cənab Nekkerin şəxsi həyatı" adlı əsərində qeyd etdiyinə görə, Jak Nekker 29 iyun 1777-ci ildə kral xəzinəsinə baş direktor təyin edilmişdir. Onun protestant olması maliyyə baş nəzarətçisi (nazir) vəzifəsini tutmasını qeyri-mümkün edirdi. Nekker maaş almaqdan imtina etmişdir, lakin o, Kral Şurasına üzv qəbul edilməmişdir. Nekker can vergisi və adambaşına düşən vergiləri daha ədalətli bölüşdürməyə çalışaraq, əlavə dəyər vergisi növü olan sənaye vergisini ləğv edərək və təminat qarşılığında borc pul verən xüsusi lombard tipli müəssisələr yaradaraq dövlət maliyyəsini nizamlamaqla böyük populyarlıq qazanmışdır. Nekker təqaüdlərin kəsilməsi, təhkimçilik hüququnun bəzi növlərinin ləğvi, həmçinin daha ədalətli vergitutma kimi ehtiyatlı islahatlar vasitəsilə nizamsız dövlət büdcəsini bərpa etməyə cəhd göstərmişdir. O, beş yüzdən çox gəlirli, lakin icrası tələb olunmayan fəxri vəzifəni və artıq ştatları ləğv etmişdir. Həyat yoldaşı ilə birlikdə xəstəxanalara və həbsxanalara baş çəkmiş, oradakı şəraitin yaxşılaşdırılmasına nail olmuşdur. 1778-ci ilin aprelində Nekker öz şəxsi sərvətindən kral xəzinəsinə 2.4 milyon livr vəsait köçürmüşdür. Lombardlar təşkil etməklə kasıblar aşağı faizlə pul borc ala bilirdilər. Türqodan fərqli olaraq, Nekker əyalət məclisləri yaratmağa çalışmış və bu məclislərin Köhnə rejimin islahatında təsirli bir vasitə olacağına ümid bəsləmişdir, lakin o, bu layihəsini yalnız Berri və Yuxarı Giyendə reallaşdıra bilmiş və burada "Üçüncü təbəqə"dən bərabər sayda üzvün daxil olduğu məclislər təsis etmişdir.Sur l'administration de M. Necker, p. 365

Onun ən böyük maliyyə tədbirləri vergiləri artırmaq əvəzinə, yüksək faiz dərəcələrindən və Fransa borcunu maliyyələşdirmək üçün kreditlərdən istifadə etməsi olmuşdur. Dolayı vergilərin toplanması 1780-ci ildə yenidən iltizamçılara həvalə edilmişdir, lakin Nekker onların sayını üçdə bir qədər azaltmış, fəaliyyətlərini daha ciddi təftiş və nəzarətə tabe etmişdir. Nekker Türqonun qənaət islahatlarına qayıtmışdı, buna görə sarayı və imtiyazlı təbəqələri özünə qarşı çevirmişdi. 1780-ci ilin sentyabrında Nekker öz istefasını xahiş etmişdir, lakin kral onu vəzifəsindən azad etməkdən imtina etmişdir.

Krala hesabat

1781-ci ilə qədər Fransa maliyyə çətinlikləri ilə üzləşmiş və kral xəzinəsinin baş direktoru kimi Nekker ABŞ İstiqlaliyyət müharibəsi səbəbindən yaranan kifayət qədər yüksək dövlət borcuna görə ittiham olunmuşdur.Taylor, George. Review of Jacques Necker: Reform Statesman of the Ancien Regime, by Robert D. Harris. Journal of Economic History 40, no. 4 (1980): 877–879. Nekkerin əleyhinə onu tənqid edən bir sıra broşürlər dərc edilmişdir. Jak-Matye Ojard Nekkerin xarici mənşəyini, inancını və iqtisadi seçimlərini kəskin tənqid atəşinə tutmuşdur. Bu tənqidlərin əsas səbəbi Nekkerin maliyyə qeydlərini saxtalaşdırması və ya hesabatları manipulyasiya etməsi ittihamı idi. O, hərbi xərcləri və digər "fövqəladə" xərcləri, yəni kralın şəxsi əyləncə xərclərini hesabatdan çıxararaq və dövlət borclarını nəzərə almayaraq ümumi mənzərəni olduğundan daha müsbət göstərmişdir. Həm Nekker, həm də Kalon təqaüdlərin və mükafatların sayı barədə yanlış məlumatlandırılmışdılar. Kral öz qardaşlarına səhiyyə sahəsindən qat-qat çox vəsait xərcləyirdi. Nekker illik hesabatını XVI Lüdovikə təqdim etdikdən sonra, kral bu hesabatın məzmununu gizli saxlamağa çalışmışdır. Nekker bu addıma aqressiv cavab verərək kraldan onu Kral Şurasına daxil etməsini tələb etmişdir. İstəyi rədd edildikdə o, qisas olaraq "Compte rendu au roi" hesabatını ictimaiyyətə açıqlamış və qısa müddət ərzində bu sənədin 200,000 nüsxəsi satılmışdır. Əsər sürətlə holland, alman, Danimarka, italyan və ingilis dillərinə tərcümə edilmişdir.

Ona ani şöhrət qazandıran bu ən nüfuzlu əsərində Nekker dövlət gəlirlərini və xərclərini ümumiləşdirərək kral maliyyəsinin ictimaiyyətə açıqlanan ilk rəsmi qeydiyyatını təqdim etmişdir. Bu hesabat xalq üçün maarifləndirici bir xarakter daşıyırdı və Nekker orada dövlət işlərindən xəbərdar olan, proseslərlə maraqlanan bir cəmiyyət yaratmaq arzusunu ifadə etmişdir. Əvvəllər xalq dövlət gəlirləri və xərclərini öz işi hesab etməmişdir, lakin bu hesabat onları daha təşəbbüskar etmişdir.

Baş verənlər Morepanın qısqanclığına səbəb olmuş, Şarl Qravye Verjen isə Nekkeri inqilabçı adlandırmışdır. Nekker Kral Şurasında yer almaqla yanaşı, ona tam nazir titulu və səlahiyyəti verilməyəcəyi təqdirdə istefa verəcəyini bəyan etmişdir. Həm Morepa, həm də Verjen bu tələb yerinə yetiriləcəyi təqdirdə özlərinin istefa verəcəklərini bildirmişdilər. Nekker 19 may 1781-ci ildə vəzifəsindən azad edildikdə, cəmiyyətin bütün təbəqələrindən olan insanlar onun Sent-Uendəki evinə axışmışdır. 1781-ci ilin avqustunda madam Nekker Türqonun adı altında həyat yoldaşına qarşı dərc edilmiş təhqiramiz yazıları satın almaq üçün Utrextə qədər getmiş və hətta bu kitabları satanların həbs olunmasına çalışmışdır. Bəzi mənbələr Nekker və qardaşının hər il 8 milyon livr pensiya aldığını iddia edirlər, lakin bu rəqəm o qədər də etibarlı deyil, çünki bu o deməkdir ki, onlar kralın qardaşlarına xərclədiyi qədər pul almışdılar. Fransa marksist tarixçisi Alber Sobul bu barədə daha ətraflı məlumat vermişdir.