"Tuğ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndi və ətraf ərazilərində yerləşən tarix, memarlıq, arxeologiya və təbiət abidələrinin mühafizəsi məqsədilə yaradılmış dövlət qoruğudur. Qoruq Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 16 iyun 2023-cü ildə yaradılmışdır.
Tarixi Tuğ kəndi Qarabağ dağ silsiləsinin ətəyində yerləşən qədim yaşayış məntəqələrindən biridir. Kənd Azərbaycan və dünya tarixində mühüm yer tutan Azıx və Tağlar paleolit düşərgələrinin yaxınlığında yerləşir. Ərazidə erkən orta əsrlərə aid bir neçə alban məbədi, yaşayış tikililəri, bulaqlar və qəbir abidələri qorunub saxlanılmışdır.
Tuğ kəndi tarixən Qarabağın elm və mədəniyyət mərkəzlərindən biri hesab edilmişdir. Burada XIX əsrdə fəaliyyət göstərmiş və Azərbaycanın ilk müasir tipli məktəblərindən biri sayılan Tuğ kənd məktəbi fəaliyyət göstərmişdir. Məktəbin yaradıcısı və banisi yazıçı və tarixçi Mir Mehdi Xəzani olmuşdur. O, Qarabağ tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyan "Kitabi-tarixi-Qarabağ" əsərinin müəllifidir.
Tuğ kəndi 30–31 oktyabr 1992-ci il tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Qarabağ memarlıq məktəbinə məxsus memarlıq irsinin qorunması, eləcə də ərazinin mədəni turizm məkanına çevrilməsi məqsədilə 2023-cü ildə "Tuğ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılmışdır.
Coğrafiyası Tuğ kəndi Qarabağın aran hissəsindən dağlıq zonasına keçid ərazisində yerləşir. Coğrafi mövqeyi və zəngin təbii landşaftı səbəbindən kənd Qarabağın mühüm turizm istiqamətlərindən biri hesab olunur. Ərazi həm tarixi-mədəni irsi, həm də təbii-ekoloji resursları ilə seçilir.
Mədəni irsi Qoruq ərazisində erkən orta əsrlərdən son orta əsrlərə qədər müxtəlif dövrlərə aid çoxsaylı tarix və memarlıq abidələri mövcuddur. Bunlara alban məbədləri, qədim yaşayış evləri, malikanələr, bulaqlar, körpülər və qəbirüstü abidələr daxildir.
Müqəddəs İohan məbədi Müqəddəs İohan məbədi Tuğ kəndində yerləşən üç qədim xristian məbədindən ən qədimi hesab olunur. Abidə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Məbədin həyətində daşoyma sənətinin nümunələri olan sənduqə tipli qəbir daşları yerləşir. Qəbir daşlarının üzərində orta əsr Qarabağının etnoqrafik xüsusiyyətlərini əks etdirən təsvirlər həkk edilmişdir.
Ktişvəng monastır kompleksi Ktişvəng monastır kompleksi orta əsrlərdə Qarabağın mühüm dini və mədəni mərkəzlərindən biri olmuşdur. Monastır ilkin dövrlərdə Arranşahların nəzarətində olmuş, VIII əsrdən etibarən isə Dizaq hakimləri tərəfindən himayə edilmişdir. XIII əsrdə kompleks genişləndirilərək Qafqazın tanınmış monastır mərkəzlərindən birinə çevrilmişdir. Kompleksin divarlarında yerləşən kitabələr bölgənin orta əsrlər tarixi haqqında mühüm məlumatlar verir. Mənbələrdə monastırın adı Ktiş, Qtiç və Qtiçavəng kimi də qeyd olunur.
Arxeoloji abidələr
Azıx mağarası Azıx mağarası Tuğ kəndindən təxminən 5 km məsafədə yerləşən dünya əhəmiyyətli arxeoloji abidədir. Mağarada 1968-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı qədim insana aid 350–400 min il əvvələ aid edilən alt çənə sümüyü aşkar edilmişdir. Bu tapıntı Azərbaycanın qədim insan məskənlərindən biri olduğunu sübut edən mühüm elmi faktlardan hesab olunur.
Tağlar mağarası Tağlar mağarası Tuğ kəndindən təxminən 2 km məsafədə yerləşir. Mustye mədəniyyətinə aid mağara-düşərgə Qafqazda həmin dövrün öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dünya əhəmiyyətli arxeoloji abidə hesab olunan mağara Azıx mağarasına nisbətən daha əlverişli və əlçatan mövqedə yerləşir.
Memarlıq abidələri
Tağlı körpü Tağlı körpü XVIII əsrdə Quruçay üzərində inşa edilmiş yerli əhəmiyyətli memarlıq abidəsidir. Körpü Tuğ kəndini Azıx və Tağlar mağaraları, eləcə də ətraf yaşayış məntəqələri ilə birləşdirən tarixi yol üzərində yerləşir. Memarlıq xüsusiyyətlərinə görə Qarabağ bölgəsində orta əsrlərdə tikilmiş digər tağlı körpülərlə oxşarlıq təşkil edir. Körpü sel və daşqınlardan qorunmaq məqsədilə çay yatağından yüksəkdə tikilmişdir.
Şərabçılıq ənənələri Tuğ kəndi Qarabağın ənənəvi şərabçılıq mərkəzlərindən biri kimi tanınır. XX əsrin 60–80-ci illərində kənddə iri istehsal gücünə malik şərabçılıq müəssisələri fəaliyyət göstərmişdir.
2020-ci ildə kənd işğaldan azad edildikdən sonra Qarabağın məşhur üzüm sortlarından olan "Xindoqnı" sortunun bərpasına başlanılmışdır. 2023-cü ildə bu üzüm sortundan hazırlanmış şərab Şamaxıda keçirilən yerli şərab festivalında təqdim edilmişdir.
Gələcəkdə Tuğ kəndində şərab zavodunun və onun ətrafında turizm-infrastruktur kompleksinin yaradılması nəzərdə tutulur. Layihə bölgədə tarixən mövcud olmuş şərabçılıq ənənələrinin qorunması və təbliği məqsədi daşıyır.
Bərpa və yenidənqurma İşğaldan azad olunduqdan sonra Tuğ kəndində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. 2023-cü ildə kənddə ilk yaşayış və inzibati binaların təməli qoyulmuşdur. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etmişlər. Bərpa layihələri kəndin tarixi-mədəni irsinin qorunması, əhalinin geri qayıdışının təmin olunması və turizm potensialının inkişaf etdirilməsi məqsədini daşıyır.
Həmçinin bax Tuğ Azıx mağarası Tağlar mağarası Ktişvəng monastırı
İstinadlar
Kateqoriya:Azərbaycan qoruqları Kateqoriya:Xocavənd rayonu Kateqoriya:Qarabağ Kateqoriya:Azərbaycandakı arxeoloji abidələr