Afət Musaqızı Abbasova (13 avqust, Gəncə şəhəri) — Azərbaycanlı elm xadimi. Filologiya elmləri doktoru, professor. Azərbaycan Dövlət İqtisad Universitetinin xarici dillər kafedrasının müdiri (2001–2023), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru (2024-cü ildən).
Həyatı və Fəaliyyəti Afət Abbasova Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra Azərbaycan Dillər Universitetinin aspiranturasında təhsil almışdır. Dissertasiya işini vaxtından əvvəl müdafiə edərək universitetin Ölkəşünaslıq kafedrasında baş müəllim vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini, 2010-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.
1993–2005-ci illərdə Azərbaycan Dillər Universitetinin Ölkəşünaslıq kafedrasında dosent vəzifəsində çalışmışdır. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Xarici dillər-2" kafedrasının müdiri olmuş, sonradan Xarici dillər kafedrasına rəhbərlik etmiş və 2023-cü ilin avqust ayınadək həmin vəzifədə çalışmışdır. 2024-cü ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktorudur.
1999-cu ildən Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyasının (AZETA), 2002-ci ildən Azərbaycan Qadınlar Klubunun (IWC), 2003-cü ildən Amerika Adlar Cəmiyyətinin (ANS), 2009-cu ildən isə Avropa Yetkinlərin Təhsili Tədqiqatları Cəmiyyətinin (ESREA) üzvüdür. 2003–2012-ci illərdə İngilis Dilinin Xarici Dil kimi Tədrisi üzrə Beynəlxalq Assosiasiyanın (IATEFL), 2005–2014-cü illərdə Beynəlxalq Onomastik Elmlər Konqresinin (ICOS) üzvü olmuş, 2016-cı ildən CİS-in üzvüdür.
60-dan çox elmi məqalənin, 2 monoqrafiyanın, həmçinin 4 dərslik və dərs vəsaitinin müəllifidir.
Təltifləri Təhsil sahəsindəki xidmətlərinə görə "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Mənbələr
Kateqoriya:Filologiya elmləri doktorları