Jan-Batist-Jozef Qobel (; ) — Fransa dini xadimi, Parisin katolik yepiskopu.

Həyatı Jan-Batist-Jozef Qobel 1 sentyabr 1727-ci il tarixində Elzasın Tan şəhərində, vergi yığıcısının ailəsində anadan olmuşdur. Kolmarda yezuit kollecini, daha sonra isə Romada ilahiyyatı öyrəndiyi "Collegium Germanicum"u bitirmiş və 1743-cü ildə buradan məzun olmuşdur.

1750-ci ildə keşiş rütbəsi almış, 1771-ci ildə isə köməkçi yepiskop (auksiliar) təyin edilmişdir. 1782-ci ildə "gəlirlərindən artıq xərclərlə yaşadığına" görə vəzifəsindən kənarlaşdırılmış, bundan sonra isə Reformasiya ideyaları ilə maraqlanmağa başlamışdır.

1789-cu ildə Qobel Belfor ruhaniləri tərəfindən Baş Ştatlara deputat seçilmiş və burada konstitusiya ideyalarını o dərəcədə mənimsəmişdir ki, ruhanilərin yeni təşkilatlanma forması tətbiq edilərkən bunu dəstəkləmiş və Paris yepiskopu vəzifəsini qəbul etmişdir. 27 mart 1791-ci il tarixində başda Şarl Moris de Taleyran-Periqor olmaqla səkkiz yepiskop onu Paris kafedrasına ucaltmışdır, lakin Roma Papası Qobeli yepiskop kimi tanımamışdır. De-yure bu vəzifəni Antuan Eleonor Leon Lekler de Jüinye icra etməyə davam etmişdir. Onun istefası papa tərəfindən yalnız 1802-ci ildə, yəni konkordat imzalandıqdan sonra qəbul olunmuşdur.

Yepiskop Qobel antiklerikal baxışlarını açıq şəkildə nümayiş etdirməyə meylli olmuşdur. 1793-cü ildə o, öz yeparxiyasının 14 vikari ilə birlikdə ruhani rütbəsindən imtina etmiş, bununla da sanki xristianlıqdan uzaqlaşdığını bəyan etmişdir. Bu hadisədən sonra Paris kafedrası 1802-ci ilə qədər de-fakto vakant qalmışdır. O, ifrat solçu yakobinçilər olan eberistlərin tərəfdarı və ateist hesab edilirdi. Bu xüsusiyyətinə görə Maksimilyen Robespyer üçün soldan gələn bir təhlükə kimi qəbul olunurdu. Səlahiyyətlərini yerə qoyduqdan qısa müddət sonra yepiskop Qobel Jak-Rene Eber və Pyer Qaspar Şomett ilə birlikdə həbs edilmiş və 13 aprel 1794-cü il tarixində Paris şəhərində gilyotinlə edam olunmuşdur.

İstinadlar

Kateqoriya:Fransanın din xadimləri Kateqoriya:Paris yepiskopları Kateqoriya:Fransız Roma Katolik keşişləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri