Əbu Abdillah Əbdürrəhman ibn Qasım ibn Xalid əl-Utəqi əl-Misri (; ) — Malik ibn Ənəsin tələbələrindən, fəqih.

Həyatı İbn əl-Qasım hicri 128-ci (746) ildə Fələstinin Rəmlə şəhərində anadan olmuşdur. Onun hicri 131 (749), 132 və 133-cü illərdə doğulduğunu bildirən rəvayətlər də mövcuddur.

O, Zübeyd ibn Haris əl-Utaqinin mövlası (azad edilmiş qulu və himayəsində olan şəxs) olmuşdur.

Onub ailəsi Rəmlədən köçərək Qahirədə məskunlaşmış və o, burada Əbu Yəhya Əbdürrəhim ibn Xalid əl-Cüməhi, Əbu Xalid Tuleyb ibn Kamil əl-Ləhmi və Əbu Əmr Səd ibn Abdullah əl-Məafiri kimi alimlərdən dərslər almışdır. O, Malik ibn Ənəsin görüşlərini əvvəlcə bu müəllimləri vasitəsilə öyrənmiş, sonra isə Mədinəyə gedərək Malikin tələbəsi olmuşdur.

İbn əl-Qasım həmçinin, Leys ibn Səd, Süfyan ibn Uyeynə, İbn Əbu Həzim, Nafi ibn Əbdürrəhman və başqalarından da elm öyrənmişdir.

Hədis alimləri Xətib, İbn Həcər və Əbu Zura onun etibarlı (siqa) ravi olduğunu bildirmişlər. Buxari "Səhih"ində ona aid bir rəvayətə, Əbu Davudun "əl-Mərasil" əsərində və Nəsainin "əs-Sünən" kitabında isə müxtəlif rəvayətlərinə yer verilmişdir.

Ondan oğlu Musa, Əsbəğ ibn Fərəc, Səhnun, İsa ibn Dinar, qardaşı Əbdürrəhman ibn Dinar əl-Qurtubi, Əbu Məhəmməd ibn Əbdülhəkəm, Əbu Abdullah ibn Əbdülhəkəm, İbnül-Məvvaz və başqaları hədis və fiqh elmlərini öyrənmişlər.

İbn əl-Qasım hicri 191-ci ilin Səfər ayının 9-da (25 dekabr 806-cı il) Qahirədə vəfat etmişdir O, Qarafə qəbiristanlığında dəfn olunmuşdur. Onun hicri 192-ci ildə vəfat etdiyini bildirən rəvayət də vardır.

İstinadlar

Kateqoriya:VIII əsr ərəbləri