Niderlandlı Marianna (; ) — I Niderland kralı I Vilhelmin qızı.

1810-cu ildə Berlində dünyaya gəldi. Atası Oran şahzadəsi Şahzadə Vilhelm, anası isə Prussiya kralı II Fridrix Vilhelmin qızı Şahzadə Vilhelminadır. Yaşca böyük 2 qardaşı vardı və ailənin yeganə qız övladı idi. Belə ki, özündən öncə doğulan bacısı Paulina hələ 6 yaşında vəfat etmişdi. Adını isə dayısı Şahzadə Vilhelmin xanımı Şahzadə Mariya Annadan almışdır. Doğulduğu əsnada ailəsi Sileziyayda sürgündə idi. 31 mayda vəftiz edildi və böyük qardaşı Şahzadə Frederik onun xaç atalarından biri oldu. Mükəmməl saray təlim-tərbiyəsi aldı.

1813-cü ildə Leypsiq döyüşündə Napoleon Bonapart məğlub edildi və qələbənin ardından atası Oran mülkü üzərindəki hüquqlarını bərpa etdi. Beləcə, çox keçmədən Şahzadə Marianna və anası Hollandiyaya qayıtdı.

1828-ci ildə sabiq İsveç kralı IV Qustavın oğluyla nişanlandı. Cütlük bir-birini sevsə də, devrilmiş kralın oğluyla nişanlanması yeni İsveç kralı XIV Karl İohannla olan münasibətləri pisləşdirdi. Beləcə, nişan 1829-cu ildə ləğv edildi. 14 sentyabr 1830-cu ildə dayısı olan Prussiya kralı III Fridrix Vilhelmin oğlu Şahzadə Albertlə Haaqada evləndi. Berlində fərqli kral mülklərində yaşayan cütlüyün bu nigahdan 5 övladı doğulsa da, bunlardan ikisi yetkinlik yaşına çatmadı.

Şahzadə Şarlotta Ölü doğulan bir oğlan uşağı (4 dekabr 1832) Şahzadə Albert Şahzadə Yelizaveta (avqust 1840 - oktyabr 1840) Şahzadə Aleksandrina

Ancaq çox keçmədən cütlüyün münasibətləri pisləşdi. Həssas, qatı dindar və incəsənətə meyilli olan Şahzadə Marianna ərinin sərt və hərbi disiplinlə keçən həyat tərzinə uyğunlaşa bilmədi. Digər yandan ərinin məşuqələriylə vaxt keçirməsinə göz yumdu. Ancaq öz nədimələrindən Rozalina von Rauşun da bu məşuqələr sırasında girməsinin ardından 1845-ci ildə ərini tərk etdi və Hollandiyanın cənubundakı sakit Vurburq qəsəbəsinə çəkildi. Boşanmaq istəsə də, nə Prussiya, nə də Niderland sarayı bu istəyi qəbul etmədi. Beləcə, Avropanın fərqli şəhərlərini gəzməyə başladı və 1848-ci ilədək əriylə uzlaşmağa çalışdı.

7 mart 1848-ci ildə Vurburqdakı Rustof mülkünü satın aldı və uzun müddətdir ki, eşq yaşadığı xidmətçisi İohann van Rossumla burada açıq şəkildə yaşamağa başladı. Üstəlik, Şahzadə Mariannanın hamilə olduğunu elan etməsi siyasi skandala səbəb oldu və nəhayət, cütlüyün boşanma istəyi 28 mart 1849-cu ildə rəsmi şəkildə qəbul edildi. Həmin ilin oktyabrında Şahzadə Marianna məşuqundan İohann Vilhelm von Reynharthaus adını verdiyi bir oğul övladı dünyaya gətirdi. Bu hadisənin ardından Niderland və Berlin hökuməti onunla bütün əlaqələrini kəsdi. Üstəlik Prussiya torpaqlarında gəlməsi qadağan olundu. Evliliyindən doğulan övladlarının baxımı isə Prussiya kraliçası Yelizavetaya həvalə edildi. 1851-ci ildə məşuqu və ondan doğulan oğluyla birlikdə Romada məskunlaşdı. Skandalın böyüməsinin digər səbəbi isə məşuqu İohann van Rossumun evli olması idi və xanımının 1861-ci ildə ölümüylə cütlük daha rahat həyat yaşadılar. Digər tərəfdən övladlarıyla əlaqəni heç vaxt itirmədi. Niderlanddakı mülklərində övladlarıyla tez-tez görüşdü. Şəxsi gəlirləriylə Prussiyada satın aldığı mülkləri övladlarına hədiyyə etdi və onlara külli miqdarda miras buraxdı.

1873-cü ildə məşuqunun ölümünün ardından dəfn yeri məsələsi müzakirəyə açıldı. Ərinin sadə bir kəndli məzarlığına dəfn edilməsinə mane ola bilmədi. Beləcə, özünün və oğlunun da vəfatının ardından məşuqu İohann van Rossumun yanına dəfn edilməsini vəsiyyət etdi. 29 may 1883-cü ildə vəfat etdi və cənazəsi məşuqunun yanına dəfn olundu.

Mənbə

Ədəbiyyat

2nd edition; N° 3404.

İstinadlar Kateqoriya:İncəsənət kolleksiyaçıları Kateqoriya:Hohensollernlər Kateqoriya:Almaniya bəstəkarları Kateqoriya:Qadın bəstəkarlar