Sant Mat ( — "müqəddəslərin yolu" və ya "həqiqət yolu") — XIII əsrdə Hindistan yarımadasının şimal hissəsində meydana gəlmiş orta əsrlər qnostik, monoteist, mistik, ezoterik və dualist xarakterli bhakti dini hərəkatı. Santlar eqalitar (bərabərlikçi) baxışlara sahib idilər, Hindistanın kasta sisteminin gətirdiyi bərabərsizliklərə, eləcə də hinduistlər və müsəlmanlar arasında kəskin fərqlərin qoyulmasına qarşı çıxırdılar. Bu təlimin digər adı "Surat-şabd-yoqa" və ya Daxili işıq və səs yoqasıdır.

Santları əsasən iki qrupa bölmək olar: Pəncab, Racasthan və Uttar-Pradeş regionlarından olan və öz mənəvi fikirlərini ifadə etmək üçün hindi (brac) dilindən istifadə edən şimal qrupu və ana dili marathi olan cənub qrupu (Namdev və digər Maharaştra santları nümayəndələridir). Hərəkatın mənəvi banisi və ən mühüm siması Kəbir, əsas fəlsəfi mətni isə "Anuraq Saqar" hesab olunur. Təlimin ən tanınmış nümayəndələri Namdev, Sant Kəbir, Ravidas, Quru Nanak, Mirabay, Quru Anqad, Surdas, Quru Amar Das, Quru Ram Das, Dadu Dayal, Quru Arcan Dev, Tulsidas, Quru Har Qobind, Tukaram, Quru Har Ray, Quru Har Krişan, Quru Teqh Bahadur, Quru Qobind Sinqh, Sant Ratnaqar Raoci, Sant Tulsi Sahib, Svamici Maharaj, Baba Caymal Sinqh, Baba Savan Sinqh, Sant Kirpal Sinqh, Sant Thakar Sinqh və Sant Balcit Sinqhdir.

Etimologiyası Hərfi tərcümədə "Sant Mat" "müqəddəslərin təlimi", "həqiqət yolu" və ya "doğru yol" mənasını verir. "Sant" termini sanskrit mənşəli "sat" () sözündən törəmişdir və "həqiqi", "real", "dürüst", "doğru" kimi müxtəlif mənalara sahibdir. Sözün kök mənası "həqiqəti dərk etmiş" və ya "ali reallığa qovuşmuş" şəxs deməkdir. Vaxt keçdikcə "sant" sözü ümumi mənada " xeyirxah, fəzilətli insan" anlayışını qazansa da, əsasən orta əsrlər Hindistanının şair-müqəddəslərinə aid edilir.

Tarixi və əsas xüsusiyyətləri Santların baxışları və onların sosial-dini münasibətləri, min illər əvvəl "Bhaqavat Gita"da təsvir olunduğu kimi, bhakti (Allaha sevgi dolu bağlılıq) prinsiplərinə əsaslanırdı. Sant Mat hərəkatı tamamilə monolit və eynitipli deyildi. Onun müxtəlif qolları və müəllimləri həm bir-birləri ilə, həm də qarşı çıxdıqları ənənələrlə müəyyən müştərək adətləri bölüşürdülər. Santlar konkret və sərt qaydaları olan bir dini təriqətdən ziyadə, ümumi mənəvi köklərə malik olan müxtəlif mənəvi şəxsiyyətlər ittifaqı idi.

Sant Mat hərəkatında sektant sərhədləri yox idi və o, brahmanların kast sistemini, həmçinin rəsmi ibadət rituallarını qəbul etmirdi. Şair-santlar öz şeirlərini yerli dillərdə yazır, sadə xalqa hindi və marathi dillərində müraciət edirdilər. Onlar "Müqəddəs Adın" (Nama) xilasedici gücündən bəhs edir və mənası olmayan dini ritualları rədd edirdilər. Santlar əsl dinin insanın "qəlbində yaşayan" Allaha təslim olmaq ideyasını təbliğ edirdilər. Sant Mat ənənəsində həmçinin yaşayan mənəvi müəllimin — "Satquru" (kamil müəllim) adlandırılan şəxsin rəhbərliyini qəbul etməyin vacibliyi vurğulanırdı.

Şimali Hindistan santlarının Kəbir və Ravidasın da daxil olduğu ilk nəsli XV əsrin ortalarında Varanasi regionunda meydana çıxmışdır. Onlardan əvvəl isə XIII və XIV əsrlərdə yaşamış iki mühüm tarixi şəxsiyyət — Namdev və Ramananda var idi. Sant Mat ənənəsinə görə, Ramananda vaişnava-ramait cərəyanına mənsub bir asket (zahid) olmuş və Kəbirə, Ravidasa və digər santlara mənəvi inisiasiya (pənah) vermişdir. Ramanandanın həyatı ilə əlaqədar digər fərqli versiyalar onun ardıcılları (ramanandi rahibləri), digər santlar və daha sonralar siqxlər tərəfindən irəli sürülmüşdür. Onun həyatı haqqında qəbul edilən ən ümumi fakt budur ki, Ramananda bütün kastaların nümayəndələrini şagirdliyə qəbul edirdi və buna görə də ortodoks hinduist brahmanlar tərəfindən kəskin tənqid olunurdu. Ramanandanın tələbələri santların ilk nəslini formalaşdırmışdırlar. Bəzi şair-santların öz dini məktəblərini yaratmasına baxmayaraq, santların paramparası (mənəvi silsiləsi) əsrlər boyu yaşamağa davam etmişdir.

Formal olaraq, Sant Mat yolunu hinduistlərin yalnız kiçik bir qismi tam şəkildə izləyirdi, lakin bu ənənə bir çox müxtəlif dini cərəyanların və hərəkatların ardıcıllarına güclü təsir göstərmişdir. Mirabay kimi santların bəstələdiyi bajanlar (mənəvi mahnılar) bu gün də Hindistanda və ölkə xaricindəki hinduist icmalarında çox populyardır. Orta əsrlər və müasir Hindistanda Sant Mat ənənəsi, hinduistlər və müsəlmanlar arasındakı maneələri müvəffəqiyyətlə dəf edə bilən yeganə mənəvi hərəkat hesab olunur. Tədqiqatçı Culius Lipnerin fikrincə, santların dini təlimi bir çox hinduistin mənəvi və sosial həyatına "azadlıq gətirən" bir təsir göstərmişdir.

Əlaqəli cərəyanlar Klassik qnostiklər, Şəms Təbrizi, Cəlaləddin Rumi və Hafiz Şirazi kimi orta əsrlər sufi şairləri, eləcə də Sind mütəfəkkirlərinin yaradıcılığı ilə şair-santların təlimləri arasında bir çox oxşar cəhətlərin olduğu qəbul edilir. Şimali Hindistanda fəaliyyət göstərən "Radhasvami" cərəyanı özünü santlar ənənəsinin və onların təlimlərinin müasir dövrdəki əsas davamçısı hesab edir. Eyni iddianı "Kəbirpanth" cərəyanının ardıcılları, siqxlər və digər bəzi mənəvi hərəkatlar da irəli sürürlər.

Müasir Sant Mat hərəkatına, həmçinin Ustad Sant Balcit Sinqin rəhbərlik etdiyi "Ustadlar Yolu" () təşkilatı, Pyer Franko Marçenaro (Sant Kirpal Sinqin xələfi) və Ustad Çinq Hay (Sant Thakar Sinqin xələfi) daxildir. Bundan əlavə, Baba Savan Sinqin tələbələrindən biri olan Mastana Cinin qolu da bu silsiləyə aid edilir. Quru Maharaj-ci (Prem Ravat) tərəfindən yaradılmış "İlahi nur missiyası" () bəzi dinşünaslar tərəfindən Sant Mat hərəkatının müasir davamçısı kimi qiymətləndirilir. Digər bir müasir hərəkat olan "Ekankar" da çox vaxt Sant Matın qollarından biri hesab olunur. Tədqiqatçı Ceyms Lyuis bu cür hərəkatları "qədim inancın yeni kontekstdə ifadəsi" adlandırır.

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Barthwal, Pitambar Dutt. The Nirguna School of Hindi Poetry: an exposition of Santa mysticism, Banāras: Indian Book Shop, 1936. Bokser Caravella, Miriam. The Holy Name, Beās: Radha Soami Satsang Beas, 2003. Bokser Caravella, Miriam. Mystic Heart of Judaism, Beās: Radha Soami Satsang Beas, 2011. Davidson, John (1995). The Gospel of Jesus, Shaftesbury, Dorset: Element, 1995. Davidson, John. The Robe of Glory: An Ancient Parable of the Soul, Element, 1992. Gold, Daniel (1987). The Lord as Guru: Hindi Sants in North Indian Tradition, New York: Oxford University Press, 1987. Ināyat Khān. The Mysticism of Music, Sound and Word, Delhi: Motilal Banarsidass, 1988. Juergensmeyer, Mark (1991). Radhasoami Reality: The Logic of a Modern Faith, Princeton, New Jersey: Princeton University Press. Kirpal Singh. Naam or Word. Blaine, Washington: Ruhani Satsang Books.

RSSB. Surat Shabad Yog or Radhasoami . Maleki, Farida. Shams-e Tabrizi: Rumi's Perfect Teacher, New Delhi: Science of the Soul Research Centre, 2011. Puri, Lekh Rāj, Mysticism: The Spiritual Path, Beās: Radha Soami Satsang Beas, 1964, 2009. Schomer, Karine & William Hewat McLeod, eds (1987). The Sants: Studies in a Devotional Tradition of India, Delhi: Motilal Banarsidass, 1987. Academic papers from a 1978 Berkeley conference on the Sants organised by the Graduate Theological Union and the University of California Center for South Asia Studies. A Treasury of Mystic Terms, New Delhi: Science of the Soul Research Centre. Baba Jaigurudev Dera Sach Khand Ballan Kateqoriya:Bhakti hərəkatı Kateqoriya:Hinduizm anlayışları Kateqoriya:Meditasiya Kateqoriya:Mistika Kateqoriya:Sant Mat