Süni intellektlə dəstəklənən proqram təminatının hazırlanması () — proqram təminatının hazırlanması prosesinin süni intellekt (SI) vasitəsilə dəstəklənməsi. Bu yanaşmada böyük dil modelləri (LLM), AI agentləri və digər süni intellekt texnologiyalarından proqramçılara kömək etmək məqsədilə istifadə olunur. Süni intellekt proqram təminatının hazırlanması həyat dövrünün müxtəlif mərhələlərində — mənbə kodunun yaradılması, sazlama, redaktə, testləşdirmə, istifadəçi interfeysinin (UI) hazırlanması, kodun başa düşülməsi və sənədləşdirilməsi kimi işlərdə tətbiq edilir. Agent əsaslı proqramlaşdırma () isə proqram təminatının hazırlanması üçün AI agentlərindən istifadəni ifadə edir.
Texnologiyalar
Mənbə kodunun yaradılması Mənbə kodu korpusları üzərində öyrədilmiş və ya əlavə təlim keçmiş böyük dil modelləri təbii dildə verilmiş təsvirlər, şərhlər və ya sənədləşdirmə sətirləri (docstring) əsasında proqram kodu yarada bilir. Kod yaradan sistemlər üzrə tədqiqatlarda nəticələr adətən yalnız sintaktik düzgünlüyə görə deyil, həm də yaradılmış proqramın avtomatlaşdırılmış testlərdən uğurla keçməsi kimi funksional düzgünlüyə əsasən qiymətləndirilir. Bu cür imkanlar çox vaxt inteqrasiya olunmuş inkişaf mühitinin (IDE) daxili funksiyası və ya genişlənməsi kimi təqdim olunur.
İntuisiya ilə proqramlaşdırma İntuisiya ilə proqramlaşdırma () – proqram təminatı tərtibatçısının layihəni və ya tapşırığı böyük dil modelinə sorğu şəklində təsvir etdiyi və kodun süni intellekt vasitəsilə avtomatik olaraq yazıldığı bir proqram təminatı hazırlama təcrübəsidir. İntuisiya ilə proqramlaşdırma, süni intellekt tərəfindən yaradılan kodu dərindən və ətraflı şəkildə nəzərdən keçirmədən qəbul etməyi, bunun əvəzinə əldə olunan nəticələrə və dəyişiklikləri yönləndirmək üçün növbəti sorğulara güvənməyi nəzərdə tuta bilər.
Bu termin 2025-ci ilin fevral ayında OpenAI-ın həmtəsisçisi və Tesla-nın keçmiş süni intellekt rəhbəri, kompüter mütəxəssisi Andrey Karpatı tərəfindən irəli sürülmüşdür. "Merriam-Webster" lüğəti 2025-ci ilin mart ayında bu termini "slenq və trend" ifadə kimi siyahıya daxil etmişdir. Termin, həmçinin "Collins English Dictionary" tərəfindən 2025-ci ildə "İlin Sözü" seçilmişdir.
İntuisiya ilə proqramlaşdırma tərəfdarları bildirirlər ki, bu üsul hətta həvəskar proqramçılara belə, proqram mühəndisliyi üçün tələb olunan geniş hazırlıq və bacarıqlara sahib olmadan proqram təminatı yaratmağa imkan verir. Tənqidçilər isə cavabdehliyin, sistemin saxlanılma qabiliyyətinin olmamasına və nəticədə yaranan proqram təminatında təhlükəsizlik boşluqlarının yaranma riskinin artmasına diqqət çəkirlər.
Ağıllı kod tamamlama Əvvəlcədən öyrədilmiş və əlavə təlim keçmiş böyük dil modellərindən istifadə edən AI agentləri kontekstə əsasən kodu proqnozlaşdıraraq avtomatik tamamlama təklifləri verə bilir. Husein, Aburajouh və Catal tərəfindən 2025-ci ildə Computer Standards & Interfaces jurnalında dərc olunmuş sistematik ədəbiyyat icmalına görə, "LLM-lər müxtəlif proqramlaşdırma dilləri və kontekstlərində kod tamamlama performansını əhəmiyyətli dərəcədə artırır və onların kontekst və qismən daxil edilmiş kod əsasında uyğun kod parçalarını proqnozlaşdırmaq qabiliyyəti proqramçıların məhsuldarlığını nəzərəçarpacaq dərəcədə yüksəldir".
Testləşdirmə, sazlama, kodun nəzərdən keçirilməsi və analizi Süni intellektdən avtomatik test nümunələrinin yaradılması, potensial proqram xətalarının və təhlükəsizlik zəifliklərinin aşkar edilməsi, eləcə də onların aradan qaldırılması üçün tövsiyələrin verilməsi məqsədilə istifadə olunur. Bundan əlavə, AI statik proqram analizi apararaq performansın yaxşılaşdırılması ilə bağlı təkliflər də verə bilər.
Məhdudiyyətlər
Süni intellekt tərəfindən yaradılmış kodun müəlliflik hüququ və həmin kod üçün məsuliyyət məsələləri hələ də mübahisəlidir.
Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsinin hesabatına görə, təcrübəli proqramçıların ciddi nəzarəti olmadan AI əsaslı kod köməkçilərindən istifadə həm kiçik, həm də ciddi təhlükəsizlik zəifliklərinin yaranmasına səbəb ola bilər. Buna görə məhsuldarlıq artımı əlavə keyfiyyətə nəzarət və təhlükəsizlik yoxlamalarının yaratdığı xərclərlə müqayisədə qiymətləndirilməlidir.
Deloitte şirkətinin məlumatına görə, AI vasitəsilə hazırlanmış proqram kodu avtomatlaşdırılmış testlər, statik analiz alətləri və insan tərəfindən aparılan yoxlamaların birgə tətbiqi ilə təsdiqlənməlidir. Bu yanaşma proqram təminatının keyfiyyətini və məsuliyyətliliyini artıran idarəetmə mexanizmi yaradır.
Həmçinin bax İnteqrasiya olunmuş inkişaf mühiti İnteqrasiya olunmuş inkişaf mühitlərinin müqayisəsi Süni intellektlə dəstəklənən proqram təminatı hazırlama alətlərinin siyahısı İnteqrasiya olunmuş inkişaf mühitlərinin siyahısı Maşın öyrənməsi Kodsuz inkişaf platforması
İstinadlar
Xarici keçidlər
"Coding After Coders: The End of Computer Programming as We Know It". "In the era of A.I. agents, many Silicon Valley programmers are now barely programming. Instead, what they’re doing is deeply, deeply weird." By Clive Thompson (journalist), New York Times, March 12, 2026
Kateqoriya:Süni intellekt Kateqoriya:Proqram təminatı tərtibatı