Əbu Bəkr Məhəmməd ibn əl-Həsən ibn Furək əl-İsfahani ən-Nisaburi (; ) — Əbül-Həsən əl-Əşarinin fikirlərini sistemləşdirən əşəri alimi.

Həyatı Təxminən hicri 330-cu (941) ildə İsfahanda anadan olduğu ehtimal edilir. Ailəsi haqqında məlumat yoxdur. Yalnız babası Furəkin din alimi olduğu məlumdur. Bəzi mənbələrdə adı İbn Fəvrək kimi qeyd edilsə də, düzgün oxunuşun kimi İbn Furək qəbul edilir.

Təhsilinə İsfahanda başladı. Şafii fiqhini öyrəndiyi müəlliminə etiqadi məsələlərlə bağlı verdiyi bəzi suallara qaneedici cavab ala bilmədiyi üçün kəlam elmini öyrənməyə başladı. Bu məqsədlə əvvəl Bağdada, sonra isə Bəsrəyə getdi. Burada Əbül-Həsən əl-Əşərinin tələbələrindən olan Əbül-Həsən əl-Bəhilidən kəlam dərsləri aldı, həmçinin Baqillani və Əbu İshaq əl-İsfərayini ilə kəlam mövzularında elmi müzakirələr apardı. Əşərinin digər tələbəsi İbn Mücahid ət-Taidən də dərs aldı.

Bəsrədən yenidən Bağdada qayıdan İbn Furək bir müddət təhsilini burada davam etdirdikdən sonra, ehtimal ki, hicri 360-cı (970) il ətrafında İsfahana qayıtdı. İsfahanda Sahib ibn Əbbadla keçirdiyi elmi mübahisələrdə Əhli-sünnənin görüşlərini uğurla müdafiə etdi.

Rey şəhərində iştirak etdiyi elmi məclislərdə mötəziləni tənqid etdiyinə görə bölgənin əmirinə şikayət edildi, işgəncəyə məruz qaldıqdan sonra Şiraza sürgün olundu. Burada sufilərdən İbn Həfif əş-Şirazı ilə tanış oldu və tənha həyat sürməyi düşündüsə də, sonradan bu fikrindən daşınaraq tələbə yetişdirməyə qərar verdi. Dövrün hökmdarına müraciət edilərək onun Nişapura gəlməsi təmin edildi (368/978).

Nişapurda bir tərəfdən Abdullah ibn Cəfərdən Əbu Davud ət-Təyalisinin "əl-Müsnəd" əsərini tədris etdi, İbn Hərrəz əl-Əhvazidən hədis dinlədi, Əbu Osman əl-Məğribi və Əbu Səhl əs-Sulukinin söhbətlərində iştirak etdi. Digər tərəfdən isə bölgənin məşhur sufilərindən Əbül-Həsən əl-Buşəncinin xanəgahının yanında onun üçün tikilmiş mədrəsədə uzun illər islam elmlərini tədris etdi və yüzlərlə tələbə yetişdirdi. Kürəkəni Əbu Mənsur əl-Əyyubi, məşhur sufi Əbdülkərim əl-Quşeyri və Əhməd ibn Hüseyn əl-Beyhəqi onun yetişdirdiyi tanınmış alimlərdəndir.

Həlim Sabit Şibay Baqillani də İbn Furəkin tələbələri sırasında göstərsə də, bu ehtimal zəif sayılır. Çünki Baqillaninin İbn Furəkin tələbəsi deyil, onunla eyni dövrdə dərs alan yoldaşı olduğu məlumdur.

İbn Furək ehtimal ki, hicri 404-cü (1013) ildə Mahmud Qəznəvinin dəvəti ilə Qəznəyə getdi. Onun sarayında bölgədə geniş yayılmış kərramiyyə firqəsinin qabaqcıl nümayəndələri ilə keçirdiyi mübahisələrdə böyük üstünlük qazandı. Lakin məğlubiyyəti qəbul edə bilməyən kərramilər onu sultana şikayət edərək iddia etdilər ki, o, ruhu "ərəz" hesab edir və insan öldükdə ruhun da yox olduğunu qəbul etdiyinə görə, guya Məhəmmədin ruhunun da vəfatı ilə birlikdə yox olduğunu, bunun nəticəsində peyğəmbərliyinin sona çatdığını söyləyir.

Sultanın hüzuruna gətirilən İbn Furək bunun böhtan olduğunu bildirdi. Bundan sonra azad edildi, mükafatlandırıldı və vətəninə qayıtmasına icazə verildi. Bir rəvayətə görə isə İbn Furək Nişapura qayıdarkən kərramilər tərəfindən zəhərləndi və yolda vəfat etdi. Cənazəsi Nişapura aparıldı və Hirə qəbiristanlığında dəfn olundu.

Əsərləri Mənbələrin bildirdiyinə görə, İbn Furək təxminən 120 əsər qələmə almışdır. Onun dövrümüzə qədər gəlib çatan əsərlərindən bəziləri bunlardır:

Mücərrədü Məqalətiş-Şeyx Əbil-Həsən əl-Əşari. Müşkilül-hədis və bəyanüh. Təfsirül-Quran.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Hədis alimləri Kateqoriya:Sünni imamları