Əbül-Hüseyn Məhəmməd ibn Məhəmməd ibn əl-Hüseyn əl-Bağdadi (; ) — hənbəli fəqihi və bioqraf.

Həyatı O, hicri 451-ci ildə (1059) Bağdadda anadan olmuşdur. O, çoxlu elm adamı yetişdirmiş bir ailədən idi. Atası, hənbəli məzhəbində ictihad dərəcəsinə çatmış tanınmış alim və qazı Əbu Yalə əl-Fərradır. Kiçik qardaşının adı Məhəmməd idi və o da "İbn Əbu Yalə" kimi tanınırdı. Lakin qardaşı "Əbu Həzim" künyəsi ilə tanındığından (v. 1133) bəzi müəlliflər bu iki qardaşı bir-biri ilə qarışdırmışlar.

İbn Əbu Yalə ilk təhsilini dövrünün hənbəlilərinin lideri sayılan atası və ana tərəfdən babası Cabir ibn Yasinin yanında almışdır. Lakin atası o hələ kiçik yaşda ikən vəfat etdiyindən ondan fiqh elmini tam şəkildə öyrənmək imkanı əldə edə bilməmişdir. Əbu Bəkr əl-Xəyyatdan qiraət dərsləri almış, onun yanında hicri 464 (1072) və 465-ci (1073) illərdə Quranı Nafi qiraəti ilə iki dəfə tam oxuyaraq xətm etmişdir. Hicri 465–470 (1073–1078) illəri arasında Şərif Əbu Cəfər Əbdülxaliq ibn İsa əl-Haşimidən fiqh və fiqh üsulu dərsləri almışdır. Həmçinin Xətib əl-Bağdadi, Məhəmməd ibn Vəşşah əz-Zeynəbi, Əbu Əli ibn əl-Bənna əl-Bağdadi, Əbu Məhəmməd Rizqullah ibn Əbdülvəhhab ət-Təmimi, Əbu Cəfər ibn Müslimə, Əbu Bəkr əl-Xəyyat, Əbül-Müzəffər Hənnad ən-Nəsəfi və başqa alimlərdən hədis dinləmişdir.

O, xüsusilə fiqh sahəsində dərin biliyə malik idi. Hədis elmində etibarlı ravi hesab olunan İbn Əbu Yalə mənsub olduğu hənbəli məzhəbinə olduqca sadiq idi, hətta bu bağlılıq bəzən təəssüb dərəcəsinə çatırdı. O, sünnəyə zidd hesab etdiyi fikirlərə qarşı heç bir güzəşt etmirdi. Bu səbəbdən əşərilərlə müxtəlif elmi mübahisələr aparmış və onlara qarşı sərt mübarizə aparmışdır. Mənbələrdə ona "qazı" deyə müraciət olunsa da, harada qazılıq etdiyi göstərilmir. Lakin məlumdur ki, o, qardaşı Əbu Həzimlə birlikdə baş qazı Əbül-Həsən ibn əd-Daməğaninin yanında şahidlik (notariat işi) vəzifəsini icra etmişdir.

İbn Əbu Yalənin fiqh sahəsində yetişdirdiyi tələbələr arasında Əbül-İzz Əbdülmuğis ibn Züheyr əl-Hərbi, Əbdülqadir Geylani, vəzir Əbül-Müzəffər ibn Hübeyrə və qardaşı oğlu, Vasit şəhərinin qazısı Əbu Yalə əs-Səğir kimi tanınmış alimlər olmuşdur. Ondan hədis rəvayət edənlər arasında isə İbn əl-Həşşab əl-Bağdadi, Əbül-Həsən Əli ibn Məhəmməd əz-Zeytuni, Cüneyd ibn Yəqub əl-Cili, Əbül-Əla əl-Həmədani, Bətaihi, Əbu Məhəmməd əl-Mübarək ibn Əli ət-Təbbah, İbn əl-Hərif, Əbdülkərim ibn Məhəmməd əs-Səmani, Əbu Tahir əs-Siləfi və hafiz Əbül-Qasım İbn Əsakirin adları çəkilir. Bundan başqa, Əbu Musa əl-Mədini və İbn Küleyb də ondan icazətnamə yolu ilə hədis rəvayət etmişlər.

İbn Əbu Yalə Bağdadın Bəbül-Məratib məhəlləsindəki evində yaşayırdı. Hicri 526-cı ilin 10 Məhərrəm gecəsi (dekabr 1131) gecə vaxtı otağına oğurluq məqsədilə girən xidmətçiləri tərəfindən öldürülmüşdür. Daha sonra Bağdaddakı Bəbül-Hərb qəbiristanlığında atasının yanında dəfn edilmişdir.

Əsərləri Təbəqətül-Hənəbilə (və ya "Təbəqətül-əshab", "Təbəqətül-Hənbəliyyə"). Kitabüt-Tamam limə səhha fir-rivayəteyn vəs-səlas vəl-ərbə ənil-İmam vəl-muxtar minəl-vəcheyn ən əshabihil-əraninil-kiram. Əl-Məsailülləti-xələfə aleyhə Əhməd. Əl-İtiqad.

İbn Əbu Yalənin mənbələrdə adı keçən digər əsərləri də vardır.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Hənbəlilər Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:XI əsr ərəbləri Kateqoriya:XI əsr tarixçiləri Kateqoriya:XII əsr tarixçiləri