Kommunist Akademiyası () — Oktyabr inqilabından sonra Moskvada təsis edilmiş, marksizmi və sosial elmləri elmi-tədqiqat sferasında inkişaf etdirmək məqsədi daşıyan ali təhsil və tədqiqat müəssisəsi.

Tarixi Akademiya 25 iyun 1918-ci ildə ÜMİK-in qərarı ilə Sosial Elmlər Sosialist Akademiyası adı altında yaradılmışdır. 15 aprel 1919-cu ildə təşkilatın adı qısaldılaraq Sosialist Akademiyası adlandırılmışdır.

1920-ci illərdə akademiya hüquq, fəlsəfə və iqtisadiyyat sahələrində geniş tədqiqat işləri aparmış, xüsusilə Yevgeni Paşukanisin rəhbərliyi altında marksist hüquq nəzəriyyəsinin formalaşmasında mühüm rola malik olmuşdur. 17 aprel 1924-cü ildə təşkilatın adı rəsmi olaraq Kommunist Akademiyası olaraq dəyişdirilmişdir. 26 noyabr 1926-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsi tərəfindən akademiyanın yeni nizamnaməsi təsdiq edilmişdir. 1929-cu ilin dekabrında Leninqrad şəhərində akademiyanın şöbəsi fəaliyyətə başlamışdır.

SSRİ-də elmi müəssisələrin mərkəzləşdirilməsi siyasəti çərçivəsində 8 fevral 1936-cı ildə SSRİ MİK və Xalq Komissarları Şurasının müştərək qərarı ilə Kommunist Akademiyası ləğv edilmiş, onun tərkibindəki institutlar və resurslar SSRİ Elmlər Akademiyasına birləşdirilmişdir.

Struktur və fəaliyyəti Kommunist Akademiyasının tərkibinə fəlsəfə, tarix, ədəbiyyat, incəsənət və dil, hüquq, dünya iqtisadiyyatı və dünya siyasəti, aqrar tədqiqatlar və təbiət elmləri üzrə institutlar daxil idi. Akademiyada həmçinin aşağıdakı Elmi Tədqiqat İnstitutları (ETİ) fəaliyyət göstərirdi: Marksizm-Leninizm İnstitutu; Fəlsəfə İnstitutu; Tarix İnstitutu; Sovet Quruculuğu və Hüquq İnstitutu; Dünya İqtisadiyyatı və Dünya Siyasəti İnstitutu.

Akademiya 1922, 1924 və 1935-ci illərdə "Kommunist Akademiyasının Xəbərləri" () adlı elmi jurnal nəşr etmişdir.

Rəhbərlik Akademiya Rəyasət Heyəti tərəfindən idarə olunurdu. Müxtəlif illərdə akademiyanın rəhbərliyində və fəal üzvləri sırasında aşağıdakı tanınmış xadimlər yer almışdır: Mixail Nikolayeviç Pokrovski (1918–1932-ci illərdə akademiyanın prezidenti); Nikolay İvanoviç Buxarin; Anatoli Vasilyeviç Lunaçarski; David Borisoviç Ryazanov; Yevgeni Bronislavoviç Paşukanis.

İstinadlar

Ədəbiyyat siyahısı

Kateqoriya:1918-ci ildə yaradılmış təhsil müəssisələri Kateqoriya:1936-cı ildə ləğv olunan təşkilatlar Kateqoriya:SSRİ ali təhsil müəssisələri Kateqoriya:SSRİ akademiyaları Kateqoriya:SSRİ tarixi Kateqoriya:SSRİ-də tədqiqat Kateqoriya:Rusiyanın tədqiqat və inkişaf institutları Kateqoriya:SSRİ-də təhsil Kateqoriya:Kommunist təşkilatlar