Sabir Yaqub oğlu Xammədov () — Azərbaycan-sovet dövlət və partiya xadimi, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Azərbaycan Kommunist Partiyası Puşkin (Biləsuvar) Rayon Komitəsinin birinci katibi (1990–1991), Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı (1991–1995).
Həyatı Sabir Yaqub oğlu Xammədov 19 may 1949-cu ildə hazırkı Biləsuvar rayonunda anadan olmuşdur. Səməd Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.
1971–1979-cu illərdə Puşkin rayonunda M. Əzizbəyov adına kolxozun heyvandarlıq fermasında baytar işləmişdir. 1979–1980-ci illərdə Puşkin Rayon Kənd Təsərrüfatı İdarəsinin baş baytarı olmuşdur. 1980–1990-cı illərdə Puşkin Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışmışdır.
5 yanvar 1990-cı ildə Azərbaycan Kommunist Partiyasının Puşkin (Biləsuvar) Rayon Komitəsinin birinci katibi seçilmiş və partiyanın fəaliyyətinə xitam verilənədək bu vəzifədə çalışaraq rayona rəhbərlik etmişdir.
Sabir Xammədov 1 noyabr 1991-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş və 18 iyul 1992-ci ildə başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilmişdir. Sabir Xammədovun rəhbərliyi dövründə rayonda pambıq emalı zavodu, tikiş sexi, düyüçülüyün inkişafı üçün nasos stansiyaları və İranla sərhəddə gömrük məntəqəsi açılmışdır.
1999-cu ildən Biləsuvar şəhər bələdiyyəsi sədrinin müavini, daha sonra isə bələdiyyənin sədri olmuşdur.
Sabir Xammədov 1990-cı ildə Azərbaycan Kommunist Partiyasının XXXII qurultayının nümayəndəsi seçilmiş, 1990–1991-ci illərdə Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. 30 sentyabr 1990-cı ildə Puşkin rayonunun 278 saylı Kirov seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı seçilmiş, Ali Sovetin Xalq təhsili, elm və elmi-texniki tərəqqi komissiyasının üzvü olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Puşkin Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Biləsuvar Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri